XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2015 - 23:16

İlham Rəhimovdan İlyas İsmayılova mesaj: “Barışığa doğru xoş addım atmağa hazıram”
“Xural” qəzetinin və eyniadlı saytın baş redaktoru Əvəz Zeynallı Azərbaycanda Rusiya prezidenti Vladimir Putinin dostu kimi məşhur olan tanınmış iş adamı və alim – hüquq elmləri doktoru, professor İlham Rəhimovdan geniş müsahibə götürüb.
Strateq.az Xural.com-a istinadən, həmin müsahibəni təqdim edir:
***
O, hər zaman Azərbaycan mətbuatının gündəmində olub. Haqqında olur-olmadıq şeylər yazılıb. Zamanında “Xural” olaraq da onu ən çox tənqid edənlərdən olmuşuq. Ancaq heç bir zaman azad mətbuata, müstəqil mediaya qarşı qırmızı xətti keçməyib. Söz azadlığına diqqətli yanaşıb. Hətta ən ağır zamanlarımızda – şərlənib içəri atılanda hamıdan, ələlxüsus da ondan – İlham Rəhimovdan zərbə gözləyərkən, bizə dostluq əli uzadıb. Əlindən gələni edəcəyini bildirib. Bəlkə də edib, amma bu, çox unikal və maraqlı hadisədir. Məmləkətdə dost deyib qulluğunda durduqların, ürək qızdırıb böyük bildiklərin bir çoxları üzünə durmaq üçün fürsət gözləyərkən, zamanında incitdiyimiz və haqqında yazdığımız, tənqid etdiyimiz bir adam bu qaranlığın içində bizə əl uzadırdı. Biz təbii ki, mənəvi planda o əli sıxdıq. Qiymətləndirdik. Tanrı, beynəlxalq və yerli hüquq müdafiəçiləri və Azərbaycan prezidenti azadlığı qismət etdilər və biz bizə əl uzadan o adamla müsahibəyə getdik.
Biz hər zaman müsahibəni canlı-canlı götürmüşük. Amma İlham Rəhimovla bu, alınmadı. Suallar yazılı olaraq cavablandırıldı. Halbuki bütün suallar ayrı-ayrı mövzulara həm də keçid idi. Ona görə də müsahibədə bəzən elə qənaət yarana bilər ki, biz mövzunu davam etdirməmişik.
İlham Rəhimovla o zamanın tənqidi yazılar mövzusuna da toxunduq və onun da maraqlı yanaşması oldu: “Hamısı ona görədir ki, məni yaxşı tanımırsınız. Mənim öz prinsipim var: kimsə təhqir etsə, cavabını alar, amma kimsə haqqımda xoşuma gəlməyən nəsə yazsa, bununla barışa bilərəm. Sizi heç vaxt düşmənim saymamışam, hərçənd Siz jurnalistsiniz.”
İlham Rəhimovla çox şeydən danışdıq. Bəzi suallarımıza ümumiyyətlə, cavab verməsə də, əsasən, verdiyimiz bütün sualları cavablandırdı. Onunla ilk sevgisindən tutmuş dostluğa bəslədiyi münasibətə, həyat yollarındakı çətinlikdən tutmuş “oliqarx” adının verdiyi əsəbə qədər danışdıq.
Buyurun, oxuyun…
– Uşaqlıq xəyallarınız və arzularınız nələr idi?
– Hər şey ondan asılıdır ki, uşaqlıq nə vaxt başlayır, nə vaxt bitir, bu barədə konkret resept yoxdur. Təbii ki, uşaqlıq çağında hansısa arzularım olub. Düzünə qalsa, onları yaxşı xatırlamıram. Arzularım haradasa 8-ci sinifdə az-çox dəqiq xarakter aldı. ümumiyyətlə, mən tez böyüdüm, yəni başqa cür desək, zaman elə gətirdi ki, birgə oxuduğum və ya ünsiyyətdə olduğum yoldaşlarımdan, sanki tez uşaqlıq yaşından çıxdım. Həyatımda gözlənilməz hadisələr, problemlər yaşandı. O zaman kənddə ata baba və nənəmin himayəsində böyüdüm, onların tərbiyəsini gördüm. Bu baxımdan, demək olar ki, uşaqlıq dövrüm müqayisəli götürəndə standart keçməyib. Dördüncü sinfə qədər Azərbaycan məktəbində oxudum, atam Bərdə rayonunda işləyəndə məni rus məktəbinə keçirdilər. Əvvəl çətin idi, amma analığım rus dili və ədəbiyyatı müəlliməsi olduğu üçün bu çətinliklərin öhdəsindən gələ bildim. Artıq orta məktəbi bitirəndə gələcəkdə kim olamaq istədiyimi bilirdim. ümumiyyətlə, mən orta məktəbdə oxuyanda humanitar fənlərə daha çox meylli idim. Ona görə qərara alındı ki, hüquq fakültəsinə daxil olum. Amma Bakıda bu mümkün olmadı. çünki o vaxt müəyyən kateqoriyalı qulluqçuların (atam o zaman ticarət sahəsində məsul vəzifədə işləyirdi) uşaqları bu fakültəyə daxil ola bilməzdi. Ona görə, əslən Leninqraddan olan analığımın təşəbbüsü ilə bu tarixi şəhərə yollandım.
Beləliklə, Tovuzun Cilovdarlı kəndindən olan uşaq Jdanov adına Leninqrad Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olundu. Yeri gəlmişkən, orada oxumaya da bilərdim. Vaxtaşırı qəbul komissiyasına gedirdim ki, müsabiqənin necə olduğunu öyrənim. Sən demə, bu fakültəyə qəbula gələnlər hamısından çox imiş. Təbii ki, həyəcanlandım və sənədlərimi daha az iddiaçı olan fəlsəfə fakültəsinə verdim. Bu, günün birinci yarısında baş verdi. Amma nəsə məni narahat edirdi. Günün sonuna yaxın yenidən universitetə qayıtdım. Sənəd qəbulunun son günü idi. Birdən sanki hansısa səs mənə dedi: “Get, sənədlərini götür və yenidən hüquq fakültəsinə ver.” Bu səs məni sevindirdi, hiss etdim ki, kimsə mənə məsləhət verir. çünki həmin vaxt yanımda yaxın adamlarımdan heç kəs yox idi. çox çətinliklə sənədləri götürüb yenidən hüquq fakültəsinə verdim. Yəqin ki, taleyimə belə yazılıbmış.
– İlk sevgiyə inanırsınızmı?
– Gələcək həyat yoldaşımla (o, 2002-ci ildə dünyasını dəyişib) bir sinifdə oxuyurduq. O, Bakıda ali tibbi təhsil alıb, mənsə dediyim kimi, Leninqradda oxudum. Bizim münasibətlərimizi hələ məktəbdə oxuyanda çoxları bilirdi.
– Hansı hadisə ömrünüzün axarını dəyişdirdi?
– Həyat yoldaşımın vəfatı.
– Xüsusi həssaslıqla xatırladığınız müəlliminiz varmı? Hansı müəlliminiz ömrünüzə böyük hərflərlə yazılıb?
– 2012-ci ildə dərc edilən “Cinayətkarlıq və cəza” kitabımı müəllimim və rəhbərim, tanınmış sover-rus alimi, gözəl insan Belyayev Nikolay Aleksandroviçin əziz xatirəsinə belə bir yazı ilə həsr etmişəm: “Uşaqların tərbiyəsinə görə borclu olduğu müəllimlər valideyndən hörmətlidir: biri bizə yalnız həyat, o birilər isə gözəl həyat bəxş edir” (Aristotel).
– Nə xoşunuza gəlmir? Hansı hadisələr var ki, qarşılaşmaq istəməzsiniz?
– Yaxınlarımdan kiminsə mənə ağrı-acı yaşatması xoşuma gəlmir. çox istədiyim və hörmət etdiyim birisini tez-tez yoluxmaqla bezdirmək xoşuma gəlmir. Qabaqcadan nəyə görəsə kədərlənmək, hələ olmayan şeyə görə sevinmək xoşuma gəlmir. özünü tərifləmək, lakin səhvlərimizi və çatışmazlıqlarımızı görməmək xoşuma gəlmir. Bu, bizə irəli getməyə imkan vermir. Bunlar xoşuma gəlməyənlərin yalnız kiçik bir hissəsidir.
– Hansı adamları sevmirsiniz?
– Nə vaxtsa yardım edən adamları unudanları. Müəllimini tez unudan şagirdə hörmət etmirəm. Anasını unudan evli oğula nifrət edirəm. çıxılmaz vəziyyətdən çıxaran adama minnətdar olmayana qarşı laqeydəm. Ən başlıcası, yaltaq, sırtıq, tez-tez mövqe dəyişən adamları görmək istəmirəm. Ancaq ən çox nə vaxtsa rus filosofu İ.A.İlyinin bəhs etdiyi adamlara yazığım gəlir: “Elə adamlar var ki, yaxşı nəsə görən kimi orada pis bir şey tapırlar. Onlar heç vaxt tərifləmir, yaxud tərifə “amma” sözü ilə başlayırlar.” Bu xüsusiyyət xəstə, yaxud aclıq hiss edən adamlara xa
sdır. Şəxsiyyətə əzab verən tərbiyə; həyatda sevincinin az olması; bu səbəblərdən inkişaf edən yüksək xudbinlik və şöhrətpərəstlik – hamısı burada rol oynayır. Ancaq bu adamlar öz vəziyyətlərində bədbəxtdilər. Təmənnasız hörmətin sevinci onlar üçün əlçatmazdır. özünü fəda etmək onlar üçün əlçatmazdır. Onlar həmişəlik özlərinə və onun subyektiv olaraq qiymətli, obyektiv olaraq isə cılız vəziyyətinə zəncirləniblər. çünki psixopotologiya göstərir ki, bu “amma”nın arxasında “bəs mən?” refleksi dayanır. “Əgər bunu mən eləməmişəmsə, burada yaxşı nə ola bilər?” “Mənə məxsus olmayanda yaxşı nə ola bilər?” Balaca uşaq hər şeylə bağlı soruşur: “Bəs mən?” Digəri onun yanında güc və cəldlik göstərəndə isə ağlayır.
– Aşıq musiqisini sevirsiniz, amma “Saz Mərkəzi”miz yoxdur? Bu haqda nə düşünürsünüz?
– Axı mən Tovuzdanam. Qarabağda uşaqlar muğamla, Tovuzda Saz və Aşıqla doğulurlar. Sualınızın ikinci hissəsinə gəlincə, düzünə qalsa, bizdə “Saz Mərkəzi”nin olmadığını bilmirdim. Hesab edirəm ki, belə bir mərkəz olmalıdır.
– Sizə “oliqarx” deyəndə əsəbiləşmirsiniz ki?
– Əvvəla, “oliqarx” termini son zamanlarda dəbə düşən, tez-tez, yeri gəldi-gəlmədi bəzi insanlara yapışdırılan bir termindir və bir çox hallarda onun müəlliflərinin savad səviyyəsini göstərir. “Oliqarx” oliqarxiyanın tərkib hissəsidir, birbaşa hakimiyyətə bağlı məsələdir, yəni siyasi idarəçilik, dövlət idarəçiliyi formasıdır. Yəni hakimiyyət bir qrup “oliqarx”ın əlində cəmləşir və bir qrup monopolist, varlı insanların maraqlarını ifadə edir. Bu baxımdan, bu damğanı mənə yapışdırmaq istəyən insanların məqsədləri və səviyyələri aydındır və mənə heç bir aidiyyatı yoxdur.
Mən hüquqşünasam, bu elmlə məşğulam, ən nəhayət hüquq professoruyam və bundan şərəf duyuram.
– Dostluq anlayışına münasibətiniz necədir?
– Bildiyiniz kimi, dostluq haqqında çox deyilib, yazılıb və deyiləcək. Bütün bunlar öz yerində. Məsələn, Aristotel deyir: “Dost iki bədəndə yaşayan bir qəlbdir”. ümumiyyətlə, dostluğun klassik, konkret ölçüsü yoxdur, daha çox zamana ehtiyacı olar. İnsanlar mövcud olduqları tarixdən bəri bu kövrək və mürəkkəb prosesin tərəfləri olurlar. Klassik deyimlər çoxdur, fikrimcə, dostluq zamanla insan arasında münasibəti aydınlaşdıran bir prosesdir. Kim güclüdür? Kim bilir… Əsl dostluğun mahiyyəti zamanla insan üzbəüz dayananda bilinir. Məncə, zamana uduzan insan çətin ki, başqa münasibətlərdə sabit qalsın.

Dostluğun əsl mənasını müəyyən qədər yetkinləşəndən sonra dərindən dərk etdim. Gənclikdəki dostluqla yetkin yaşdakı dostluq arasında böyük fərq var. Birinci halda dostluq səmimi və təmənnasız olur – mənəviyyat prinsiplərinə, ikinci halda isə sağlam düşüncəyə əsaslanır. Məktəbdə oxuyanda elə hesab edirdik ki, dostluğumuz əbədidir, məktəbdən sonra da dostluq edəcək, ünsiyyətdə olacağıq. Bu hisslərimiz çox səmimi və dürüst idi. Amma bilməzdik ki, bu, yalnız bizim arzu və istəyimizdir. Demə, həyat öz şərtlərini diktə edir. Amma indi yetərincə həyat yaşamışam və deyə bilərəm ki, əsl möhkəm dostluq yalnız yaxşı insanlar arasında ağıl və yaşın yetkin dövründə ola bilər. İndi anlamışam və dərindən əminəm ki, əxlaqi və mənəvi səviyyənə uyğun gələn dostları seçmək lazımdır, bu keyfiyyətlərdə səndən geri qalanı yox.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, nöqsansız insan olmur. Ona görə yunan filosofu Biasın (e.ə. VI əsr) sözlərini xatırlamaq lazımdır: “Qüsursuz dost axtaran dostsuz qalar.” Bu baxımdan, çoxları zamanın hökmünə biyət etməyə məcbur olur.

– Əgər dostun və millətin maraqları üst-üstə düşmürsə, yəni ziddirsə, kimi seçmək lazımdır?

– Sualınıza cavab verirəm. Anladım ki, nəyəsə eyham vurursunuz. Mən eyhamları sevmirəm. Bu, daha çox nəzəri sualdır. çünki həyatda belə şeylər nadir hallarda və təbii səbəblərdən olur. Səndən asılı olmayan arzuedilməz şərait belə situasiyaya sala bilər. Amma əgər artıq fakt qarşısında qalıbsansa, mən tərəddüd etmədən birinci yerə Vətəni qoyuram. Dostum həqiqi dostdursa, mənim qərarımı hörmətlə, müdrikcəsinə qarşılayar.

– Bir müsahibənizdə “Putinə dost kimi güvənmək olar” demisiniz. Putinə dost kimi güvənmək olarsa, milli məsələlərdə necə, dost kimi güvənilir ola bilərmi?

– Bizim 45 ildir davam edən dostluğumuz göstərir ki, o, dostluqda çox etibarlı adamdır. Yoxsa dostluğumuz çoxdan sona çatardı.

– Zaman-zaman Dağlıq Qarabağ məsələsi haqqında Putinlə qeyri-rəsmi söhbətlər etdiyiniz haqqında mətbuata danışmısınız. Maraqlıdır, Putin qeyri–rəsmi söhbətlərdə Qarabağ haqqında nə deyir? Problemin həlli haqqında nə düşünür?

– Vaxtaşırı təkcə Putinlə yox, Rusiyanın məşhur siyasətçiləri, alimləri, vəzifəli şəxsləri ilə qeyri-rəsmi siyasi söhbətlərim olur. Təbii ki, Dağlıq Qarabağ məsələsi barədə də danışırıq. Rəsmi söhbətləri aparmağa hüququm yoxdur, bu, mənim səlahiyyətim deyil. Bunun üçün hakimiyyətin müvafiq dövlət strukturları var. ümumiyyətlə, heç vaxt özfəaliyyətlə məşğul olmuram.

– Bir zaman dost olduqlarınızla sonralar münasibətiniz kəskin formada pisləşdi, bəlkə, ilk addımı siz atasınız?

– çoxları ilə belə olur. Bu, tamamilə normal haldır. Sualınızda yenə eyham hiss olunur. Ona görə mən də bu vasitəyə əl ata bilərəm. Hərçənd bunun məndə ikrah doğurduğunu demişəm. Siz yəqin dostlarınızı nəzərdə tutursunuz, ancaq bilmirəm, onlar Sizin üçün də keçmişdir, ya yox? Prinsipcə, mən həmişə dostluğu qorumağa çalışıram, ancaq əgər o dağılırsa, məndən asılı olan hər şeyi edirəm ki, bu, mənim günahımdan baş verməsin. Keçmiş dostlarıma mümkün qədər hörmət və ehtiramla yanaşmağa çalışıram, olduğum yerdə heç kimə onlar barədə pis nəsə deməyə imkan vermirəm. Həmçinin vəziyyətdən asılı olaraq həmişə barışığa doğru xoş addım atmağa hazıram.

– “Putinlə bir–birimizə qalstukdan, kitabdan başqa hədiyyə verməmişik”- deyirsiniz. Bilmək olarmı hansı marka qalstuk və hansı kitablardan söhbət gedir?

– Bir qayda olaraq müxtəlif markalardan. Ona bağışladığım son kitab Bakıda nəfis tərtibatda çap edilən “ömər Xəyyam və rubailəri” kitabıdır. Putin bu şairi çox sevir.

– Azərbaycanda böyük işlər görməməyin başqa bir səbəbi varmı? Məsələn, hakimiyyətdən narahatçılıq mənasında–filan…

– Məlum olduğu kimi bütün biznesimiz Moskvadadır. Orada həmçinin bizim üçün şərait yaradıldığından Moskvadan kənarda pul yatırmaq və hər hansı obyekt almaq planlarımıza daxil deyil. Respublikamıza gəldikdə, bizim üçün məqbul və sərfəli investisiyalar olsa, böyük məmnuniyyətlə bundan istifadə edəcəyik.

– 2015-ci il parlament seçkilərinə qoşulacaqsınızmı? “Bir ölülər, bir də dəlilər fikirlərini dəyişmir” deyibsiniz, indi nə düşünürsünüz?

– Bir müddət əvvəl dediklərimi yenə təsdiq edirəm. Zaman göstərər. ümumiyyətlə, nəyis
ə planlaşdırmağı, hadisələri proqnozlaşdırmağı sevmirəm.

– Konyak kolleksiyanızın olduğu haqqında oxudum. Maraqlıdır, kolleksiyanızda neçə konyak var?

– Onları saymağa macalım olmur. Bütün dostlarım bu həvəsimdən xəbərdardır və hər dəfə kolleksiyama əlavələr edirlər.

– Hacı Zeynalabdin Tağıyevin Parisdəki masası… Niyə gedib o masanın müqaviləsini bağlamırsınız?

– Düzünü desəm, bu layihənin taleyi barədə məndə dəqiq məlumat yoxdur. Ancaq bu, biznes və ondan fayda götürmək baxımından deyil, daha çox bu böyük azərbaycanlının işıqlı xatırəsinin əbədiləşdirilməsi üçün böyük maraq kəsb edir. Yaxın günlərdə Parisdə olacam, əgər Siz bu məsələ ilə bağlı müəyyən məlumat toplasanız, mütləq bununla ciddi məşğul olacam.

xural.com