Səudiyyə Ərəbistanının bəzi saytları eyd-ül-Fitr bayramının yanlışlıqdan bir gün tez qeyd olunması ilə bağlı informasiyalar yayıb.
Strateq.az Turan İA-ya istinadən bildirir ki, adıçəkilən informasiyalar Səudiyyə Ərəbistanı İslami Fiqh Assambleyasının üzvü Məhəmməd əl-Nəcmiyə istinadən yayılıb.
“Fitr bayramı cümə günü yox, sənbə günü olmalı idi və buna təəssüf edirik. Səudiyyə Ərəbistanı Ciddə şəhəri Astronomiya İdarəsi şəvval ayının hilalının görülməsi və Ramazan bayramının 17 iyul (cümə günü) elan olunmasının bir xəta olduğunu bəyan edib”, – deyə M.əl-Nəcmi bildirib.
Din aliminin sözlərinə görə, cümə axşamı günü Astronomiya İdarəsi şəvval ayının hilalı yerinə Saturun planetini görüb və bu ulduzun görünməsinə görə, Ərəbistan xalqı Ramazan ayının 30-cu gününün oruclarını yeyib.
M.əl-Nəcmi bunu da bildirib ki, bu səbəbə görə Səudiyyə xalqının üzərinə düşən kəffarəni hökumət özü ödəyəcək. Həm də bu günaha görə rəsmi ər-Riyad 1 milyard 600 milyon Səudiyyə rialı dəyərində kəffarə (günahın əvəzi olaraq) ödəyəcək. M.əl-Nəcmi bunu da bildirib ki, Səudiyyə Ərəbistanını şəvval ayının hilalı ilə bağlı səhv etməsi ilk dəfə deyil, bundan öncə də bir neçə dəfə belə hallar baş verib.
Daha sonra Tunisin müftisinin də televiziya ilə canlı yayımda cümə gününün Eyd-ül-Fitr bayram kimi elan olunmasının xəta üzündən baş verdiyini bəyan etdiyi xatırladılır. O deyib ki, cümə günü əslində Ramazan ayının 30-cu günü olub, şəvval ayının əvvəli şənbə gününə təsadüf edib. Son olaraq alim xatırladıb ki, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Tunis və bir neçə ərəb ölkəsi, eləcə də Türkiyə Fitr bayramını cümə günü qeyd ediblər.
Strateq.az