XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

16 İyul 2015 - 15:35

Sülhəddin Əkbər: “Rusiya Bakıya dezinformasiyalar ötürür” – Müsahibə

Elçibəy hakimiyyəti dövründə Milli Təhlükəsizlik nazirinin birinci müavini işləmiş, hazırda Azad Demokratlar Partiyasının (AzDP) sədri olan Sülhəddin Əkbər Meydan.tv-yə maraqlı müsahibə verib. Müsahibəni Strateq.az oxucularına təqdim edirik:

– Sülhəddin bəy, bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin Azərbaycanın da Şanxay Əməkdaşlıq Təşkilatına üzv olacağını açıqladı. Bunun fonunda İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetindəki çıxışında Qərbəyönəlik sərt tənqidlər səsləndirdi. Regionda hansı proseslərin getdiyini necə şərh edərdiniz?

– ümumiyyətlə, məsələyə bir qədər geniş, regional miqyasda baxmaq lazımdır, çünki Cənubi Qafqaz kontekstində bütün mənzərə görünməyəcək. ABŞ, Avropa Birliyi ilə Rusiya arasında geopolitik qarşıdurma gedir. Bu qarşıdurma tərəflərin seçim etməyən zonada olan dövlətlərə mövqelərini bildirməklə bağlı mesajlar verməsi və təzyiqlər etməsi ilə özünü göstərir.

– Azərbaycan da seçim etməyənlər zonasına daxildir?

– Bəli. Proses Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin birliklə assosiativ saziş imzalaması, həm də azad ticarət zonasının yaradılması haqqında müqavilə bağlamaqla bağlı danışıqların getməsi dövründə başladı. SSRİ dağılandan sonra Rusiya postsovet məkanını saxlamaq üçün MDB-ni yaratdı, bu qurum Rusiya yeni imperialist siyasəti üçün güc toplayana qədər lazım olan aralıq geopolitik forma idi. Eyni zamanda, Qərb MDB daxilində GUAM-ı yaratdı. GUAM da MDB-dən NATO-ya, Avropa Birliyinə keçidin bir aralıq forması idi. MDB Rusiya, GUAM isə Qərb üçün geopolitik keçid forması idi, bu formanın müvəqqəti olduğu hər kəsə aydın idi. Birinci seçimi Şərqi Avropa ölkələri etdi. Ardınca Baltikyanı ölkələr, daha sonra isə digər sovet ölkələri etdi. Yəni GUAM-a və Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələr artıq geopolitik mövqelərini bildirməyə başladılar. Qarşıdurma bu andan başladı, çünki proseslər birbaşa Rusiyanın həyat sahəsinə daxil oldu. Ruslar keçmiş SSRİ-də yaranan dövlətlərə öz əraziləri kimi baxır və bugünə qədər həmin dövlətləri tanımaq niyyətində deyillər. Hətta Duma və prezident Putin səviyyəsində bu ölkələrin müstəqilliyi barədə şübhə yaradan fikirlər səsləndirilir. Rusiyanın yeni imperialist siyasəti olan Avrasiya iqtisadi modeli də burdan ortaya çıxdı.

– Şanxay Əməkdaşlıq Təşkilatı da ora daxildi?

– Bəli. Bir tərəfdən ABŞ və Avropa Birliyi mövcud institutları genişləndirməyə başladılar, həm də Şərq Tərəfdaşlıq İnstitutu, Azad Ticarət Zonası kimi qurumlar yaratdılar. Analoji addımları Rusiya atdı – Gömrük Sazişi, Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi.

– O zaman Əliyevin 13 iyul çıxışını əsas götürüb, Azərbaycanın seçim etdiyini demək olarmı?

– Geopolitik taleyin müəyyən olunması artıq GUAM məkanına daxil olur. GUAM məkanında olan 4 ölkədən üçü geopolitik seçimini edib, qalıb Azərbaycan. Bu mənada vəziyyətin Azərbaycan ətrafında geopolitik, geoekonomik, bir qədər sonra geomədəni – dini amili nəzərdə tuturam – qarşıdurma güclənəcək. Buna hökumət də, cəmiyyət də, müxalifət də hazır olmalıdır.

– Hazırlıq varmı?

– Hazır deyil. Amma cəmiyyət, hakimiyyət və müxalifət bölgüsündən yanaşsaq, ən hazırlıqlı olanı iqtidardır. çünki hakimiyyət daha məlumatlıdır və Rusiya ilə koordinasiyalı hərəkət edir. Rusiya xüsusi xidmət orqanları Azərbaycan xüsusi xidmət orqanlarına məlumatlar ötürürlər, bir çox hallarda bu məlumatlar dez
informasiya xarakteri daşıyır. Bu proses 2014-cü ilin dekabrından daha aktiv görünməyə başladı. Rusiya üçün geopolitik şərait də yaranıb. Bu şərait Ukrayna böhranından sonra Azərbaycan hakimiyyətinin qorxusunun artması ilə bağlıdır. Burda iki qorxu var: Birincisi, Ukraynada hakimiyyət dəyişikliyi – bəzən buna dövlət çevrilişi də deyirlər. Yanukoviç dekabrın 24-də Avropa Birliyi ilə Assosiativ Sazişi imzalamaqdan imtina etdikdən sonra hadisələr başladı. Proses fevralın 21-də Yanukoviçin devrilməsi ilə nəticələndi. Bunlar rəsmi Bakıda ciddi narahatlıq yaratdı. O biri tərəfdən də Rusiyanın basqısı artdı, Krımın işğalı, Donbasa müdaxilə, separatçıları açıq şəkildə dəstəkləməsi Azərbaycan hakimiyyətinin Gürcüstan böhranından sonra yaranmış qorxusunu daha da artırdı. Deməli, ikili qorxu yarandı, bir, hakimiyyətin “narıncı inqilab” yolu ilə dəyişilməsi ssenarisi, hansı ki, Rusiya bu istiqamətdə Bakıya dezinformasiyalar verir. Hətta belə bir planın Vaşinqtonda dövlət katibi Kerrinin kabinetindən idarə olunduğu barədə rəsmi qəzetlər də yazdı.

İkinci, Rusiyanın hərbi müdaxiləsi və bu qorxunu getdikcə artırması…

– O zaman sual yaranır, Azərbaycanda hakimiyyət dəyişikliyini Rusiya, yoxsa Qərb etmək istəyir?

– Azərbaycanda hakimiyyət dəyişikliyi planının nə Rusiyada, nə də Qərbdə qəti qərar olduğunu düşünmürəm. Hələlik Azərbaycan ətrafında vəziyyət öyrənilir. Həm də geopolitik qarşıdurma cəbhəsi o qədər genişlənib ki, heç kim mövcud problemlərin daha da dərinləşməsini istəmir. çünki proses nəzarətdən çıxa bilər. Tərəflərin hər birinin müəyyən məhdud potensialı var, bu potensial Qərbdə daha böyük olduğu halda Rusiyada məhduddur. Moskvanın resursları məhdud olduğundan proseslərin nisbətən lokallaşmasına çalışır, Vaşinqton və Brüssel isə əksinə. İkincilər geopolitik cəbhəni genişləndirməklə, Rusiyanın məhdud resurslarını dağıtmaqla, dünya bazarında neftin qiymətini endirməklə şimal ölkəni həm daxildən çökdürürlər, həm də qarşıdurma cəhbəsini artırmaqla resurslarını dağıdırlar. çox sadə mexanizmdir, bir tərəfdən Rusiyanın büdcə gəlirləri azaldılır, o biri tərəfdən çıxarları artırılır.

– İranla “Altılıq”ın razılaşması da bu siyasətin tərkib hissəsidir?

– Bu razılaşmanın səbəbkarı da Rusiyanın özüdür.

– Nə üçün?

– çünki Rusiya Suriya müharibəsində dirəndi. Geopolitik qarşıdurma Məğribdən Məşriqə gedir, Afrikanın şimalından, Atlantik sahillərindən başlayır, Pakistana qədər böyük coğrafiyanı əhatə edir. Artıq Mərkəzi Asiya və Cənubi Qafqaza yayılma ehtimalı var. Hazırda proses Moldova, Ukrayna və Gürcüstanda davam edir. Əgər bu xətdə konflikti açıq-aydın görürüksə, Qafqaz və Mərkəzi Asiyada proseslər latent gedir.

– Amma Rusiya Gürcüstanda Bakı-Supsa kəməri keçən ərazini götürdü…

– Prosesi izləyən siyasilər, xüsusi xidmət orqanlarının işçiləri üçün bu istiqamətdə də proseslər gizli getmir. Amma vətəndaşlar üçün proseslər o qədər də aydın görünmür. Suriyada geopolitik qarşıdurmada Moskvanın çox inadcıl şəkildə dirənməsi, İranla bir hərəkət etməsi, Suriya ilə bağlı BMT Təhlükəsilik Şurasında qərarlara veto qoyulması Amerikanı öz strategiyasını dəyişməyə sövq etdi. Heç təsadüfü deyil ki, ilin əvvəlində ABŞ rəsmi olaraq milli təhlükəsizlik strategiyasını dəyişdi. Rusiyanı qəbul etdiyi sənəddə təhdid etdi və bu ölkəni dayandırmağı öz başlıca vəzifəsi elan etdi.

– Mən yenidən cavab almadığım suala qayıdıram, prezident Əliyevin 13 iyul çıxışını seçim saymaq olarmı?

– Xeyr, seçim demək olmaz. Məncə, Azərbaycan hakimiyyətinin dünyada, regionumuzda gedən sərt qarşıdurmaya reaksiyasıdır. Obyektiv yanaşdıqda, hakimiyyətin haqlı tələbləri də var.

– Nədən ibarətdir haqlı tələblər?

– Haqlı tələb Qərbin yanlış siyasəti ilə bağlıdır. Bu, 2008-ci ildə Buxarest Sammitində Gürcüstana NATO-ya üzvlüyün hazırlıq planının verilməməsindən irəli gəlir. O zaman Almaniya və müttəfiqləri Ukrayna ilə Gürcüstanın NATO üzvlüyünə gedən yolunun qarşısını aldılar. Həmin ilin fevralında Kosova müstəqilliyin elan etdi, Amerika və Avropa da bu müstəqilliyi tanıdılar. Gürcüstana və Ukraynaya NATO-ya üzvlük yolunun qapadılması Rusiyaya bir növ “yaşıl işıq” yandırdı. Ardınca avqust ayında Rusiya Gürcüstana hərbi müdaxilə etdi. Nəzərə alın ki, müharibə başlayan gün – 8 avqustda Rusiyanın neftdən gələn gəlirləri pik həddə çatırdı. Bu amil neftin qiymətinin niyə enməsinə çox tutarlı faktdır. O zaman MDB-yə daxil olan ölkələrin siyasi elitaları gördülər ki, Rusiya öz məqsədlərinə çatmaq üçün hərbi gücdən istifadə etməkdən çəkinmir. Qərbin də bunun qarşısını almaq mexanizmi, hazırlığı və niyyəti yoxdur. Eyni şey Ukraynada təkrarlandı, Krımın alınmasının, Donbasa hərbi müdaxilənin Qərbin qarşısının ala bilməməsi məsələnin obyektiv tərəfidir.

– Bu gün necə, Qərbin Rusiyanın təcavüzünün qarşısını almaq niyyəti varmı?

– Bu gün də görünmür. Belə olduqda rəsmi Bakı özünü qəzəblənmiş Rusiyadan qorumaq istəyir. Rusiya artıq üç ölkəni itirib, bəziləri Moskvanın Abxaziyanı, Osetiyanı, Krımı və Dnestryanı bölgəni aldığını deyir, amma bütövlükdə Moldovanı, Ukraynanı və Gürcüstanı legitim şəkildə itirib. Xüsusilə Ukraynanın itirilməsi Putinin bütün strateji planlarını alt-üst edib. çünki Ukraynanın getməsi imperiyanın tarixi legitimliyinin itirilməsi deməkdir. Rus imperiyasının məhz Kiyevdə doğulduğunu nəzərə alın.

– Prezident 13 iyulda “beşinci kalon”dan danışdı, Qərbi islamofobiyada, ksenofobiyada ittiham etdi. Amma həm də Avropanın iri ölkələrinin liderlərinə iradlarını dediyini, onların isə “fikir verməyin” cavablarını da xatırladı. Bax, bu ziddiyyəti necə izah edərdiniz?

– Azərbaycanın istər dövlət başçısının, istərsə də siyasi elitasının mövqeyini başa düşmək asandır. çünki hakimiyyət həm də Qərblə yaxşı münasibətdə olmağı istəyir. Ancaq məsələ siyasi müstəviyə gəldikdə, problem yaranır.

– Yəni insan haqları və demokratiya…?

– Geniş baxdıqda o da siyasi sahədir. Bu sahədə hakimiyyətin siyasi maraqları ilə Qərbin maraqları toqquşur. Qərb o dövlətlərlə uzunmüddətli strateji əlaqələr qurur ki, o dövlətlər demokratikdir və demokratik seçim xalqın seçimidir. Yəni hakimiyyətlər dəyişilsə də, strategiya dəyişməyəcək. çünki hakimiyyətləri də xalq seçir. Diqqət edin ki, demokratik ölkələrdə böyük məsələlər referendumla keçir. Xalq dəstəyi olandan sonra ABŞ da, Avropa Birliyi də, NATO da strateji qərarlarını qəbul edirlər. O baxımdan Azərbaycanla uzunmüddətli əməkdaşlıqda problem yaranıb. Bunun üçün Azərbaycan da Qərblə eyni siyasi dəyərləri bölüşməlidir və xalq bu siyasətə dəstək verməlidir. Demək istəyirəm ki, fikirlərin toqquşmasında əsas siyasi seçimdir. Daxili siyasi seçim isə xarici siyasi seçimlə birbaşa bağlıdır. Azərbaycan demokratik inkişaf yolu seçəcəksə, bunun sonucu xarici siyasətdə demokratik dünyaya bağlanmaqdır. Azərbaycan NATO-ya üzv olmaya bilər, amma ABŞ-la strateji müttəfiqlik mümkündür. Vaşinqton artıq 16 ölkəyə NATO-dankənar əsas müttəfiq statusu verib, bugünlərdə Tunisə verdi. Həmin 16 ölkənin 8-i müsəlman ölkəsidir. Bu gedişatda Azərbaycanın milli maraqları Qərblə üst-üstə düşsə də, hakim elitanın siyasi maraqları ilə toqquşur. Ziddiyyət burda yaranır.

– Mövcud gerçəklik Azərbaycanın siyasi seçimini edəcəyini göstərirmi?

– Azərbaycan fiksə olunmuş seçim etməyəcək, yəni nə Avropa Birliyi ilə asosiativ saziş imzalayacaq, nə NATO-ya bundan artıq inteqrasiya edəcək, nə Gömrük Sazişinə, Avrasiya İttifaqına, nə də ŞƏT üzvü olacaq. Hakimiyyət son zamanlar Qərblə daha sıx yaxınlaşmaqdadır. Birincisi, Avropa İnsan Haqları Məhkəməsinin çıraqovla bağlı verdiyi qərar, ATƏT-in Azay Quliyevin təklifi ilə qəbul etdiyi qətnamə, həm də Avropa Birliyinin qətnaməsi. Bunlar Dağlıq Qarabağ məsələsində Azərbaycanın maraqları baxımından bugünə qədər görünməmiş addımlardır. İkincisi, TAP layihəsində Avropa Birliyi və Amerika dəstək verdi və “Türk axını”nın qarşısı alındı. Bunlar hamısı Qərbin Azərbaycanla bir hərəkət etdiyini göstərir. Yalnız siyasi məsələdə maraqlar toqquşur. Ona görə Bakı enerji məsələlərində Qərblə münasibətlərini davam etdirəcək, artıq Müdafiə Nazirliyinin qərargah rəisi Nəcməddin Sadıqov ABŞ hərbi
attaşesini qəbul edərək, Pentaqonla münasibətlərin yenidən normallaşdırılmasını istədiyini bildirib. Həm də İranla Qərbin razılaşmasından sonra Azərbaycanın buna daha çox ehtiyacı olacaq. çünki İran nüvə razılaşması əldə etdikdən sonra neft-qaz bazarına girəcək, bu ölkə neft-qaz bazarında ikinci-dördüncü yerləri bölüşdürür. Beləliklə, Azərbaycanın yeni rəqibi ortaya çıxır, ölkə enerji və təhlükəsizlik sektorunda sıxışdırılacaqdır. Söhbət Rusiya və İrandan gedir, o baxımdan Azərbaycanın ehtiyacı artacaq. Eyni zamanda, geopolitik qarşıdurma kəskinləşdiyindən Qərbin Azərbaycana ehtiyacı davam edəcək. Sonda onu da bildirim ki, Azərbaycan Rusiyaya reverenslar edəcək, amma hüquqi öhdəlik daşıyan addımlar atılmayacaq.