XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

22 İyul 2015 - 23:31

Heydər Əliyev belələrini suyu süzülən sərçəyə döndərirdi – Cahangir Əsgərov nəyi unudub?

1424937656_01

AZAL prezidenti Cahangir Əsgərovun Azərbaycan dilində düz-əməlli danışa bilməməsi Azərbaycanda heç kəsə sirr deyil. Bu “elitar məmur”un Azərbaycan dili səviyyəsini müəyyən etmək üçün ondan 5-ci sinif “Azərbaycan dili” testindən imtahan götürmək kifayətdir – nəticəni görəcəksiniz… Ancaq bu mötəbər şəxsin Azərbaycan dilində danışması bir tərəfə, bu dildə anlamasında da problemlər olmasına dair şübhələr yaranır. Yoxsa, ölkə başçısının 13 iyul çıxışında AZAL-ın qiymət siyasətinə dair dediklərini anlamamaq, qanmamaq üçün başqa səbəb tapmaq olmur – görəsən, bu çıxışı onun üçün tərcümə edən də tapılmayıb?

Əslində ola bilər ki, tapılmayıb, öz işçilərinə söyəndə də rus dilində söyən və məmur elitamızın ən toxunulmazlarından sayılan bu şəxs ancaq ona xoş olan şeyləri eşitməyə öyrəşib ki, bunlara da Azərbaycan dilində ifadə olunan heç bir kəlmə, ifadə aid deyil…

Bəlkə də başa salan olub, ancaq başa düşmək istəməyib. Prezident isə adi Azərbaycan dilində bu adama başa salmağa çalışdı: “…AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət – Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır”.

Yəni ki, nə oyundan çıxdığınızı bilirik, bəsdir! Ancaq AZAL-ın son günlərdə, guya, qiymətlərin endirilməsi ilə bağlı hiyləgər manevrlərinin mənası odur ki, heç nə dəyişməyəcək. “23 kilodan aşağı baqaj üçün 50 manat”, “ucuzlaşma təyyarədəki yerlərin yalnız 30 faizinə şamil olunacaq” və sair şərtlər sadəcə o deməkdir ki, cəhənnəm olun, Gürcüstandan, lap Ermənistandan, hardan istəyirsiniz uçun, biz beləyik və heç kimi saymırıq!

Cahangir Əsgərov Heydər Əliyevin dönəmində bunları edə bilərdimi?

Heydər Əliyev belə məmurları çox məharətlə sındıra bilirdi. Yəqin ki, Heydər Əliyevin zamanında Cahangir Əsgərov öz kabinetinin qapısına “PREZİDENT” sözü yazdırdığına görə, necə qulaqburması aldığını unutmayıb. Bəlkə də unudub. Görünür, yadına salmaq lazımdır.

H.Əliyevin bir üstün cəhəti də o idi ki, belələrini hökumətin iclaslarında ayağa qaldırıb suyu süzülən sərçəyə döndərirdi, çünki bunlar başqa dildə bilmirlər! Bunlar xalqı adam yerinə qoymurlar, buna öyrəşmişik və dəyişən bir şey də yoxdur, təəssüf ki. Bəs bunların heç olmasa, ölkə başçısının nüfuzuna vurduğu zərbəni başbilənlərdən heç kəs görmürmü? Axı bu hakimiyyətə Avropa, Amerika, Rusiya, erməni lobbisi və daha kimlərdən çox onu xalqın gözündən salan qudurmuş, harınlamış məmurlar zərbə vurur. Bunu dərk etmək o qədərmi çətindir? Görəsən, bu məmurların hansı cəhəti öz kreslolarına yapışqanla bərkidilməsinə səbəb olub – axı hakimiyyətin istənilən çətin anında birinci qaçan, daha doğrusu, uçan belələri olacaq!

AZAL son illərdə büdcədən hər il təkcə subsidiya formasında, ən azı, 10 milyon manat alır! Büdcəyə ödədiyi vergi də, təqribən, elə o qədərdir – 10.9 milyon manat! özü də ən intizamsız vergi ödəyiciləri sırasında öndə gedənlərdəndir. Bəs hanı bu monopolistin dövlətə verdiyi xeyri? Bəlkə Cahangir Əsgərov bilir? Necə olur ki, heç bir dövlət dəstəyi olmayan, subsidiya almayan, yanacağı baha qiymətə alan əcnəbi şirkətlər ucuz qiymətlərə reyslər təşkil edə bilir, AZAL yox?

Yeri gəlmişkən, həmin iclasda Vergilər Nazirliyinin özbaşınalıqları da gündəmə gətirilmişdi . Ancaq burda da heç nə dəyişməyib – köhnə hamam, köhnə tas!

Əslində, bu son baş verənlər qudurmuş, harınlamış məmurların təkcə xalqa yox, həm də prezidentə münasibətinin bariz nümunəsidir!

İstər-istəməz, Mixail Saakaşvilinin heç də doğma vətəni olmayan Ukraynada dövlət aviasiya xidməti rəhbərliyinin necə dərsini verdiyi yada düşür. Nəticədə monopoliya aradan götürülür, qiymətlər endirilir, xidmətin qudurmuş rəhbəri isə öz kreslosundan uça-uça aşağı düşür – görünür bizimkilərin də uçmaq vaxtı çatıb – həm də çoxdan!

Sonda onu da qeyd edək ki, bu yazını Cahangir Əsgərov üçün tərcümə edənə böyük bir qonaqlıq düşür, özü də “мои года мое богатство» mahnısının sədaları altında – Cahangir müəllim bu mahnını çox sevir!

TAHİR M.
AzPolitika.info