XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 July 2015 - 16:54

İran qazı dünya bazarına necə çıxarılacaq? – Təhlil

İranla imzalanan nüvə sazişindən təsirlənən sahələrdən biri də qlobal qaz layihələri olacaq. Dünyanın ən böyük qaz istehsalçılarından biri kimi tanınan İranın bu təbii sərvəti bazara axdıqca, həm Avropanın, həm də Asiyanın enerji təhlükəsizliyi qarantiya altına alınaraq, Rusiyanın inhisarından qurtulacağı güman olunur.

Bəs, BMT TŞ-nın İrana qarşı sanksiyalarının ləğvindən sonra bütün sənaye ölkələrinin böyük ümidlə baxdığı bu röya necə gerçəkləşəcək? İran qazının dünya bazarına çıxarılması əsasən hansı marşrut üzərindən keçəcək?

Türkiyənin Anadolu Agentliyinin bu barədə hazırladığı yazını Strateq.az oxucularına təqdim edirik:

“Nüvə razılaşmanın ardından İran təbii qazının Asiya və Avropa bazarlarına ixracı üçün Pakistan və Türkiyə iki ən kritik marşrut olaraq önə çıxır. Beynəlxalq bazarlara ixracatını artıracaq İranın öz təbii qazını Hindistan və çin bazarlarına çatdırmaq üçün Pakistan, Avropa ölkələrinə çatdırmaq üçün isə Türkiyə xəttindən istifadə ediləcəyi gözlənilir.

İldə orta hesabla 8 milyard kubmetr təbii qazın daşınacağı gözlənilən İran-Pakistan boru xəttinın ölkənin güneyindəki Cənubi Pars qaz sahəsindən Pakistan sərhədinə qədər çəkilib tamamlandığı bildirilir. Ancaq Pakistan boru xəttinin öz sərhədləri içində qalan hissəsini hələ tamamlamayıb.

İrana qarşı sanksiyalardan çəkinən Pakistan boru xəttini 2013-cü il mart tarixinə qədər bitirəcəyini bildirsə də, ABŞ Xarici işlər Nazirliyindən sərt reaksiyayla qarşılaşmış və inşaat işlərini dayandırmışdı. ötən həftə əldə olunan nüvə razılaşmasından sonra sanksiyaların ləğvi gündəmə gəldi və xəttin inşasına davam etmək zərurəti yenidən yarandı.

Enerji qıtlığı və elektrik kəsintiləriylə qarşı-qarşıya olan Pakistanın, təxminən, 2 milyard dollarlıq boru xəttini tamamlaya bilməsi üçün çin Dövlət Enerji Şirkəti – CNPC ümumi xərcin 85%-ni öz boynuna götürdüyünü açıqlayıb. Layihənin ilk hissəsinin 2017 sonunda, geri qalanının isə 2020-ci ilə qədər tamamlanması gözlənilir. Pakistanın Gavadar şəhərindən ölkənin şimalında yerləşən paytaxt İslamabada çəkiləcək təbii qaz boru xəttinin ordan çinə qədər uzanması nəzərdə tutulur.

İran təbii qazının dünya bazarına çıxarılmasında bir digər marşrut isə ölkənin cənubundan başlayıb, Oman körfəzinin altından keçərək Omanın şimalına qədər uzanması gözlənilən xətdir. İran Oman sahilində mayeləşdirilmiş təbii qaz qurğusu inşa edərək, təbii sərvətini buradan dünya bazarlarına gəmilərlə daşımağı planlaşdırır. İran yetkililəri bu layihəni müzakirə etmək üçün aprel ayında Omandan bir nümayəndə heyətinin Tehrana səfər etdiyini bildirmişdi.

Mütəxəssislər İran təbii qazının Avropaya ixracında ən məhsuldar yolun Türkiyə üzərindən keçəcəyi mövzusunda həmfikirdirlər. Hal-hazırda Təbriz-Ankara boru xətti ilə ildə ortalama 10 milyard kubmetr təbii qaz alan Türkiyə gələcəkdə İran qazını Avropaya nəql edə biləcək.

Haaqa Strateji Araşdırmalar Mərkəzinin mütəxəssisi Sijbren de Jong Avropanın orta və uzun zaman kəsimində qaz tələbatını ödəmək üçün alternativlər yarandığı və İran qazının Türkiyə üzərindən daşınacağı təqdirdə, Avropada rəqabətin artacağı və qaynaqların çoxalacağı fikrindədir.

Türkiyə üzərindən Avropaya axacaq qaz layihələrindən biri də TANAP-dır. 2018-ci ildə tamamlanması gözlənilən kəmərlə Azərbaycandan ilk mərhələdə ildə ortalama 18 milyard kubmetr qaz daşınması planlaşdırılır. Bu rəqəmin 2023-cü ildə 23 milyard kub metrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması hədəflənir. Mütəxəssislər bu iki ölkənin bir-birinə alternativ olmadığı fikrindədirlər. Onların fikrincə, gələcəkdə həm Azərbaycandan, həm də İrandan alınan təbii qaz miqdarında hətta artım ola biləcək.

Təbriz-Ankara boru xəttiylə yanaşı, İranın Cənubi Pars qaz sahəsindən Türkiyəyə yeni bir xəttin çəkilməsi də müzakirə olunan layihələr arasındadır. İran-Avropa və ya IGAT-9 adlanan bu yeni xəttin İranın qərbində 1800 kilometrlik bir məsafəni qət edərək Türkiyə sərhədinə çatdırılması planlaşdırılır. Layihənin təxminən 8 milyard dollara başa gələcəyi və ildə ortalama 35 milyard kubmetr qazın Türkiyə üzərindən Yunanıstan, İtaliya və digər Avropa ölkələrinə daşınması gözlənilir”.