İŞİD Bosniyada xudmani bir kənd yaxınlığında yer satın alıb və burdan Qərbə qarşı terror hücumları üçün baza kimi istifadə etməyi planlaşdırır.
Strateq.az-ın bildirdiyinə görə, bu iddia İngiltərənin “Sunday Mirror” qəzetinə aiddir. Qəzet iddia edir ki, sıx və geniş meşələrin qoynunda yerləşən Osven kəndində indiyə qədər xeyli terrorçu yetişdirilib və döyüşmək üçün Suriyaya göndərilib. İddianı irəli sürən terror mütəxəssisi Dzevaz Galijasevicə görə, “təlim üçün seçilən yer göz görməyən, əl yetməyən bir təpədə yerləşir. Məqsədin terrorçu yetişdirmək olduğu aydındır”.
Meşədən silah səsləri gəlir
Patrick Hill və Ed Wight adlı müəlliflərin qələmə aldığı yazıda bildirilir ki, Osven kəndinin GPRS ilə tapılması mümkün deyil. Ora yalnız yalçın qayalarda salınmış yollardan keçərək avtomobillə getmək olar. Kənddə torpaq alanlar arasında 1990-cı illərdə Bosniyadan qaçıb Avstraliyada məskunlaşan İŞİD tərəfdarları – Harun Mehicevic, Jasin Rızvic, Osman Kekic və İzet Hadzicin də olduğu təxmin edilir. Adının gizli qalması şərti ilə ingilis jurnalistlərə bu məlumatı verən bir kəndli meşəlikdən müntəzəm olaraq silah səsləri gəldiyini deyib.
Xəbərdə Suriyadan Türkiyə vasitəsilə Yunanıstana, oradansa Makedoniya və Serbiyaya keçən radikal dindarlar üçün Bosniyanın uyğun bir yer olduğu da ifadə edilir. Həmçinin 1990-cı illərdə yaşanan döyüş səbəbiylə Bosniyada silah və sürsat təmin etməyin digər Avropa ölkələrinə nisbətən daha asan olduğu önə sürülür.
İki ildə 156 kişi, 36 qadın döyüşə gedib
Suriyadakı döyüşün Bosniyaya təsirindən bəhs edən bir hesabatda 2013 və 2014 illər arasında 156 bosniyalı kişi, 36 qadın və onların yanında 25 uşağın birlikdə Suriyaya köçdüyü qeyd olunur. Onlardan 48 kişi və üç qadının ötən yanvar ayında Bosniyaya qayıtdığı bildirilir. Sarayevo Universitetinin politologiya elmləri üzrə müəllimi Vlado Azinovic və islam elmləri mütəxəssisi Məhəmməd Jusic Bosniyanın İŞİD təhlükəsinə qarşı kifayət qədər yaxşı hazırlaşmadığı fikrindədirlər.
Kəndlərdə evlərə İŞİD bayraqları sancılır
Qəzet yazır ki, Bosniya polisi keçən fevral ayında ölkənin şimal-şərqindəki Gornja Maoca kəndində evlərdən asılan İŞİD bayraqlarını endirmək üçün əməliyyat təşkil edib. Kənddə radikal İslamçı qruplarla əlaqəli şəxslərin yaşadığı iddiaları üzərinə daha əvvəl də axtarış keçirilibmiş.
Bu iddianı irəli sürən isə Avropa Birliyinin Terrorla Mübarizə İdarəsinin əlaqələndiricisi Giles de Kerçovedir. Açıqlamalarının birində o deyib: “İŞİD-in bir qism döyüşçüsünə Avropada hücumlar təşkil etmək üçün təlim verilməsi haqda məlumatlar var”.
Kerçove Avropa ölkələrindən Suriya və İraqa döyüşmək üçün gedənlərin sayının artıq 2 min nəfəri keçdiyini qeyd edib.
Heydər Oğuz
Strateq.az