Qərb dünyası İranla bağlanan nüvə sazişinin nəticələrini və perspektivini müzakirə edərkən, bir maraqlı açıqlama da Tehrandan gəldi. İranın dini lideri ayətullah Xamaneyi məlum sazişi böyük uğur kimi qiymətləndirən həmyerlilərinə və hökumətə müraciət edərək İslam İnqilabının prinsiplərini xatırlatdı. Onun sözlərinə görə, siyasilər bu məsələnin müzakirəsi zamanı ölkənin milli maraqlarını düşünməli, prinsipial məsələlərdə geri çəkilməməlidir. Əks təqdirdə: “Biz İranın milli təhlükəsizlik məsələsindən və islam inqilabının prinsiplərindən geri addım atılmasına izn verməyəcəyik.”
Dini liderin bu sözləri nüvə sazişinə qarşı çıxanların arqumentini gücləndirəcək mahiyyətdədir. Xatırladaq ki, xüsusilə İsrail, Səudiyyə Ərəbistanı və ABŞ-ın respublikaçı konqresmenləri sənədin bir an öncə ləğvinə çalışırlar. Onların fikrincə, saziş rəsmi Vaşınqtonun təslimiyyətçi zehniyyətinin məhsuludur.
İran əleyhdarlarını eyni nöqtədə birləşdirən amillərdən biri isə rəsmi Tehranın sazişə əməl etməyəcəyi ehtimalıdır. Ehtimala görə, İran diplomatiyası sazişə imza atarkən, əslində səmimi deyil, sadəcə zaman qazanmaq üçün manevr edir. üzləşdiyi sanksiyaların mənfi nəticələrini aradan qaldırdıqdan sonra o, yenə öz bildiyini edəcək, müxtəlif bəhanələrlə sazişi tanımayacaq.
Son 12 illik təcrübəyə nəzər salanda bu arqumentin əsassız olmadığı aydınlaşır. İran buna bənzər “nüvə” razılaşmasına 2003-ci ildə də qol çəkmişdi. O vaxt İngiltərə, Fransa və Almaniyayla imzalanan Tehran deklorasiyasının şərtlərinə cəmi 1 il əməl edən İran müxtəlif bəhanələrlə tədricən ondan geri çəkilmiş, 2005-ci ildə Əhmədinejatın hakimiyyətə gəlməsiylə isə nüvə proqramını daha da genişləndirmiş, yeni nüvə obyektləri inşa etmişdi. Təsadüfi deyil ki, son sazişdə fəaliyyətinin dayandırılması öhdəliyi götürülən “Arak” suağırlaşdırma reaktorunun təməlləri məhz 2005-ci ildə Əhmədinejat tərəfindən atılmışdı. 2013-cü ildə də nüvə proqramıyla bağlı müəyyən razılıqlar əldə olunsa da, İran bu tələbləri yerinə yetirməkdən boyun qaçırmışdı.
Bütün bu faktlara söykənən bir çox ekspertlər yenə eyni prosesin təkrarlana biləcəyindən ehtiyatlanırlar. Prinsipcə, haqsız da deyillər. Həqiqətən də rəsmi Tehranın bütün bu sövdələşmələri taktiki oyuna daha çox bənzəyir.
Təsadüfi deyil ki, “nüvə proqramı” gərginliyi belə rəsmi Tehran tərəfindən qəsdən yaradılmış, indiki həddə gətirilmişdir. 2002-ci ilə qədər dünyanın heç bir ölkəsi cənub qonşumuzun nüvə proqramının detallarından xəbərdar olmadığı halda, İran Milli Müqavimət Şurası özünün nüvə proqramının detallarını açıqlamış, uran çəkirdəyini kritik həddə zənginləşdirdiyini bildirmişdi. Bu açıqlamadan sonra dünyanın güclü dövlətləri İranın nüvə silahı əldə etmək niyyətindən xəbər tutmuş və indiyə qədər davam edən ağır müzakirələr dövrü başlamışdı.
Zənnimizcə, rəsmi Tehranın o vaxt verdiyi bu açıqlama da səbəbsiz deyildi və Qərbin ona qarşı yönələ biləcək işğal ehtimalını aradan qaldırmağa hesablanmışdı. Bunu bəyanatın zamanlaması da sübut edir.
2001-ci ilin sonlarında ABŞ məşhur “11 sentyabr” hadisəsini bəhanə edərək Əfqanıstana girmiş, növbəti qurbanlarının İran, İraq və Şimali Koreya olacağını dilə gətirmişdi. ABŞ-ın o zamankı prezidenti çorc Buşun “Şeytan üçbucağı” adlandırdığı yeni hədəflərini açıqlamasından qısa müddət sonra İran birdən-birə öz nüvə gücünün detallarını ortaya qoymuşdu. Yəqin ki, məqsəd özünün Əfqanıstan olmadığını ABŞ-a sübut etmək və onu “xam xəyallardan” yayındırmaq idi.
Həqiqətən də 1 il sonra, yəni 2003-cü ildə İraqı işğal edən ABŞ “şeytan üçbucağı”nın digər bucaqları məsələsində tərəddüdə düşmüşdü. İstər Şimali Koreyanın, istərsə də İranın nüvə proqramlarını genişlətməsi, bir sıra uzunmənzilli reaktiv raketlərini sınaqdan çıxarması bəlkə də onu addım atmadan düşünməyə vadar etmişdi.
ABŞ kəllə vurmaq istədiyi suyun dərinliyini bilməliydi. Onun öyrənməyi lazım bildiyi əsas xüsuslardan biri İranın hansı səviyyədə zənginləşdirilmiş urana sahib olması faktı idi. İran da bunu gözəl anlayırdı. Odur ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) heç bir çağırışına önəm vermir, nəticədə ağır sanksiyalarla üzləşirdi.
Nəhayət, rəsmi Tehran BAEA-nin ekspertlərini nüvə yanacağı istehsal edən obyektlərə buraxsa da, onların nümunə almasıyla razılaşmadı. Nüvə reaktorlarını gəzən ekspertlər isə həmin təsisatlarda nüvə silahına yarayacaq dərəcədə atom zənginləşdirildiyinə dair ciddi şübhələrini ortaya qoydular. Beləcə, İranla İraq və Əfqanıstanda olduğu kimi yumruqla yox, dillə danışmaq zərurəti anlaşıldı. Məsələyə bu baxımdan yanaşanda əslində İranın nüvə taktikasının ilk mərhələdə işə yaradığını söyləyə bilərik.
Nüvə silahı ətrafında yaranan söz-söhbətin belə bir ölkəni İraq olmaqdan qoruduğunu görən İranın, təbii ki, öz hərbi-strateji planından geri çəkilməsini gözləməyə dəyməz. İqtisadi sanksiyalar nə qədər ağır olsa da, “hər halda aclıq ölməkdən daha yaxşıdır” fəlsəfəsi rəsmi Tehranın ana qayesinə çevrilib. O, indi bir müddətdən sonra dini lider, yaxud yeni hakimiyyət və ya qarşı cəbhə tərəfindən tanınmayacaq anlaşmalarla manevr edərək vaxt qazanmağa, üzləşdiyi sanlsiyaların təsirini azaltmağa çalışır.
Prinsip etibarilə, rəsmi Tehranın bu cür taktiki oyunbazlıqla məşğul olduğu ABŞ tərəfindən də hiss olunur. ABŞ lideri Barak Obama çıxışlarında dəfələrlər bu ehtimalı istisna etməyərək, belə olacağı təqdirdə, ağır bədəllər ödəcəyi ilə İrana hədə-qorxu gəlmişdi. O, əldə olunan razılaşma pozularsa, cənub qonşumuza müharibə elan edəcəyini belə gizlətməmişdi. Di gəl ki, sazişin ABŞ-ın özü tərəfindən pozulma ehtimalı var. Xüsusilə yəhudi lobbisinin apardığı kampaniyalar sazişin ləğvinə hesablanıb. Əslində İran tərəfindən verilən sərt bəyanatlar da bu gərginliyin artmasına və anlaşmanın qarşı tərəfdən pozulmasına xidmət edir. Belə olarsa, İran nüvə sazişinin ləğvinin mənəvi məsuliyyətindən yaxa qurtara və haqlı tərəf durumuna düşə bilər.
Xamaneyinin bu cür sərt açıqlamasının digər bir səbəbi ABŞ siyasi iradəsində haçalanmalar yaratmaqdır. Həqiqətən də İran “şahinliyi” ABŞ-dakı “şahinləri” qızışdıraraq artıq öz məqsədinə nail olub. Barak Obama ABŞ konqresinin bu sazişi ləğv edəcəyi təqdirdə veto hüququndan istifadə edəcəyini deməklə, məsələyə nə qədər böyük əhəmiyyət verdiyini ortaya qoyub.
Ağ evin əlini zəiflədəcək bir başqa məsələ də var. Saziş konqresin böyük səs çoxluğu ilə ləğv olunarsa, qanuna əsasən, prezidentin qərara veto qoymaq hüququ yoxdur. Bu durumda saziş İranın günahı olmadan pozula bilər. Nəticədə İranın “məsumiyyəti” ona qarşı sanksiyaların yenidən bərpasının qarşısını alar. Müharibə də istəməyən Obama hakimiyyəti isə hədə-qorxu dolu bəyanatlarla baş girləməli olar.
Qeyd edək ki, sazişdə yalnız bir halda – İranın müqavilə şərtlərini pozacağı təqdirdə sanksiyaların yenidən bərpası nəzərdə tutulub. Saziş ABŞ tərəfindən pozulacağına görə, İran bunun heç bir məsuliyyətini daşımayacaq və çoxdan arzuladığı – heç bir güzəştə getmədən embarqolardan xilasolma şansı qazanacaq. Oyunpozanlıq edən Vaşinqtonun həmin qərar və qətnamələri yenidən BMT TŞ – dən çıxarması isə mümkün olmayacaq. Nədən ki, o, Təhlükəsizlik Şurasının daimi üzvlərindən ikisiylə-Rusiya və çinlə tarixinin ən gərgin dövrünü yaşayır. ABŞ indiki durumda İrana qarşı beynəlxalq sanksiyalar tətbiq etmək üçün Rusiyaya həyati güzəştlərə getməlidir. Bu isə Rusiya qarşısında məğlubiyyət demək olar ki, təbii ki, Vaşinqton buna getməz.
Məsələyə bu aspektdən yanaşanda uzun əsrlərə dayanan hiyləgər siyasi təcrübəyə sahib İranın taktiki oyunlarla ABŞ-ı küncə sıxışdırdığı bəlli olur.
İran dini lideri ayətullah Xamaneyinin son açıqlaması bu mənada yaxşı düşünülmüş siyasi gedişdir və Qərb dövlətləri tərəfindən böyük təm-təraqla qeyd olunan son nüvə sazişini bütün cəhətləriylə İranın xeyrinə çevirə bilər.
Heydər Oğuz
Strateq.az