XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

22 İyul 2015 - 21:36

Rauf Arifoğlunun da satılmaq haqqı var! – Onu “ifşa etməyin” tək yolu…

İsa Qəmbər Rauf Arifoğlunu tamamilə və həmişəlik itirdiyinə əmin olduqdan sonra ortaya mövqe qoydu!

2fa57c237f0b

Azərbaycan mətbuatının 140 illiyi tədbirlərinə, belə görünür ki, iki hadisə damğasını vurdu – 800-ə yaxın jurnalistin fəxri ad istəyilə dövlətə müraciət etməsi və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna “Əməkdar jurnalist” adının şəxsən Prezident İlham Əliyev tərəfindən təqdim olunması.

Birinci hadisə barədə uzun-uzadı danışmağa ehtiyac qalmayıb, görünən dağa nə bələdçi? Dövlətin jurnalistə mükafat, fəxri ad verməsi məsələsi ətrafında mübahisə etmək olar. Kiməsə görə, bu normaldı, başqaları hesab edir ki, anormal. Amma jurnalistin dövlətdən fəxri ad dilənməsi hadisəsinin mübahisə ediləcək heç bir yanı yoxdur və bunun kəsə adı rəzillikdən başqa bir şey deyil. Belə görünür ki, Azərbaycanda da bu rəzilliyi özünə rəva bilən, azı, 800 jurnalist var və bu gün onlardan istəyi havadan asılı qalan, təxminən, 650 nəfərinin hansı hisslər keçirdiyi çox maraqlıdır. Az da olsa, xəcalət hissi bu insanları basıbmı?…

İkinci hadisə – İsa Qəmbərin təbirincə desək, Rauf Arifoğlunun hakimiyyətlə “barışması” haqda isə bir qədər ətraflı danışmağa ehtiyac var.
Elə ondan başlayaq ki, illərdir Rauf Arifoğluna qarşı istər Müsavatın daxilindən, istərsə də kənardan edilən hücumların qarşısında dağ kimi dayanan, haqlı-haqsız, baş redaktoru müdafiə edən, ona etimadının tam olduğunu, “Rauf Arifoğluna hücum, Müsavata hücumdur” deyən İsa Qəmbər, indi niyə mövqeyini dəyişdi və R.Arifoğlunun əleyhinə kampaniyaya qoşuldu? Nə baş verdi? Belə çıxır ki, İsa Qəmbər Rauf Arifoğluna hər şeyi rəva bildi, bircə Prezidentlə görüşdən başqa?

181-300x225Bu haqda dərin düşüncələrə dalmağa ehtiyac yoxdur – İsa Qəmbər Rauf Arifoğlunu tamamilə və həmişəlik itirdiyinə əmin olduqdan sonra ortaya mövqe qoydu. İsa Qəmbər hesab edirdi ki, R.Arifoğlunun hakimiyyətlə yaxınlaşması nəinki pisdir, əksinə, bunun müəyyən qədər faydası da ola bilər. Məsələn, Rauf Arifoğlunun mandat alması hesabına Müsavatı parlament partiyasına çevirmək, dövlət maliyyələşməsindən yararlanmaq olardı. Bu, alınmasa belə, “Yeni Müsavat” mövcudluğunu, hakimiyyətlə yaxınlaşma hesabına əldə olunan resurslarla populyarlığını qorumaqla, bundan sonra da İsa Qəmbərin, Müsavatın tribunası kimi qala bilərdi. Lakin İsa Qəmbər bu hesablamasında da yanıldı. Nəzərə almadı ki, R.Arifoğludan birmənalı mövqe tələb olunacaq və bu zaman baş redaktor seçim etməkdə heç bir çətinlik çəkməyəcək. R.Arifoğlu Prezidentlə görüşdən az əvvəl Müsavat partiyasının üzvlüyündən imtina etməklə, gələcək planları ilə bağlı maraqlı tərəflərə açıq mesaj vermiş oldu. Belə görünür ki, bu mesajdan öz payını alanlardan biri də cənab İsa Qəmbər olub.

İsa Qəmbərin son ana qədər Rauf Arifoğludan ümidini üzməməsini, “ona etimadım tamdır” deyə, köhnə silahdaşına sahib çıxmasını anlamaq çətin deyil. Axı heç kimə sirr deyil ki, məhz Rauf Arifoğlunun sayəsində İsa Qəmbər 2003-cü ildə hakimiyyətin real alternativinə çevrilə bilmişdi! Onun apardığı ağıllı və cəsarətli təbliğat olmasa, 2003-dəki Müsavat (İsa Qəmbər) öz gücünün, azı, 50 faizindən məhrum olacaqdı. Bu xidmətlərinə, bacarığına görə İsa Qəmbər Rauf Arifoğlunu itirmək istəmirdi. Həm də o, Müsavatın başqanlığından getsə də, iddialarından hələ imtina etməyib axı…

Rauf Arifoğlu niyə mövqeyini dəyişə bilməz?

11164737_361796967359300_7132766243378557558_n“Yeni Müsavat”ın baş redaktorunun hakimiyyətin xeyrinə seçim etməsindən ən çox qəzəblənənlər isə, şübhəsiz ki, Milli Şurada olanlardır.

Aylardır Cəmil Həsənlinin fəal iştirakı ilə sosial şəbəkələrdə Rauf Arifoğlu “satqın” adlandırılır və onun əleyhinə kampaniya aparılır. Hələlik nəticə budur ki, Prezident şəxsən Rauf Arifoğlunun yaxasından medal asdı. Bir neçə aydan sonra onun Cəmil Həsənli, Əli Kərimli və digərlərinə parlament tribunasından cavab verəcəyinə şübhə edənlər isə yox kimidir.

Sual olunur: son 10-12 ildə müxalifət cəbhəsini, azı, 50 min adam tərk edibsə, indi Milli Şuradakılar və digərləri Rauf Arifoğlunun da bu sıraya qoşulmasını niyə həzm edə bilmirlər? Bu cəbhəni Etibar Məmmədov, Rəsul Quliyev, Lalə Şövkət kimi prezidentliyə real namizədlər tərk edəndə, böyük-böyük partiyalar zəlzələdən sonrakı uçqun kimi darmadağın olanda indiki kimi fırtına qopmamışdı. “Yeni Müsavat”dan əvvəl çoxtirajlı radikal qəzetlər, jurnallar səngərdən qaçanda da heç kim bunu hiss etməmiş, hadisəyə çevirməmişdi. Belə çıxır ki, hamı mövqeyini dəyişə, Milli Şuradakıların, “Azadlıq” qəzetinin təbirincə desək, satqın ola bilər, bircə Rauf Arifoğludan başqa?!

Bir insanı, – fərqi yoxdur jurnalist, lider, yaxud sıravi olsun, – zorla müxalifətdə saxlamaq olarmı? Rauf Arifoğlu daha nəyi etiraf etməlidir ki, ondan əl çəksinlər? Bu, ona bənzəyir ki, cinayətkar öz cinayətini yerli-yataqlı etiraf edir, amma müstəntiqlər ondan əl çəkmirlər. Yenidən etirafa məcbur edirlər. Bəzən, hətta buna işgəncə ilə nail olmaq istəyirlər.

Aylardır, hətta illərdir Rauf Arifoğlunun “satqın” olduğu ifşa olunur. Amma bu ifşalar bitib-tükənmək bilmir. Hər dəfə baş redaktor yenidən etirafa çağırılır. Halbuki, məsələ bu qədər sadədir: Rauf Arifoğlu daha müxalifətçi deyil, İsa Qəmbərin və yaxud bir başqasının hakimiyyətə gəlməsi üçün çalışmayacaq, zindanlara düşməyəcək, naxçıvanlıları Xəzərə tökməyə səsləməyəcək, daha “PKK simpatizanları”ndan, “tayfa hakimiyyəti”ndən yazmayacaq! Qurucusu olduğu qəzeti də hakimiyyət əleyhinə səngərə çevirməyəcək!

Bundan sonra rahat yaşamaq, siyasi-iqtisadi bizneslə məşğul olub pul qazanmaq, övladlarına, yaxınlarına yaxşı bir gələcək qurmaq istəyir. Siz buna “satqınlıq” deyirsiniz, öz qəhrəmanınızı ya tribunada, ya da dar ağacında görmək istəyirsiniz, amma o, bunu “dövrün dəyişən tələbi”, “praqmatizm”, “reallıq” adlandırır.

Kim bundan narazıdırsa, buyursun, Rauf Arifoğlunu əvəz etsin, onun boşaltdığı yeri dolduraraq hakimiyyətlə döyüşsün. Elə məsələ də bundadır… Məsələ ondadır ki, bizim millətimiz qladiator döyüşlərini sevir – amma tribunadan baxmaq şərtilə. Heç kim döyüş meydanında olmaq istəmir. Tək-tük istəyənlər də o qabiliyyətin yiyəsi deyillər…

Rauf Arifoğlunu “ifşa etməyin” yeganə yolu…

img1512105Rauf Arifoğlunu “ifşa etməyin” isə, cəmi bir yolu var: 20 ilə yaxındır əldən vermədiyi BİRİNCİLİKDƏN onu devirmək!

Şübhəsiz ki, hakimiyyət “Yeni Müsavat”la işləyir və bu siyasətin, təşəbbüsün müəllifi kimdirsə, Rauf Arifoğlunu neytrallaşdırmaqla, YAP iqtidarına böyük yaxşılıq etmiş olub.

Lakin burda maraqlı bir ziddiyyət diqqəti çəkir. 90-cı illərin ortalarından sonra, Azərbaycanda bir qayda olaraq, kəskin müxalif mövqeli KİV-lər uğur qazana bilib. ölkədə yalnız belə qəzetlərin oxucu-alıcı kontingenti var. Digər bütün layihələr, böyük pullar yatırılmasına baxmayaraq, iflas olub. Bu tendensiya daha sonra onlayn mediaya da sirayət etdi.

Lakin nə işdirsə, radikal müxalif mövqedən imtina etmiş, bütün siyasi qüvvələrlə bərabər məsafəyə, son aylarda isə hətta iqtidarla daha yaxın məsafəyə çəkilmiş “Yeni Müsavat” qəzeti və onun onlayn versiyasi (Musavat.com), təxminən, 20 ilə yaxındır media sektorunda davam edən liderliyini qorumaqda davam edir və belə görünür ki, hələ bundan sonra da davam edəcək. Ən yaxın izləyicisi “Azadliq” qəzeti və onun onlayn versiyası (azadliq.info), azı, 2 dəfə geridədir. Sual olunur: oxucu “satqın” Rauf Arifoğlunun qəzet və saytlarından niyə imtina etmir?

Cəmiyyət satqınlığa bəraət verib, hətta təqdir edən vəziyyətə gəlib, yoxsa rəqiblərin bacarıqsılzlığı, işbilməzliyinin bunda rolu var?

Fikrimizcə, hər ikisinin rolundan danışmaq olar. 10-15 il əvvəldən fərqli olaraq, indi hakimiyyətlə aşkar-gizli əlaqələr prestijə çevrilib, belələri cəmiyyət arasında hörmət-izzət sahibi olublar. Daha heç kim “sən satqınsan” deyə belələrinin üzünə tüpürmür!

Amma məhz ikinci amil – Rauf Arifoğlunun media bazarındakı rəqiblərinin bacarıqsızlığı onun bu qədər ciddi əhəmiyyət qazanmasında böyük paya malikdir.

Neçə ki R.Arifoğlunun media quruluşları bu bazarda aparıcı mövqeyə malik olacaq, “Azadlıq” qəzetinin, Milli Şura və AXCP rəhbərliyinin onun “ifşası” istiqamətindəki çalışmalarının qara qəpikdən artıq dəyəri olmayacaq. Əksinə, bu hücumlar onu daha da gücləndirəcək, hakimiyyətin yanında dəyərini artıracaq. Təsadüfi deyil ki, görüşdən dərhal sonra R.Arifoğlu Prezidentin onun yaxasına medal taxdığı an çəkilmiş fotonu Feysbukda bu qeydlə paylaşdı: “Həə. Bu da günün fotosu. Prezident xidmətimizi şəxsən qiymətləndirdi. Sağ olsun, təşəkkürlər. (Kərimovçu zombilər, hadi, görəyim sizi!!!!)”
Yəni döşəyin gəlsin ki, iqtidar mənim dəyərimi daha çox anlasın, sayənizdə 3 aydan sonra yaxama deputat nişanını da taxa bilim…

ümumiyyətlə götürdükdə isə, hər bir media quruluşunun sərbəst şəkildə informasiya siyasətini müəyyənləşdirmək haqqı var. Nəhayətdə, media da biznesin bir növü deyilmi? Davamlı olaraq oxucusuna yalan, uydurma, hansısa maraqlara xidmət edən məlumatlar sırıyan media quruluşunun uzaq getmək şansı yoxdur. Oxucusunun etimadını itirən sahibkar, ilk növbədə, öz maraqlarına, biznesinə zərbə vurmuş olur. Rauf Arifoğlu bu yolu seçmək istəyirsə, kim onun qarşısında dura bilər?

Qısası, Rauf Arifoğlunun da satılmaq haqqı var və heç kim bu haqqı onun əlindən ala bilməz!

Satılmayanlar, satılmaq istəməyənlər, SATILA BİLMƏYƏNLƏR yoluna davam etsin!

Elnur MƏHƏRRƏMLİ
AzPolitika.info