XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 July 2015 - 08:18

ABŞ-da şok hesabat yayıldı: Dünya əhalisi ən çox radikal islamdan qorxur

Müsəlman dünyası Qərbdən qorxduğuna və özünü qorumaq istədiyinə görə radikallaşdığı kimi, Qərb də bizim radikallığımızdan qorxurmuş. özü də hər şeydən daha çox…

ABŞ-ın araşdırma mərkəzlərindən olan PEW-in tədqiqatları bunu göstərir.

Strateq.az qurumun yaydığı hesabata söykənərək xəbər verir ki, 40 müxtəlif ölkədə aparılan araşdırmanın nəticələrinə görə, dünya insanlarının ən çox qorxduğu nəsnə müsəlmanlardır. Bu xof hətta qlobal iqtisadi böhranı belə üstələyirmiş.

Radikal islam xofunun ən çox yayıldığı coğrafiya isə, nə qədər qəribə görünsə də, Avropa və Amerikadır. PEW-in təsbitinə görə, Qərb insanının yarısından çoxu (52%) ümumiyyətlə, radikalizmi (hər cür dini, dünyəvi) əsas təhdid olaraq görür. Xüsusilə, Yaxın Şərq, Asiya və Afrika kökənli insanların daha çox məskunlaşdığı şəhərlərin əhalisi radikalizm xofuyla yaşayır. Onların qorxduqları əsas təhlükə isə müsəlman radikallığıdır. Bu şəhər əhalisinin 42%-i M. Ə. Sabirin təbiriylə desək, “cindən, şeytandan ürkmədiyi halda, harda müsəlman görürsə, qorxurmuş”.

Fransızlar müsəlmanlardan qorxan avropalılar arasında ön sıranı tutur. 2011-ci ildən etibarən, ölkə əhalisinin 38%-i İslam radikallığını həyatlarına əsas təhdid olaraq görür. Bu nisbət İspaniyada 29, İngiltərədə 21, Almaniyada 20, ABŞ-da 17%-dir. Avropalılar əsasən tele-ekranlarda gördükləri İŞİD-dən xoflanırlar.

İsraillilər də müsəlmanlardan qorxmaq sahəsində avropalılardan geri qalmırlar. Həftə səkkiz, mən doqquz, fələstinlilərin başına bomba yadığıran ölkə əhalisinin 37%-i müsəlman qorxusuyla yaşayır. Ruslarda isə müsəlman xofu xeyli azalıb. Onların cəmi 22%-i bu hissin əsirinə çevrilib. Bu nisbət ABŞ, Almaniya və İngiltərəyə nəzərən yuxarı olsa da, ötən illərlə müqayisədə şimal qonşularımızın xeyli cəsarətləndiyi müşahidə olunur. Hesabatda qeyd olunur ki, 2011-ci ildə 35%, 2005-ci ildə isə 52% Rusiya əhalisi müsəlmandan qorxan olub.

Şimalımızda məlum xofun yaranmasında 2004-cü ildə baş vermiş Beslan hadisələrinin mühüm rol oynadığı bildirilir. Xatırladaq ki, həmin dövrdə bir məktəbə hücum edən çeçen yaraqlılar yüzlərlə şagirdi əsir almış və xüsusi xidmət orqanlarının xilasetmə əməliyyatı nəticəsində girovlardan 330-u həyatını itirmişdi. Hadisədən sonra ən yüksək həddinə çatan islamofobiyanın get-gedə azalması, görünür, rusların beynində təhdid subyekti anlayışının dəyişilməsiylə bağlıdır və bu da təsadüfi deyil. ABŞ-Rusiya münasibətlərinin gərginləşdiyi indiki dövrdə, təbii ki, İŞİD təhlükəsi ikinci plana düşməliydi.

ABŞ-da isə ruslardan çox, İŞİD-dən çəkinirlər. Amerikalıların xoflandığı 3 böyük təhlükənin başında İŞİD gəlir, onu İran və dövlət qurumlarına ediləcək kiber hücumlar izləyir.

Heydər Oğuz

Strateq.az