Qırğızıstanın paytaxtı Bişkekdə İŞİD üzvləri olduğu bildirilən dəstə ilə xüsusi təyinatlı polislər arasında atışma olub. İnsident nəticəsində 4 nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilir.
Strateq.az BBC-yə istinadən xəbər verir ki, atışma paytaxtın mərkəzindəki Temirov və Kulatov küçələrində olub. Hadisənin səbəbləri haqda hələlik heç bir məlumat verilmir. Yaralıların arasında xüsusi təyinatlıların olduğu bildirilir.
Qeyd edək ki, son vaxtlar Orta Asiya ölkələrində İŞİD-ə qoşulanların sayı sürətlə artır. Onların bir qismi qruplaşmaya maddi səbəblərə, bir qismi isə dini motivlərə görə daxil olur. Məsələn, bir müddət əvvəl Tacikistan Daxili İşlər Nazirliyinin polkovniki Qulmurd Xalimov İŞİD-ə qoşulduğunu elan etmişdi. Tacikistanda xüsusi təyinatlı polis dəstəsinin komandiri olan Xalimov bu ilin aprelindən yoxa çıxmışdı. Polkovnik İŞİD-ə Tacikistan hökumətinin siyasətinə etiraz olaraq qoşulduğunu bildirir. Dediyinə görə, ölkəsində ona namaz qılmağa və İslami qaydalara uyğun geyinməyə icazə verilmirdi.
Onu da qeyd edək ki, bir müddət əvvəl Qırğızıstandakı «Din, Hüquq və Siyasət» Analitik Mərkəzinin direktoru Kadır Məlikov İŞİD-in Qırğızıstan və özbəkistan sərhəddində yerləşən Fərqanə vadisində terror aktı üçün 70 milyon dollar ayırdığı haqda məlumatlar səsləndirmişdi.
Ekspert bildirmişdi ki, İŞİD-in tərkibində Mərkəzi Asiya, Qazaxıstan, özbəkistan, Qırğızıstan, Tacikistandan yaraqlılar olan «Mavernnəhr» silahlı qruplaşması fəaliyyət göstərir.
Strateq.az