XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 July 2015 - 09:01

Eks-spiker Rəsul Quliyev: “Ömrü boyu müsəlman qanun-qaydası ilə yaşamışam”

Bir müddət əvvəl eks-spiker Rəsul Quliyevin dinlə bağlı verdiyi açlqlamalar mətbuatda onun üzərinə basqılarla müşayiət olundu. Hətta onun din haqda söylədiklərinin qəsdən başqa yönlərə çəkilməsi hallarına da rast gəlindi və iddia edildi ki, guya, Rəsul Quliyev “mən müsəlman deyiləm” söyləyib.

Bəs, Rəsul Quliyevin özü bu ittihamları necə qarşılayır? Eks-spikerin Moderator.az-a verdiyi müsahibəni Strateq.az oxucularına da təqdim edirik:

– Rəsul müəllim, bir müddət əvvəl dinlə bağlı verdiyiniz müsahibə ictimai rəydə ciddi rezonans doğurdu. Bir sıra mətbu orqanlar bəzi fikirlərinizə əsaslanıb sizi dinsizlikdə belə günahlandırdılar. Halbuki, həmin müsahibənin ruhunda sizin dinə, xüsusilə İslam dininə xüsusi simpatiyanız hiss olunurdu. Müsəlman aləminin “mənim kimi düşünmürsənsə, kafirsən” məntiqini necə qiymətləndirirsiniz?

– İlk növbədə, dini idarələrdə işləyən,oradan maaş alan, qanuniləşdirilmiş rüşvət yığanlarla İslamı qəbul etmiş insanların əməllərini, düşündüklərini eyniləşdirmək səfehlikdir. Dini liderlər, faktiki olaraq, fundamentalizmə, doqmalığa meyl edən şəxslərdir və onların təbliğatlarının məqsədi həm özlərinin qazanclarını artırmaq, həm də din vasitəsilə həyatın bütün sahələrində təsir gücünə malik olmaqdır. Cəmiyyətlərin hamısının ümdə vəzifəsi dinin gündəlik həyat normalarına təsirini azaltmaq və qanunlarla yaşamağa adət etmiş sivil vətəndaş münasibətləri yaratmaqdır. Yer kürəsində milyonlarla canlının yaranmasını və insanın formalaşmasının bir milyard illik tarixi vardır. 1 milyard ildir, canlıların müəyyən mərhələlərlə yaranması və məhv olması prosesi gedir. Hələ də elm bunların tarixini araşdırıb axırına çıxa bilməyib. Ancaq bugünkü insanın formaca və məzmunca (yəni, beyinin başqa canlılardan fərqli işləməsinin) mövcudluğunun, ən azı, 50 min il yaşı var. Təkallahlığı qəbul edən dinlərin – yəhudilik, xristianlıq və islamın – yaranmasının isə cəmi 2500, 2000, 1400 yaşı var. Yəni, bu dinlər qəbul olunanda artıq müxtəlif dillər, müxtəlif xalqlar, müxtəlif əlifbalar mövcud idi. Cəmiyyətin inkişafı ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm, açıq cəmiyyət mərhələlərini keçib bu günkü səviyyəsinə çatdığı – adidən aliyə doğru daim proqresiv inkişafda olmaq – kimi, təkallahlılıq dinləri də daima inkişafda olub. Xristianlı qyəhudi konservatizmini zəiflədərək daha proqressiv, islam isə xristianlığın bazasında olan fundamentalizmdən uzaqlaşmaq, elmin inkişafına yol açmaq qanunlarını qəbul etməklə cəmiyyəti daha da inkişaf etdirdi. İslam dini öz proqressiv qanunları ilə 500 il müddətində ərəb xilafəti və ətrafında olan ölkələrdə misilsiz inkişafa nail oldu. Qədim yunan alimlərinin əsərlərini tərcümə etməklə, o cümlədən cəbr, fizika, həndəsə elmlərinin inkişafı hesabına yeni texnologiya və texnika yaratdı. Məsələ ondadır ki, Quran ancaq təkallahlığı qəbul etməyənləri kafir adlandırır. Ərəb xilafəti dövründə onların işğal etdikləri heç bir ölkədə xristian və yəhudiləri zor gücünə müsəlman etməyiblər. Zor gücünə ancaq bizim kimi Zərdüştilyə sitayiş edənləri müsəlman ediblər. Başqa dinlərdən olanların zorla müsəlman edilməsi və onların kafir adlandırılması 15-ci əsrdə, yəni, Quranın yazılmasından 700 il sonra, Teymurlənglə başlayır. Xristianların kafir adlandırılmasında 13-cü əsrə qədər xristianların islamı məhv etmək üçün təşkil etdiyi səlib yürüşlərinin də rolu olub. Quranda isə dinlərə böyük hörmətlə yanaşılır, onların peyğəmbərlərinin adları tez-tez yad edilir, onlardan sitatlar gətirilir. İslamın təsiri altında fundamentalist katoliklərə qarşı protestantlıq hərəkatının vüsət aldığı, dinin proqressiv qanadının yarandığı vaxtda İslamda reqressiv təmayüllərin ortaya çıxması baş verdi və o vaxtdan İslam ölkələri tənəzzülə getməyə başladı. Dini kor-təbii, mahiyyətini anlamadan qəbul etmək nadanlıqdır, bu tip vətəndaşların çox olması isə xalqın faciəsidir. Mən belə şeylərə gözümü yumub yalandan “oruc tuturam, namaz qılıram” deyə bilmərəm. Yeri gəlmişkən, mənə yazırlar ki, siz düz deyirsiniz, heç 5 faiz nə oruc tutur, nə də namaz qılır, ancaq gərək, siz bunu deməyəsiniz, nüfuzunuza xələl gətirir. Mən ağ yalan üzərində qurulmuş istənilən şəxsin, həmçinin özümün nüfuzuma həmişə tüpürməyə hazıram – deyə bilmərəm. İnsanlar özlərinə bir sual verib ona cavab axtarmağa cəhd etməlidirlər. Məsələn, nəyə görə Allah yer kürəsində yaşayan 7 milyard insanın, – əgər biz hər şeyin Allahın yaratdığını qəbul ediriksə, – ancaq 2.5 milyardını tək Allaha inanan edib, yerdə qalanları bu və ya başqa şəkillərdə bütlərə və sairə əşyalara inandırır? Biz özümüzdən soruşmalıyıq: Tək Allaha inanan müsəvilər olduğu halda, nəyə görə onların içərisindən İsa peyqəmbəri yetişdirdi və daha proqressiv Xristian dinini yaratdı? Nəyə görə daha bir 600 ildən sonra Məhəmməd peyğəməri daha proqressiv yeni bir din – İslamı yaratmağa sövq etdirdi? Cəmiyyətlərdə inkişafın açarı rəqabətin yaradılmasındadır. 1000 illər bundan öncə yaranmış dinlər müxtəlif ölkələrin rəqabətini təşkil edən amillər olub. Zaman keçdikcə, rəqabətin yeni, daha proqressiv yolları kəşf edildikcə, dinin cəmiyyətdə idarəçilik rolu zəifləyib, daha doğrusu, mənəviyyat və əxlaq normalarına çevrilib. Mən dindar adam deyiləm, ancaq ömrü boyu müsəlman qanun-qaydası ilə yaşamışam. Avtobioqrafiya yazanda da “dinin” sualının qarşısında “müsəlman” yazıram. Ancaq bu, o demək deyildir ki, mən nə vaxtsa, kiməsə heç ucadan yox, daxilimdə belə, “kafir” deyə bilərəm.

– Müsahibənizdə İslam dinində islahatların aparılmasının vacibliyindən danışıbsınız. Sizcə, islahat hardan başlanmalıdır?

– İlk növbədə, İslamın müxtəlif qolları arasında geniş konfrans keçirilməli, onları ayıran münaqişələri aradan götürə bilən kitab tərtib etməlidirlər. İstəsəniz, onu “Qurana əlavə” də adlandıra bilərsiniz, sonra bu sənədi ümumi referenduma çıxarıb təsdiq etməli və daxildəki düşmənçiliyə son qoymalıdırlar. Bu, bir ilə və ya iki ilə baş tutan şey deyildir, ola bilər, 50 il lazım gələcək, ancaq başlamaq lazımdır. İkincisi, “faizlə kredit vermək günahdır və bu qəbildən digər maliyyə əməliyyatları ləğv etməlidirlər” kimi hökmlərə yenidən baxılmalıdır. Peyğəmbərin vaxtında indiki bank-finans sistemi olmayıb axı… Bu, neft ölkələrinə investisiyanın qarşısını saxlayan sədləri aradan qaldırmağa, selin coşğunluqla axmasına gətirib çıxardacaq. üçüncüsü, inkişafın qayçısı olan terrorizmi İslamın bir nömrəli düşməni elan etmək, bu işlə məşğul olanları rəsmi dindən xaric etmək lazımdır. Bir sözlə, terrorizmə total müharibə elan etmək lazımdır. Bunlar hamısı gözdən pərdə asmaq naminə konfranslar keçirməklə olmamalıdır. Təsir gücü olan hökümət başçıları, din xadimləri və terror aləmində məşhur liderlərin iştirakı ilə olmalıdır, qəbul olunmuş sənədlər Quran ayəsi qədər təsirli olmalıdır.

– Fikirlərinizdə haqlı olaraq bir məqamı qeyd edərək, deyirsiniz ki, oruc və namaz İslam dininin çoxsaylı əmrlərindən yalnız ikisidir. Bir sıra dind
arlar isə bu iki əmri yerini yetirməklə özlərini müsəlman hesab edirlər. Nəticədə bu gün Azərbaycanda zinakar, rüşvətxor, evyıxan hacılar ordusu əmələ gəlib. Sizcə, bu tendensiyanın özü İslama ən böyük zərbə deyilmi?

– Bilirsiniz, Azərbaycanda tanınmış çoxsaylı hacılar içərisindən 1 faiz keyfiyyətli adam tapa bilsəniz, çox böyük nailyyət olar. İndiki bu hacılar dəstəsinə baxıb M.Ə.Sabirin yazdıqlarından – aradan 100 il keçməsinə baxmayaraq – heç bir şeyin dəyişmədiyini görürsən. Həmin yekəqarın, qırmızısaqqallılar eyni qaydada yenə kasıbın çörəyini əlindən alır, başqasının malını zəbt edir, dost-tanışının arvadına xor baxır, bu gün təkcə geydiyi dəbdəbəli kostym, bağladığı qalstukla o dövrdəki hacılardan fərqlənir, mahiyyətcə, daha alçaq xarakterlidirlər.

– İslam təəssübkeşləri dində islahat fikrini yaxına buraxmırlar. 7-ci əsrin sosial həyatından qalan ənənələri “Peyğəmbər sünnətidir” deyib olduğu kimi tətbiq edilməsini istəyirlər. Nəticədə, İŞİD kimi başkəsən təriqətlər ortaya çıxır. Bu qorxunc hadisələri seyr edincə, beyində belə bir sual yaranır: Görəsən, Məhəmməd peyğəmbər indi yaşasaydı, o dövrdəki həyat tərzini yenidə davam etdirmək istəyərdimi?

– Məhəmməd peyğəmbər indi yaşasaydı, ya din yaratmaq fikirindən vaz keçərdi, ya da dinin yaradılmasını tam başqa müstəvidə həyata keçirərdi.

– İslamın təkallahlı dinlər arasında ən proqressiv din olduğunu deyirsiniz. Bəs, necə oldu ki, xristianlıq özünü yeniləşdirə bildi, amma daha yenilikçi ruha sahib olan islam hələ də bunu bacarmayıb?

– Yaxın şərqdə ilk dəfə Məhəmməd peyğəmbər hakimiyyətin seçki yolu ilə formalaşdırılmasını həyata keçirən insandır. Varisliklə hakimiyyətin verilməsinə qadağa qoyub. İlk dəfə Məhəmməd peyğəmbər qadınla kişinin eyni hüquqa malik olduğunu və “kişi arvadını boşayarsa, ömrünün axırına qədər onu təmin etməlidir” qanununu qəbul edib. Məhəmməd peyğəmbər ilk dəfə insanlara xidmət edən elmi müqəddəslik səviyyəsinə qaldırıb və elmin inkişafına xüsusi şərait yaradıb. İslamın bu proqressiv qanunları 100 ildən 100 ilə inkişaf etmək əvəzinə, reqressivliyə doğru gedib, amansız diktatura rejimləri bərpa olunub, inkişaf dayanıb, 20-ci əsrdən etibarən isə terrorizm artıb. Amma xristianlıqda əks proseslər gedib.14-cü əsrdən Katolik doqmasından ayrılıb proqressiv protestantlıq yaradılıb. ölkələrdəki dövlət quruculuqları diktaturadan demokratiyaya doğru inkişafa başlayıb.

– Müsahibədə doqmatik müsəlman olmadığınızdan bəhs edibsiniz. Bu, əslində sizin müsəlman olduğunuzundan və dində müəyyən yeniləşmə istəyinizdən xəbər vermirmi?

– İnsanlar “istənilən məsələdə keçmişdə baş verənləri doqma kimi qəbul edirsənsə, deməli, beynində durğunluq başlayıb və heç vaxt heç nəyə nail ola bilməzsən” fikrini anlamırlar. Yalandan yaxalarını cırıb “mən müsəlmanam” deyən başıboşlardan bu yazıq dinə nə xeyir dəyə bilər? Yəhudilər arasında neçə faiz Tövratın yazdıqları ilə yaşaya bilər? Fikrimcə, 5 faizdən yuxarı olmaz. Məgər yerdə qalan 95 faiz yəhudi deyil? Xristianların neçə faizi Bibliyada yazıldığı kimi yaşayır? Yenə həmin 5 faiz ortaya çıxar. Bəs yerdə qalanlar xristian deyil? Eyni vəziyyət müsəlman dinində də mövcuddur. Buna görə kimisə müsəlman hesab etməmək əbləhlikdir. Azərbaycanda vəziyyət tam başqadır. Bu ölkədə mənəvi, əxlaqı keyfiyyəti ilə Məhəmməd peyğəmbərin standartlarına uyğun müsəlmanların sayı heç bir faiz də deyildir. Bu standartlara uyğun olanlardan biri də mənəm, baxmayaraq ki, bu gün İslamda bir çox qanunların lazımsız və ziyanlı olduğunu qeyd edirəm.

– Demokratik cəmiyyət dini tolerantlığı tələb edir. Quranda da ayələrin birində “dində zorakılıq yoxdur” bildirilir. Sizcə, bütün dinlərə eyni məsafədə dayanmağa çalışan Rəsul Quliyevmi, yoxsa onu dinsizlikdə ittiham edən “namazqılan”larmı daha müsəlman təsiri bağışlayır?

– Allah azərbaycanlıları o saxta müsəlmanlardan saxlasın.

Moderator.az