XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

23 İyul 2015 - 06:51

Deputat Fazil Mustafa: “Hakimiyyətdə kiminsə yaşına, kiminsə başına görə dəyişikliklərin olması qaçılmazdır”
Avropa Oyunları başa çatdıqdan sonra ölkə ictimaiyyətinin diqqəti fərqli istiqamətlərə yönəlib. Bu il ölkədə seçki ili olsa da, hər kəs Avropa Oyunlarına kökləndiyindən seçki barədə düşünən yox idi. Amma artıq seçkiyə elə də çox vaxt qalmayıb və siyasi qüvvələrin hərəkətə gəlməsi vacibdir. Məsələ ondadır ki, hələlik siyasi cameədə aktivliyə start verilməyib.
Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa deyib ki, aktivlik seçki kampaniyasına start veriləndə müşahidə olunacaq:
– Hələ ki seçki prosesinə start verilməyib, ona görə də bu yöndə hər hansı hərəkət yoxdur. Yəqin ki, avqust ayından başlayaraq, siyasi canlanmanı müşahidə edəcəyik. çünki ən ciddi və əhəmiyyətli tədbirlərdən biri parlament seçkiləridir. Bu səbəbdən də siyasi proseslərlə maraqlanan, yaxud siyasi proseslərdə birbaşa iştirak edən insanların böyük əksəriyyəti burada öz rolunu almağa, hüquqlarını həyata keçirməyə çalışacaq. Ona görə də, çox güman ki, qarşıdakı ayda gərgin proseslərə start veriləcək.
– Fazil bəy, bundan əvvəlki iki parlament seçkiləri ərəfəsinə nəzər yetirsək, görərik ki, seçki ili başlar-başlamaz cəmiyyətdə aktivlik olurdu, amma bu il passivlik hökm sürür. Sizcə, buna səbəb, insanların seçki institutuna inamının itməsidir, yoxsa…?
– Avropa Oyunları kimi böyük bir tədbirin Azərbaycanda keçirilməsi insanların diqqətini daha çox ora cəmlədi. Artıq həmin tədbir başa çatıb və insanlar siyasətlə maraqlanmağa başlayırlar. Bir qədər də partiyaların rolu əvvəlki seçkilərə nəzərən xeyli zəifləyib. Bu da öz təsirini göstərir. çünki əhalinin aktivliyindən daha çox siyasi partiyalar aktivlik yaradan faktor idi. Bu gün siyasi partiyalarda da bu aktivlik yoxdur. Bu səbəbdən də parlament seçkiləri ancaq seçki ərəfəsində diqqəti cəlb edəcək.
– ümumiyyətlə, siyasi partiyaların proseslərdəki rolunun zəifləməsinin, parlament seçkilərinə diqqətin azalmasının kökündə nə dayanır?
– Bunun əsas səbəblərindən biri odur ki, parlamentin səlahiyyətləri xeyli aşağı salındı. Bu gün parlament dövlət idarəetməsində qanunları müzakirə edən orqan çərçivəsindən çıxa bilmir. Bu mənada, parlamentin real hakimiyyət və səlahiyyət imkanları məhdudlaşdırıldığına görə, insanların parlamentə münasibəti təmsilçilik anlayışından o tərəfə getmir. Faktiki olaraq, səlahiyyətlər böyük olsa, hökumətin təşkilində rol alınsa, müəyyən dərəcədə siyasi prseslərdə nəzarət mexanizmini həyata keçirə bilsə, büdcə üzərində nəzarət imkanları parlamentdə olsa, parlamentin dəyəri də artar.
ölkədə partiya rəqabətinin olmaması da cəmiyyətdə öz sözünü deyir. Majoritar seçki sistemi siyasətlə maraqlanan, siyasəti peşə seçən qüvvələri bir qədər laqeyd fonda saxlayır. çünki hərə öz dərdinə qalır, hərə öz namizəd olduğu seçki dairəsindən səs almağı düşünür. Bu da qeyd etdiyim problemlərdən biridir.
– Milli Məclisin səlahiyyətinin və nüfuzunun az olmasını onunla əlaqələndirmək olarmı ki, bu parlament xalqın iradəsi ilə formalaşmır və hakim iradəyə tabe olduğundan belə bir vəziyyətdədir?
– Dünyada mütləq mənada xalqın iradəsi ilə formalaşan parlament yoxdur. ABŞ-ı götürsək, konqres nümayəndələr vasitəsiylə seçilir və xalqın hər bir fərdinin həmin nümayəndənin lazım olan namizədə səs verib-verməməsini müəyyənləşdirmək imkanı olmur. Yəni, onlar nisbi olaraq xalqın iradəsini təmsil edirlər. Elə ölkələr var, geniş tərkibdə, elə ölkələr də var ki, daha az səviyyədə reallaşır. Seçilən partiyalar o demək deyil ki, xalqın iradəsini təmsil eləmək üçün parlamentə düşürlər. Hansı formada təmsilçilikdən asılı olmayaraq, parlament üzvlərinin peşəkarlığı daha vacibdir. Hər bir deputat özünə aid olan dairədə vicdanla seçicinin problemi ilə maraqlansa, cəmiyyət həyatındakı neqativ proseslərlə bağlı mövqeyini ortaya qoysa, müəyyən məsələlərin həlli istiqamətində təklif və təşəbbüslərlə çıxış eləsə, tamam fərqli bir situasiya yaranar və parlamentin nüfuzu artar. Amma bu da olmayanda, müəyyən narahatlıqlar ortaya çıxır. Yoxsa, xalqın, millətin iradəsi nisbi anlayışdır. Bunu isbatlamaq da çətin məsələdir. Bütün hallarda xalq bu prosesin içində olur və iradə ifadə eləməyi aktivlik və vicdanlılığın üzərinə buraxmaq lazımdır. Əgər parlamentdə təmsil olunan deputat bu ölçülərə, meyarlara cavab vermirsə, xalqın yüzdə-yüz səsi ilə seçilsə də, seçicisinə fayda verə bilmirsə, elə iradəni ifadə etməmə mənasına gəlir.
– Amma Azərbaycan parlamentinin ümumi vitrininə nəzər yetirəndə, hakimiyyətin siyasi kursunu dəstəkləyən sahibkarlar, vəzifə sahbləri, rektorlar və hakim partiyanın təmsilçilərini görmək olur. Belə baxanda, nə xalqın iradəsi görünür, nə də Siz deyən peşəkarlıq…
– Hər halda bu, çox zəif göstəricidir. Bu mənzərə aktivliyin xeyli dərəcədə aşağı olmasının göstəricisidir. Sanki, cəmiyyət həyatında olan problemləri düşünən çox az sayda insan var. Bu problemləri dilə gətirmək və həllini çalışmaq da bu adamların borcudur. Ona görə də mən deyirəm ki, Milli Məclisin gücünün artması peşəkarlığın artmasından çox asılıdır. Parlamentdə 10 nəfər samballı iqtisadçı olsa, 20 nəfər peşəkar hüquqşünas olsa, qanunların şərhi, müəyyən dərəcədə ictimai-siyasi proseslərin təhlili ilə bağlı ictimai rəyə, cəmiyyətin həyatına təsir etmək imkanı yaranar. Ona görə də hesab edirəm ki, bu məsələlər üzərində düşünülməlidir. Mən də düşünürəm ki, qeyd etdiyiniz fakt aktivliyin aşağı düşdüyünü göstərir.
– Əsas məsələ ondadır ki, parlamentdə qərarlar səs çoxluğu ilə qəbul olunur. Sizcə, 15-20 nəfərin rəyi nə dərəcədə təsirli ola bilər?
– Biz ötən ilin 90-cı illərində də parlamentdə təmsilçilik əldə eləmişdik. Orda hardasa 50 faiz vətənpərvər, millətçi, xalqın mənafeyini güdən dəyərli şəxslər olsalar da, Milli Məclisin təmsilçisi kimi o performansa uyğun adamlar deyildilər. Söhbət qışrıqmaqdan, hay-küydən gedirsə, millətin marağını düşünüb hər dəfə etiraz eləmək davranışlarından gedirsə, bu da məsələnin çözüm yolu deyil. O baxımdan hesab edirəm ki, yenə də peşəkarlıq önəmlidir. Təbii ki, bu peşəkarlıq müxalifət cinahında sayın çoxluğu ilə müşayiət olunsa, daha yaxşı olar.
Bəzən elə halla
r olur ki, hansısa qanunda olan yanlış məsələ müxalifət tərəfindən dilə gətiriləndən sonra hamı razılaşır ki, düzgün iraddır, amma yenə də qanun səs çoxluğu ilə qəbul olunur. Yəni, bunların hamısı düşündürücü məsələlərdir. Ona görə də peşəkarlıq artmalıdır ki, insanlar harda oturduğunun, nəyə səs verdiyinin mahiyyətini anlasın və atdıqları hər bir addıma görə məsuliyyət daşıdıqlarını bilsinlər.
– Fazil bəy, son dövrlər belə bir təbliğat gedir ki, budəfəki parlamentin tərkibi xeyli dəyişəcək və yeni simalar gələcək. Bunu real hesab edirsiniz?
– Hər halda, budəfəki seçkilərdə dəyişikliklər olacaq. Amma bu dəyişikliklərin keyfiyyətcə nəyə gətirib çıxaracağını deməyə çətinlik çəkirəm. çünki verilən namizədlərin siyahısına baxandan sonra müəyyən eləmək olar ki, yeni tərkibin performansı necə olacaq. Hakimiyyətdə kiminsə yaşına, kiminsə başına görə müəyyən dəyişikliklərin olması qaçılmazdır. Parlament seçkilərində də dəyişikliklərin olacağı gözləniləndir. Bunun 30, yaxud 40 nəfəri əhatə edəcəyi önəmli deyil, əsas odur ki, parlamentin tərkibində yenilik olacaq. Amma bizi düşündürən başqa məsələdir. Əsas hakimiyyətin keyfiyyətcə dəyişikliyə getmək istəyib-istəməməsidir, hansı namizədlərə üstünlük verməsidir. Əgər bu olacaqsa, hətta yeni simalar hakimiyyət təmsilçiləri olsa belə, peşəkarların parlamentdə olması müsbət tendensiyadır.
Düşünürəm ki, siyasi mövqeyindən asılı olmayaraq, ölkə həyatına daha məsuliyyətlə yanaşan, problemlərin həllinə töhfə verə bilən insanların parlamentə düşməsi vacib məsələdir. İndiki funksiyalarla, hazırki statusla parlamentin mövcud olması və bu prinsiplə işləməsi nə xalqın, nə də hakimiyyətin xeyrinədir.
Xalq belə bir parlamentin olmasını istəmir və onun maraqlarına cavab verən bir qanunverici hakimiyyətin formalaşmasının tərəfdarıdır. Amma Azərbaycanda proseslər fərqli müstəvidə gerçəkləşdiyi üçün istəkləri reallaşdırmaq olmur. Bu məsələdə hakimiyyət məsuliyyətini dərk edib parlamentdə peşəkar, ölkənin gələcəyi barədə məsuliyyətlə düşünən insanların təmsil olunmasına səy göstərməlidir. O zaman ümumilikdə ölkədə də fərqli bir situasiya yaranar və bu da inkişafa stimul verər.
“Reytinq” qəzeti