Prezident İlham Əliyev iyulun 15-də hökumətin birinci yarımilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasını keçirib. O, iclasda xarici və daxili siyasət məsələləri üzrə mövqeyini təsvir edib.
“Turan” İnformasiya Agentliyinin Analitik Xidməti dövlət başçısının çıxışını təhlil edib.
Analizdə qeyd olunur ki, prezidentin nitqinin təhlili, o cümlədən kontekstdən götürülmüş tezislər, arqumentlər və nümunələr göstərir ki, ilin əvvəlində başlamış iqtisadi böhran prezidentin 2003-cü ildə birinci dəfə dövlət başçısı seçildiyi andan etibarən həyata keçirdiyi xətlə bağlı mövqeyini dəyişməyib.
ötən yarım il ərzində prezident İlham Əliyev Yaxın Şərqdə müharibələrin, Avropa və MDB-də böhranların əhatəsində Azərbaycanı sabitlik adası kimi görməyə davam edib.
Prezidentin sözlərindən belə aydın olur ki, o, Azərbaycanın Avropa məkanına inteqrasiyası prosesini maksimum uzatmaq kursunu davam etdirəcək: “Biz heç yerə inteqrasiya etmirik. İnteqrasiya etdiklərimiz kifayətdir. Lazım olsa, başqa birliklərə də daxil olarıq, amma bərabərhüquqlu tərəfdaş kimi, layiqli ölkə kimi”.
İ.Əliyevin çıxışlarından belə bir nəticə çıxır ki, o, ləngiyən Avrointeqrasiya siyasəti həyata keçirəcək. Demokratik Avropanın ünvanına tənqidlərə baxmayaraq, prezident İlham Əliyev münasibətləri məhdudlaşdırmağı planlaşdırmır və gələcək aylarda əməkdaşlığın yeni mexanizmini, formatını və konsepsiyasını hazırlamaq zərurəti haqqında danışır.
İ. Əliyev assosiativ üzvlük haqqında sazişi Azərbaycana göstərişlər verən qəbuledilməz birtərəfli əməkdaşlıq adlandırıb. Əliyevin fikrincə, yeni əməkdaşlıq sənədi – bu, tərəfdaşlıq və ya strateji tərəfdaşlıq haqqında müqavilə ola bilər – Avropada iqtisadi və əxlaqi böhrandan narahat olan Azərbaycanın milli maraqlarını və dəyərlərini nəzərə almalıdır.
İqtisadi sahədə islahat ümidləri də qeyri-müəyyən müddət üçün təxirə salınıb.
Dövlət başçısının çıxışından aydın olub ki, əvvəlki kimi biznesin dövlət tərəfindən ciddi şəkildə tənzimlənməsinə önəm veriləcək. Bu iclasda İ.Əliyev artıq aviabiletlərin, dərmanların, otel otaqlarının və s. qiymətlərinin ucuzlaşdırılması haqqında göstəriş verib. O, növbəti dəfə ildən-ilə çoxalan biznes subyektlərinin əsassız yoxlanmasının yolverilməz olduğu haqqında göstərişini yenidən vurğulayıb.
Prezidentin nitqinin giriş və yekun hissələri və hökumət üzvlərinin kənar baxışları göstərir ki, İlham Əliyev əvvəlki kimi anın tələblərini nəzərə alaraq hərəkət edəcək, miniböhranların və çağırışların lokallaşdırılması üzrə qərarlar qəbul edəcək, amma istər xarici, istər daxili siyasətdə strateji qərarlar qəbul etməyəcək.
Hər iki sahə yaxın gələcək üçün noyabrda keçiriləcək parlament seçkiləri ilə əlaqəli olacaq. Bu seçkilərin hazırlanması və keçirilməsi prezidentin gündəliyini müəyyən edəcək.
Strateq.az