XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

22 İyul 2015 - 10:42

Rusiya “nüvə sazişi”ni niyə dəstəklədi?-Neft-qaz ölkəsindən sənaye dövlətinə keçid – Təhlil

İranla bağlanan nüvə sazişində Rusiya xüsusi rol oynadı. “Altılıqlar” kimi tanınan dövlətlərin liderləri də bunu etiraf edir, xidmətlərindən dolayı rəsmi Moskvaya minnətdarlıqlarını bildirirlər. Saziş imzalandıqdan sonra Obamanın rusiyalı həmkarına zəng edib təşəkkürünü çatdırması bunun ən bariz örnəyidir və əslində heç təsadüfi də deyil.

Nədən ki, bir çox ekspertlərin fikrincə, Rusiya olmasaydı, nüvə sazişi də imzalanmayacaqdı. İranın Qərb dövlətlərinə güvənməməsi, böyük ehtimalla, bu addımı atmasını əngələyəcəkdi. Rusiya və çinin konstruktiv mövqeyi Tehranı illərdən bəri yürütdüyü bu siyasətdən geri çəkilməyə həvəsləndirdi, dünya ictimaiyyətini sevindirdi.

Maraqlıdır ki, sözügedən saziş əslində Rusiyanın neft-qaz strategiyasına qarşı yönəlib. Sanksiyaların ləğvindən sonra dünya bazarına çıxarılan İran təbii sərvətlərinin qiymətlərə ciddi təsir edəcəyi, onu daha da aşağı salacağı gözlənilir. Artıq bu ucuzlaşmaların ilkin işartıları da görünməyə başlayıb. Vyana görüşündən sonra “Brend” markalı neft son illərin ən ucuz həddinə enib, ucuzlaşma prosesi hər gün davam edir. Son göstəricilərə görə, 1 barel neft 56.6 dollara satılır.

Bu ilin sonuna qədər kiçik aralıqlarla enmə trendi göstərən qiymətlərin 2016-cı ildən etibarən daha da ucuzlaşacağı təxmin olunur. Zira İrana qarşı sanksiyalar altı aydan sonra nəticə verəcək. Nəticədə dünya bazarına tələbatdan daha çox daxil olan neft və qaz məhsulları, istər-istəməz, qiymətlərə də təsir göstərəcək.

üstəlik, İranın qlobal bazarda yeni alıcılar tapmaq ehtimalı digər körfəz ölkələrini də amansız rəqabətə təşviq edir. Xüsusilə, İrana hər zaman ən önəmli rəqib kimi baxan Səudiyyə Ərəbistanı öz alıcılarını əldən çıxa biləcəyindən ehtiyatlanır və bunu açıq şəkildə dilə gətirir. Rəsmi Riyad bu rəqabətdə əzəli düşməninə uduzmamaq üçün, lazım gələrsə, neftini ən minimum qiymətə satacağını da gizlətməyib.

Sözsüz ki, Körfəz ölkələrinin bu amansız rəqabətindən də ən çox əziyyət çəkənlərdən biri yenə Rusiya olacaq. Hətta gözlənilən rəqabət bu qədər amansız səviyyədə yaşanmasa belə, qiymətlərin indiki tempdə ucuzlaşması şimal qonşumuz üçün ağır iqtisadi nəticələr doğura bilər. Ekspertlərin hesablamalarına görə, qiymətlər 50 dollara qədər enərsə, rus nefti öz əhəmiyyətini itirəcək, ölkədə görünməmiş infilyasiya başlayacaq, 1 dollar yenə 70 rubla bərabər olacaq. Neftin gözlənilən bu kritik həddə çatmasına isə bir şey qalmayıb. Onu kritik həddən yalnızca 6-7 dollar ayırır. Hətta Amerika neft bazarında qiymətlərin indidən 50 dollardan aşağıya düşdüyü bildirilir.

İrana qarşı sanksiyaların ləğvi Rusiyanın təbii qaz strategiyasına da ciddi zərbələr vura bilər. Halbuki, bu, həmin Rusiyadır ki, Avropanın qaz tələbatını öz inhisarında saxlamaq üçün əlindən gələni etmişdi. Həm Türkmənistanın, həm Azərbaycanın təbii sərvətlərini öz borusuyla Avropa daşımağa hazırlaşmış, bunu istəməyən super güclərlə kəllə-kəlləyə gəlmiş, böyük bədəllər ödəməkdən çəkinməyəcəyini ortaya qoymuşdu. Hətta Ukrayna böhranının belə bu strategiyadan doğduğuna inananlar var.

Ukrayna uğursuzluğundan sonra bir neçə alternativ layihələr irəli sürən Moskvanın asılılığına düşmək istəməyən Qərb onun bu siyasətiylə razılaşmır, TANAP kimi layihələrə daha rəğbətlə baxırdı. Di gəl ki, Rusiyanın Cənubi Qafqaza, o cümlədən Azərbaycana təsir imkanları hər zaman bu layihələrin perspektivinə inamı azaldırdı. Sanksiylardan azad olmuş İran qazının Avropaya rahatlıqla nəqli potensialı Rusiyanı bu imkandan da məhrum edəcək.

Belə bir ağır nəticələrə baxmayaraq, Kremlin İrana qarşı sanksiyaların ləğvinə çalışması, həqiqətən, təəccüb doğurur. Mütəxəssislər bunu bir neçə amillə izah etməyə çalışırlar.

Əsas amil başı Yaxın Şərq və Ukraynada qalmaqallara qarışan Rusiyanın artıq bu ədavəti davam etdirə bilməməsiylə əlaqələndirilir. Etimallara görə, özü də sanksiyalarla zəifləyən Moskva yaxın ətrafında növbəti gərginlik mənbəyinin yaranmasını istəmir. Əks təqdirdə daha artıq dirənə bilməyəcəyindən çəkinən Rusiya İran kimi regional müttəfiqini ya itirə, ya da beynəlxalq güc mərkəzləriylə mübarizədə onu yalnız buraxa bilər. Bu da Rusiyanın Yaxın Şərqdən ABŞ-ın xeyrinə geri çəkilməsiylə eyni mənaya gəlir.

Rəsmi Moskvanın İranla bağlanan sazişdən ikinci bir gözləntisi hərbi-strateji məqsədləriylə bağlıdır. İrana qarşı həyata keçirilən sanksiyalar Rusiyanın bu ölkəylə hərbi əməkdaşlığının qarşısını alırdı. Nə qədər ABŞ-a qarşı sərt mövqe ortaya qoymağa çalışsa da, Moskvanın bir çox məsələlərdə cızığından çıxmaq istəməməsi müşahidə olunurdu və bu, indi də belədir.

Xarici siyasət kursunda beynəlxalq hüquq normalarını bacardığı qədər göz önündə tutmağa çalışan, dünya ictimaiyyətinin daha artıq tənqidindən yayınan Putin administrasiyası dünyanın ən böyük gücləriylə konfliktə getməkdə maraqlı deyil. Əks təqdirdə çözümsüzlükdən yana tövrləriylə bütün böyük güclər tərəfindən düşmən kimi qəbul edilə, I və II Dünya müharibələrində faşıst Almaniyasının durumuna düşə bilər.

Görünür, bu səbəbdən BMT TŞ-nın iclaslarında İranı dəstəkləyən Rusiya son anda sanksiyaların tətbiqinə razı oldu və səs verdiyi qərarların məcburi icraçısına çevrildi. Nəticədə cənub qonşusuyla bağladığı müqavilələrə əsasən, İrana xeyli miqdarda müasir silahları satacağı halda, o, indi bu imkanını da itirdi. Hətta İran Rusiyanı 2007-ci ildə S-300 raketlərini almaq üçün bağladıqları sazişə əməl etmədiyinə görə, beynəlxalq məhkəməyə belə vermək istəyirdi. Büdcəsinə 1 milyard dollara yaxın pul qazandıracaq bu ticarət, böyük qənimət sayılmasa da, ağır iqtisadi durumda olan Rusiya üçün önəmsənməyəcək miqdar da deyil.

üstəlik, dinc məqsədli nüvə proqramı adıyla Rusiyanın İrana 2 milyard dollarlıq investisiya qoymaq planları var. Buna görə də Rusiya İranla bağlanan nüvə sazişində əsas diqqəti silah embarqolarının ləğvinə yönəltməyə çalışırdı. ölkənin Xarici İşlər nazirinin müavini Sergey Ribakovun məsələylə bağlı aşağıdakı açıqlamaları, zənnimizcə, Rusiyanın niyyətinə tam aydınlıq gətirir: “Anlaşmanın ardından silah embarqolarının dərhal ortadan qaldırılmasının vacibliyinə inanırıq. Biz silah emborqosunun ləğvinin təcili və öncəlikli olaraq həyata keçirilməsinı çalışacağıq”.

Sergey Ribakovun qeyd etdiyi kimi, hələ Lozanna görüşmələrində ilk müsbət nəticələr ortaya çıxar-çıxmaz, Vyanada imzalanacaq sənədi belə gözləməyə səbri çatmayan Rusiya müdafiə nazirinin
İrana səfər etməsi və keçmişdə bağlanmış müqavilələrin yenidən qüvvəyə mindiyini elan etməsi
Kremlin nüvə sazişində niyə bu qədər canfəşanlıq etdiyinin əsl səbəblərindən birinə işıq tutur.

Kremlin bir başqa niyyəti sazişdən sonra bölgədə yaranan yeni geopolitik durumdan istifadə edərək özünün dünya dövləti olduğunu regional və super güclərə qəbul etdirmək idi. Rusiyanın dəstəyi ilə əldə olunan saziş onun geosiyasi mövqeyini gücləndirməklə qalmayacaq, həm də iqtisadi gücünə güc qatacaqdı. İranın bölgədə yaratdığı yeni rəqabət ortamı digər regional qüvvələrin fərqli bir himayədara ehtiyacını da artıracaqdı.

Sanksiyalardan sonra İrana qarşı mövqeyini qorumağa çalışan Körfəz ölkələrinin öz təhlükəsizliklərini təminat altına almaq üçün Rusiyanın himayəsinə sığınması Kremlin proqnozlarında yanılmadığını ortaya qoyur. Təsadüfi deyil ki, Vyana görüşündən sonra Moskvanı ilk ziyarət edən Səudiyyə Ərəbistanının vəliəhdi və müdaifə naziri Məhəmməd bin Salman oldu. İki ölkə arasında bağlanan müqaviləyə görə, Rusiya Səudiyyə Ərəbistanında da atom elektrik stansiyası tikəcək, rəsmi Riyada xeyli silah-sursat satacaq. Eyni addımların digər körfəz ölkələri tərəfindən də təkrarlanacağını gözləmək olar. Bu isə, öz növbəsində, Rusiyaya ciddi miqdarda kapital qazandıra bilər.

Rəsmi Moskvanın nüvə sazişinin imzalanmasında başlıca məqsədlərindən biri onun ağır sənaye maraqları ilə bağlıdır. Zira dünya iqtisadiyyatına yenidən inteqrasiya imkanı qazanan, xarici banklarda dondurulmuş hesabları açılan və qısa müddət ərzində zənginləşən İranın öz sənaye müəssisələrini modernləşdirmək və yenidən qurmaq arzusu var və bunun uğrunda indidən Avropa ölkələri arasında ciddi yarış başlayıb. Xüsusilə Almaniyanın İranda daha erkən mövqe əldə etməyə çalışması gözlərdən qaçmır.

Eynilə rus ağır sənayesi də İran bazarına açılmaq istəyir. Avropa ölkələriylə rəqabətə dayana bilməyəcək Rusiyanın İranın yenidən quruculuğunda iştirakı üçün daha özəl səbəblər olmalıdır. Görünür, Rusiya nüvə sazişində göstərdiyi xidmətlərə görə, İrandan “qardaş payı” almaq ümidindədir. İranın bu “qardaşlığı”, yoxsa iqtisadi maraqlarını ön planda tutacağını isə zaman göstərəcək.

Bütün bu deyilənlərdən bir nəticəni çıxarmaq olar: Rusiya İran sazişiylə neft və qaz strategiyasında itirdiklərini, ağır və hərbi sənaye potensialını yüksəltməklə kompensasiya etmək, Yaxın Şərqin yeni himayədarı rolunu oynamaq niyyətilə bu riskli oyuna girib və ilk mərhələdə öz məqsədlərinə nail olub.

Heydər Oğuz

Strateq.az