Prezidentdən yeni hökumət qurmaq vəzifəsi alan Əhməd Davudoğlunun digər partiyalarla görüşü başa çatsa da, formalaşdırmağa çalışdığı koalisiyanın ortağını müəyyənləşdirmək mümkün olmayıb. HDP və MHP açıq mətnlə yeni kabinetdə təmsil olunmayacağını, müxalifətdə qalacağını bəyan etdikdən sonra AKP gözlərini CHP-ylə müttəfiqliyə dikib. Halbuki, müzakirələrə başlamamışdan əvvəl AKP-CHP koalisiyası ən az ehtimal olunan versiya kimi qəbul edilirdi.
CHP qanadından isə AKP-də xeyli tərəddüdlər yaradan açıqlamalar gəlir. Partiya yetkililərindən biri koalisiya ortaqlığına “yaşıl işıq” yandırarkən, digəri bunu istisna edir, təkrar seçkilərə hazırlaşdıqlarını bildirir.
Açıqlamalarıyla AKP-ni ümidləndirən CHP yetkilisi Akif Həmzəçəbidir. Qılıcdaroğlu tərəfindən AKP ilə danışıqlar aparmaq üçün görəvləndirilən millət vəkili təkrar seçkinin Türkiyə xalqı üçün faydalı olmayacağını bildirərək, uzunömürlü hökumət quruculuğuna çalışdıqlarını deyib. Onun fikrincə, növbəti seçkidən də eyni tablo çıxa bilər: “Millət təkrar seçkidə eyni qərarı verərsə nə ediləcəksə, indi də eyni şey edilməlidir. Xalqa sənin “bu fikrini bəyənmədim, qərarını dəyişdir” demək olmaz. Bu, demokratiyaya zərər verər. Koalisiyalardan qorxmamaq lazım. Koalisiya pis bir şey deyil, uzlaşmaq deməkdir”.
AKP ilə müttəfiqliyə müsbət baxan Akif Həmzəçəbinin fikriylə razılaşmayan CHP-lilər də var. Millət vəkili Tuncay özkan bunlardan biridir. O, mətbuata açıqlamasında CHP olaraq indiyə qədər hökumət qurulması üçün əllərindən gələni etdiklərini bildirib: “CHP-MHP-HDP koalisiyası gözəl bir başlanğıc olardı. Biz bunun üçün çox səy göstərdik. Nə yazıq ki, bu üçlü koalisiya ehtimalı indiki an üçün mümkün görünmür.”
Bir növ, partiyalarının gündəmində AKP ilə müttəfiqlik məsələsinin, ümumiyyətlə, yer almadığına eyham vuran özkan qarşılarındakı planlarını isə bu cür ifadə edib: “Biz erkən seçkilərə hazırlaşırıq”.
CHP-dən bir-birinə zidd açıqlamalar gəlsə də, müşahidəçilər son qərarın AKP-sizlikdən yana olacağını güman edirlər. Nədən ki, 13 ildir, Türkiyə tarixində ən sarsılmaz hökumətlər qurmuş AKP-nin bu çarəsiz vəziyyətə düşməsində CHP-nin seçki taktikasının müstəsna rol oynadığı məlumdur. Son seçkidə bir sıra tərəfdarlarını HDP-yə səs verməyə yönləndirən CHP kürd separatçılarının “10%-lik baraj”ı aşmalarına şərait yaratdı. Bununla da kürd separatizmi Türkiyə tarixində ilk dəfə parlament partiyasına çevrildiyi halda, AKP təkbaşına hökumət qurmaq imkanını itirdi.
Bu fakt Qılıcdaroğlunun liderlik etdiyi partiyanın AKP-yə münasibətini göstərir. AKP əleyhinə hətta kürd separatçılarıyla müttəfiqliyə razı olan CHP-nin AKP ilə koalisiya quracağını, qursa belə bu hökumətin uzun ömür sürəcəyini gözləməyə dəyməz.
Heydər Oğuz
Strateq.az