XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 July 2015 - 09:53

Türk yurdları: Qazaxıstan haqda nə bilirik? – Araşdırma

Qazaxıstan ərazisinə görə ən böyük bağımsız türk respublikasıdır. Xəzər dənizindən çinə qədər uzanan Qazaxıstanın sahəsi 2 milyon 724 min 900 kv.km-dir. Ərazisinin 60 fazidən çoxu çöl və yarımçöl torpaqlardan ibarətdir. ölkənin 10 fazini dağlıq ərazilər təşkil edir. Burada Sıraarxa, Altay dağları, Tarbağatay və Cunqar dağ silsilələri və Tanrı dağlarının bir hissəsi yer almaqdadır. Ən hündür zirvəsi 6 995 metr hündürlüyündə Xan Tenqri zirvəsidir. ölkə sərhədinin ümumi uzunluğu 12 187 kilometrdir. Qazaxıstanın Rusiya ilə sərhəd xəttinin uzunluğu 6 467 kilometrdir. Bu, dünyanın ən uzun quru sərhədidir. Paytaxtı Astana şəhəri olan ölkənin əhalisi 17 milyon nəfərdən bir qədər çoxdur. Əhalinin 65 % qazaxlar, 21 % ruslar, 3 %-i özbəklərdir. Bundan başqa Qazaxıstanda ukraynalılar (1 faiz), uyğurlar (1 faiz), tatarlar (1 faiz), almanlar (1 faiz) və digər toplumların nümayəndələri yaşamaqdadır. Burada qazax dilindən əlavə rus dili də dövlət dili statusundadır.

ölkədə 14 vilayət, 175 rayon (bölgə), 86 şəhər, 35 şəhər tipli qəzəbə və 2467 kənd var. Ən önəmli şəhərləri Almata və Astana şəhərləridir.

16 dekabr 1991-ci ildə Sovetlər Birliyinin tərkibindən ayrılaraq bağımsızlığını elan edən Qazaxıstan Respublikasının hazırda dövlət başçısı Nursultan Nazarbayevdir.

“Qazax” sözünün etimologiyası

Qaynaqlarda “qazax” sözü ilk dəfə IX yüzillikdə işlənməyə başlayıb. Bundan öncə isə bu toplum haqqında “alaş” deyə bəhs edilir. XI-XII yüzilliyin ərəb-fars qaynaqları indiki Qazaxıstanın Xəzər dənizi sahillərində yaşayan insanları dəşti-qıpçaq, içərilərdə yaşayanları isə sadəcə olaraq, qıpçaq adlandırırdılar. “Qazax” sözünün etimologiyası haqqında fikirlər birmənalı deyil. Bir versiyaya görə, bu sözün “kay” və “sak” sözlərinin birləşməsindən yarandığı deyilir. Bəziləri “qazax” sözünün əski türk dilində “igid”, “cəsur” anlamında olduğunu yazır. “Qazax” sözünün “kas” (qaz, xas) və “sak” sözünün birləşməsindən yarandığını söyləyənlər də var.

Qazaxıstan tarixinə səyahət

13-cü yüzilliyin başlanğıcında Qaraxanlı dövlətinin varlığına son qoyulandan sonra qazax əraziləri Xarəzmşahlar dövlətinin tərkibinə keçdi. 14-cü yüzillikdən 16-cı yüzilliyə qədər isə Teymurilərin və sonralar böyük hissəsi Şeybanilərin nəzarətində oldu. 1465-ci ildə qazax ərazilərinin güneyində Qazax Xanlığı qurulur. çingiz Xanın oğlu Cucinin nəslindən olan Canlıbəy və Kerey tərəfindən qurulan bu xanlıq, 1729-cu ilə qədər mövcud olmuşdu. Bu xanlıq Böyük hissə, Orta hissə və Kiçik hissə adıyla 3 bölgəyə ayrılaraq idarə olunurdu. Hazırkı Qazaxıstan ərazisinin ayrı-ayrı əraziləri Altun Orda (1242-1502) dövlətinin, Noqay Orda (1398-1642) dövlətinin tərkibində olub. Qazax Xanlığı 18-ci yüzilliyin sonlarına qədər öz qüdrətini qoruyub saxlaya bilmişdi. Bundan sonra isə Rusiyanın güclənməsi və daxili birliyin pozulması sonucunda zəifləməyə başlayır. Nəticədə 19-cu yüzilliyin ortalarında bu torpaqlar tamamilə Rusiyanın nəzarəti altına keçir. 1900-cü ildən başlayaraq Qazaxıstan ərazisinə xeyli sayda rus köçürülür. 1912-ci ildən başlayaraq Orta Asiya xalqları ilə bərabər qazaxlar da mübarizəyə qalxdılar. 1917-ci ildə Alaş Orda dövlətini qurmağa nail olsalar da, 1920-ci ildə bu torpaqlar yenidən Sovet Rusiyasının nəzarəti altına keçdi. Bu əsarət 1991-ci ilə qədər davam etdi.

Vahid qazax xalqının meydana gəlməsi

16-cı yüzilliyin əvvəllərində Qasım Xan Qazax xanlığının başçısı oldu. O, 1503-cü ildən 1523-cü ilə qədər xanlığı idarə etdi. (Onun xanlıq etdiyi illər qaynaqlarda fərqli göstərilir). Bütün xanlığı vahid mərkəzdən idarə edən Qasım Xanın zamanında qazaxların sayı sürətlə artmağa başladı və onların birliyi təmin olundu. Qısa zaman kəsimində qazaxlar hazırkı Qazaxıstan Respublikasının sərhədləri daxilində hər yerə yayıldı. Bu dönəmdə Qazax xanlığının 3 əsas hədəfi vardı:

1. Xəzər sahilinə yaxın ərazilərdə (Dəşti-qıpçaq ərazilərində) əski gələnəklərə dayanan heyvandarlıq işi qurmaq;

2. Doğudan batıya gedən karvan yolları üzərində yerləşən önəmli şəhərləri Qazax xanlığının tərkibinə qatmaq;

3. Dağınıq halda olan qazax boylarınının birliyini yaradaraq vahid qazax xalqını meydana gətirmək.

Məhz bu dönəmdə qazaxlar bu ərazilərdə yaşayan digər soylardan daha üstün siyasi və iqtisadi mövqe sahibi oldu və vahid qazax xalqı meydana gəldi. Qazax sözü bəziləri yüzillərdən, bəzilərisə minillərdən bəri burada yaşayan əski türk soylarının – üysin, qanlı, dulat, qıpçaq, karluk, tele, oğuz, yama və Qazax Xanlığı dönəmində bura gəlib yerli xalqlarla qaynayıb-qarışan alban, cəlayir, ocaqlı, sarı üysin, sirgəli, isli və digər boyların ümumi, vahid adına çevrildi.

Qazaxıstanda milli oyanış və 1986-cı il olayları

Qazaxıstanda bağımsızlıq hərəkatı 1980-ci illərin ortalarında başladı. 1985-ci ildə Sovetlər birliyinin baş katibi olan Qorbaçovun “yenidənqurma” siyasəti Qazaxıstanda ciddi olayların meydana çıxması ilə sonuclandı. 1986-cı ilin 16 dekabrında Moskvanın qərarı ilə Qazaxıstanın dövlət başçısı Dinməhəmməd Kunayev vəzifəsindən azad edildi və onun yerinə rus mənşəli Kolbin gətirildi. Qazax xalqı arasında böyük nüfuz sahibi olan Dinməhəmməd Kunayevin vəzifədən alınması qazax xalqının ayağa qalxması ilə nəticələndi.

Dinməhəmməd Kunayev 12 yanvar 1912-ci ildə Almatada anadan olub. Ali məktəbi 1936-cı ildə Moskvada bitirib. 1942-ci ildə Qazaxıstanın Nazirlər Kabinetində əmək fəaliyyətinə başlayır. 1948-ci ildə texniki elmlər doktoru, 1952-ci ildə Qazaxıstan Elmlər Akademiyasının həqiqi üzvü olur. Həmin ildən 1955-ci ilə qədər Elmlər Akademiyasına rəhbərlik etmişdi. 1960-cı ildə Qazaxıstan Kommunist Partiyasının Baş Katibi seçilir. Qısa fasilə ilə 1886-cı ilə qədər həmin vəzifəni icra etmişdi. Qazax xalqı və dövləti üçün gördüyü böyük işlərə görə çox böyük nüfuz sahibi olur. D. Kunayev vəzifəsindən kənarlaşdırılandan sonra qazax xalqı, özəlliklə də gənclər küçələrə axışdı və onun vəzifədən azad edilməsi haqqında əmrin ləğv edilməsini tələb etdilər. 1986-cı ilin 17-18 dekabrında meydana çıxan etiraz dalğası Qazaxıstanın 6 ayrı-ayrı şəhərini əhatə etdi. Bu həm də qazax xalqının rus müstəmləkəçilik siyasətinə və qazax xalqının assimlyasiya edilməsi planlarına qarşı ilk böyük etiraz dalğası idi. Sovet imperiyasının rəhbərliyi təkcə 1930-cu ildən 1933-cü ilə qədər keçən 3 illik zaman kəsimində 2 milyondan artıq qazax türkünü məhv eləmişdi.

Mitinqlərdə yürüşə çıxan xalqın şüarı “Leninin xalqçı siyasətinə sayğı göstərilməsini tələb edirik”, “Yaşasın Lenin idealizmi”, “Hər respublikanı öz xalqı idarə etsin” və “Yaşasın Qazaxıstan” idi. 1986-cı ilin 17-18 dekabr hadisələrində mitinqçilərin şüarlarından biri də “Qazaxıstan qazaxlarındır” şüarı idi. Bu hadisələr zamanı 10 minlərlə qazax küçələrə axışdı. Sovet rəhbərliyi bu mitinqləri yatırmaq üçün 15 təyyarə əsgər və milis işçisi göndərdi. Mərkəzi televiziyalar isə bu mitinqləri “bir qrup millətçi gənclər”in etirazı kimi təqdim etdi.

1986-cı ilin Qazaxıstan olayları keçmiş Sovet respublikaları arasında ilk milli azadlıq hərəkatı idi. Bu hərəkat bağımsız Qazaxstanın təməlini qoydu.

Qazaxıstan bağımsızlıq qazanır

1989-cu ildə Sovet dövlətinin başçısı olan Mixail Qorbaçov Gennadi Kolbini Qazaxıstan Kommunist Partiyasının rəhbərliyindən uzaqlaşdırır. Onun yerinə qazax xalqı arasında tanınan və bəlli səviyyədə nüfuz sahibi olan Nursultan Nazarbayev gətirilir. N. Nazarbayevin təcrübəli və uzaqgörən siyasətçi olması qazax xalqının itki vermədən bağımsızlığa qovuşmasını təmin edir. 16 dekabr 1991-ci ildə Qazaxıstan öz bağımsızlığını elan etdi. Həmin dönəmdə bəzi dünya siyasətçiləri Qazaxıstanın uzun zaman öz bağımsızlığını qoruya bilməyəcəyini proqnozlaşdırırdılar. Həmin politoloqlar bir müddət öncə Tacikistanda meydana çıxan qanlı hadisələri, Qazaxıstanın polietnik ölkə olmasını və qazaxların say baxımından üstünlük təşkil etməməsini əsas gətirirdilər. Həmin dönəmdə gerçəkdən də Qazaxıstanın parçalanması, etnik qarşıdurmaların baş verməsi və ən azı, bu torpaqların bir hissəsinin Rusiyanın nəzarətinə keçməsi ehtimalı çox yüksək idi. Bu tarixi məqamda Qazaxıstanın xarizmatik bir liderə ciddi ehtiyacı vardı. Bu nədənlə Qazaxıstanın qısa zaman kəsimindən sonra parçalanacağını əminliklə söyləyənlər vardı. Lakin Avropa politoloqlarının düzgün dəyərləndirə bilmədiyi bir faktor var idi. Bu, Nursultan Nazarbayevin varlığı və onun liderlik özəllikləri idi.

Nursultan Nazarbayev

N. Nazarbayev 1940-cı il iyulun 6-da Qazaxıstanın Qaskələn bölgəsinin Şamalqan kəndində doğulub. Metallurgiya sahəsi üzrə ali təhsilli mühəndisdir. 1965-ci ildən Qaraqandada çalışmağa başlayan Nazarbayev 1971-ci ildə Qazaxıstan Kommunist Partiyasının Dəmirdağ şöbəsində sədr müavini olur. 1977-ci ildə isə Qazaxıstan Kommunist Partiyasının sədr müavini seçilir. 1984-cü ildə Qazaxıstan Nazirlər Kabinetinin sədri (Baş Nazir), 1989-cu ilin iyununda isə Qazaxıstan Kommunist Partiyasının Baş Katibi olur. 24 aprel 1990-cı ildə Qazaxıstanın ilk prezidenti seçilir. 1991-ci ilin 1 dekabrında keçirilən seçkilərdə Qazaxıstanda xalq tərəfindən seçilən ilk dövlət başçısı oldu. Nursultan Nazarbayev həmin dönəmdən bu günə qədər sahəsinə görə dünyanın 9-cu ölkəsi olan Qazaxıstan dövlətinə başçılıq edir.

Qazaxıstan bağımsızlıq illərində

1991-ci il dekabrın 1-də Nursultan Nazarbayev Qazaxıstan Respublikasının dövlət başçısı seçildi. Bu seçim sonralar ölkə həyatının bütün sahələrində gerçəkləşən ciddi dəyişikliklərin başlanğıc nöqtəsi oldu. Qazaxıstan parlamenti 10 dekabr 1991-ci ildə “Qazaxıstan Sovet Sosialist Respublikası” adından imtina etdi. Həmin gündən dövlətin rəsmi adı Qazaxıstan Respublikası oldu. Qazax dili dövlətin rəsmi dili elan edildi. Bağımsızlıq illərində çox ciddi uğurlara imza atıldı. ölkənin iqtisadiyyatı, mədəniyyəti inkişaf etdi. Qazaxıstan bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməyə başladı. Bir neçə ildən sonra Qazaxısan Orta Asiyanın siyasi, mədəni və iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrindən birinə çevrildi.

Son illərdə Qazaxıstan Respublikasının bağımsızlıq illərində keçdiyi yolları və qazandığı uğurları incələyən bəzi araşdırmaçılar Qazaxıstanı “Orta Asiyanın parlayan ulduzu” hesab edirlər.

Qazaxıstan iqtisadiyyatı

Qazaxıstan bağımsızlığını elan etdiyi ilk illərdə ciddi iqtisadi və sosial problemlərlə üz-üzə idi. 1991-ci ildə ölkədə ruslarla qazaxların sayı, az qala, bərabər idi. Belə ki, 1991-ci ildə ölkə əhalisinin cəmi 43 faizi qazax, 40 faizə yaxını isə rus idi. Belə bir məqamda ölkənin iqtisadiyyatını formalaşdırmaq və sosial problemlərin meydana çıxmaması üçün ciddi tədbirlər görmək ən mühüm tarixi zərurət idi. Məhz belə bir şəraitdə Qazaxıstan öz bağımsızlığını qoruyub saxlaya və ölkə iqtisadiyyatının inkişafına nail ola bildi.

Qazaxıstan təbii qaz və neft ehtiyatları ilə zəngin ölkədir. Hazırda Qazaxıstan neft istehsalına görə keçmiş sovet respublikaları arasında Rusiyadan sonra ikinci yerdədir. Təxmini hesablamalara görə, bu ölkənin neft ehtiyatı 40 milyard barreldən artıqdır. Bu isə o deməkdir ki, dünya neft ehtiyatlarının 3,2 fazidən çoxu Qazaxıstan ərazisindədir. Dünya qaz ehtiyatlarının isə 1 faizdən çoxu bu torpaqlardadır və bəlli hesablamalara görə 2 trilyon kubmetr qaz deməkdir. Bundan başqa, mütəxəssislərin apardıqları hesablamalara əsasən, Qazaxıstanın 32 milyard tona yaxın kömür ehtiyatı var. Bu da dünyada məlum olan kömür ehtiyatının, təxminən, 4 faizi deməkdir. Eyni zamanda Qazaxıstanın 400 tona yaxın qızıl ehtiyatının olduğu deyilir.

Bu il Qazaxıstan, yüzilliyin əvvəllərində qəbul edilmiş və 2003-2015-ci ildə iqtisadi sahədə həyata keçirilməsi nəzərdə tutulan “Yeni Sənaye İnkişaf Proqramı”nı uğurla başa vurdu.

Artıq, Qazaxıstanda Nursultan Nazarbayevin rəhbərliyi ilə dövlətin yeni iqtisadi və siyasi strateji xətti müəyyən edilmişdir.

Qazaxıstan – 2050 strategiyası

“Qazaxıstan – 2015 strategiyası”nın qəbul edildiyi 2012-ci ildə bu strategiyanın məqsədini və hədəflərini xalqa açıqlayan dövlət başçısı Nursultan Nazarbayev belə demişdi:

“Bağımsızlığın ilk illərində hələ yolun başındaykən hər şey çox fərqli idi. Günümüzdə isə ortaq çalışmalarımız sayəsində ölkəmiz tamam başqa bir duruma gəldi və heyrətləndirici dərəcədə gözəlləşdi. Bu gün biz öz siması, özəllikləri və öz yolu olan bir dövlətik. İlk zəfərlərin qazanılması çox çətin oldu. Dövlət, 20 ildən artıq bir zaman kəsimində söz sahibi olmaq və siyasi etibar qazanmaq üçün çalışdı. Bu müddətdə qarşıya qoyduğumuz hədəflərə yetişdik. Dövlətin quruculuq dönəmi uğurla başa çatdı”.

Bundan başqa, “Bizim ən önəmli uğurumuz qurduğumuz bağımsız Qazaxıstandır” deyən dövlət başçısı”Qazaxıstan – 2015″ strategiyasını qəbul etməklə qarşıya böyük məqsədlər qoyub, ölkəsinin və millətinin həyatında misilsiz rol oynayacaq hədəflər seçdi. Bu strategiya dünyanın hesablaşacağı güclü dövlət qurmağı, ölkədə hər kəsin ən yüksək səviyyədə barış şəraitində və güvənlik içərisində yaşamasını, milli iqtisadiyyatın yüksək inkişafını, Qazaxıstan vətəndaşlarının sağlıq durumunun, təhsilinin və sosial inkişafın örnək səviyyəyə yüksəldilməsini və bütünlükldə ölkənin hərtərəfli yüksəlişini, dünyanın ən sayılıb-seçilən ölkələrindən biri halına gətirilməsini hədəf seçib.

Bağımsızlıq dönəmində ölkənin inkişafını göstərən tərəflərdən biri də paytaxt Astana şəhəridir.

Astana şəhəri

3 aprel 1927-ci ildən 1997-ci ilə qədər Qazaxıstanın paytaxtı Almata şəhəri idi. Qazaxıstan dövlət başçısının 20 oktyabr 1997-ci il tarixli qərarı və ölkə parlamentinin 6 may 1998-ci il tarixli razılığı ilə Ağmola şəhərnin adı Astana adı ilə əvəz edilərək ölkənin paytaxtı elan edildi. Sahəsi 710,2 kv.m olan Astananın, son siyahıya almaya görə əhalisinin sayı 700 min nəfərə yaxındır. Astana sürətlə inkişaf edən, beynəlxalq ticarət və mədəniyyət mərkəzi sayılan şəhərlərdən birinə çevirilib. Astana UNESCO tərəfindən “barış şəhəri” elan edilib. Hazırda bu şəhər “sosial rifahın model şəhəri” kimi tanınır və inkişaf etdirilir. Eyni zamanda Astana böyük mədəniyyət mərkəzi kimi tanınmaqdadır. Burada Musiqili Dram teatrı, Rus Dram teatrı, Opera və Balet teatrı, Uşaq və Gənclərin Sənət Mərkəzi, Dövlət Filarmoniyası və digər mühüm mədəniyyət obyektləri fəaliyyət göstərir.

Qazaxıstanın xarici siyasəti

1992-ci ilin martında Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilən Qazaxıstan, bu gün dünyanın əksər ölkələri tərəfindən bağımsız dövlət olaraq tanınır.

Avropa Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Konseyi və digər beynəlxalq təşkilatlar çərçivəsində inteqrasiyanı inkişaf etdirmək Qazaxıstanın xarici siyasətinin əsas prinsipləridir.

Qazaxıstan eyni zamanda, Rusiya, çin, MDB ölkələri, ABŞ, Avropa Birliyi ölkələri, Türkiyə, İran, Hindistan və Yaponiya ilə əməkdaşlığın davam və inkişaf etdirilməsinə xüsusi önəm verir.

Qazaxıstanın xarici siyasətdə haqlı olaraq ən çox həssaslıqla yanaşdığı ölkələr Rusiya və çindir. Hər iki ölkə Qazaxıstanın bağımsızlığı üçün potensial təhlükə hesab oluna bilər. Bu nədənlə Qazaxıstan daha çox güclənməyə, bu iki dövlətin nüfuz dairəsinə düşməmək və onlardan asılı duruma gəlməmək üçün iqtisadiyyatını inkişaf etdirməyə və etnik birliyi hər zaman qoruyub-saxlamağa çalışır. Xarici ticarət dövriyyəsində, istər idxalatda, istərsə də ixracatda çin və Rusiya ilk yerlərdə dayanır.

2005-ci ildən 2014-cü ilə qədər Qazaxıstan ərazisinə yatırılan investisiyalara görə isə, 5,5 faiz göstərici ilə çin 4-cü, 4 faiz göstərici ilə Rusiya 8-ci yerdədir. Bu illər ərzində Qazaxıstana yatırılan investisiyaların ümumi həcmi 200 milyard dollara yaxın olmuşdur. Bunun da 44 faizi Hollandiya, İsveçrə və ABŞ-ın payına düşür.

Qazaxıstan ədəbiyyatı

Bir çox xalqlarda olduğu kimi Qazax ədəbiyyatı da öz başlanğıcını şifahi xalq yaradıcılığından götürür. Qazax şifahi xalq ədəbiyyatı 3 dövrə ayrılır:

1. Əski çağ folkloru

Buraya, əsasən ovçuluq, əkinçilik və heyvandarlıqla bağlı olan folklor örnəkləri və mifologiyalar aiddir.

2.Orta yüzillər folkloru

Qəhrəmanlıq nağılları və dastanları, tarixi dastanlar, əfsanələr, bir çox atalar sözləri və sair orta yüzilliklər dövrünün məhsulu hesab edilir.

3.Son dönəmin folkloru

18-ci yüzillikdən başlayaraq yaranan folklor örnəkləri bu dönəmdə yaranan nümunələrdir.

Qazax yazılı ədəbiyyatının tarixi əski çağlara dayanır. Ortaq türk ədəbi abidələri olan “Alp Ər Tunqa”, “Şu”, “Atilla”, “Gök Böri”, “Ərgənəkon” kimi dastanlar qazax ədəbiyyatın da ilk örnəkləri olaraq öyrənilir.

Zahirəddin Babur, Məhəmməd Heydər Dulati, Kadırğalı Cəlairi, Asan Kayğı, Kaztuğan, Buhar, Şalkız, Aktamberdi Töle Biy, Kazıbek Biy, Ayteke Biy kimi şair və ozanlar orta yüzilliklər qazax ədəbiyyatının tanınan nümayəndələridir.

19-cu yüzillikdə Bulat Babatayulı, Mahambet ötemisuli, Şortanbay Kanayuli, Kobılan Böribayuli, Ulbike Cankeldiqızı, Akan Koramsauli, Aset Naymanbaev və digər onlarla insanın timsalında qazax ədəbiyyatı yeni mərhələyə qədəm qoydu.

19-cu yüzilliyin sonları – 20-ci yüzilliyin əvvəllərində yazıb-yaradan Abay Kunanbayev, Alixan Bökeyhan, Sultanmahmud Torayğırov, Ahmet Baytursınuli, Sabit Dönentayuli, Miryaqub Dulatuli, Berniyaz Küleev, Narmanbet Ormanbetuli və kimi sənətkarlar qazax xalqının milli şüurunun oyanışında böyük rol oynadılar. Bu dönəmdə yazıb-yaradan sənətkarların bəzilərinin öyrənilməsi sovetlər zamanında yasaq edilmişdi.

Sovetlər dönəmində burada Saken Seyfullin, Beyimbet Maylin, İsa Bayzakov, Nurpeyis Bayğan, Muxtar Auezov, Sabit Mukanov, Qali Ormanov, Qasım Amancolov, İlyas Esenberlin, Sırbay Maulenov, Abdicamil Nurpeyisov, Şerxan Murtaza, Abiş Kekilbaev, Muxtar Mağauin və digərləri yazaıb yaratmış, qazax ədəbiyyatını xeyli zənginləşdirmişdir.

Bu gün də qazax ədəbiyyatı zəngin ədəbi-mədəni ənənələrə dayanaraq inkişaf edir və dünya ədəbiyyatı işərisində layiqli yerini tutmağa çalışır.

Qazaxıstan – Azərbaycan əlaqələri

Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin əsası 1992-ci ildə qoyulub. 1993-cü il, yanvarın 9-da Qazaxıstanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayır. Azərbaycanın səfirliyi isə, təxminən 1 il sonra – 1 mart 1994-cü ildən fəaliyyət göstərməyə başladı. 2008-ci ildən başlayaraq, iki ölkə arasındakı diplomatik münasibətlər bir qədər də genişləndi. Belə ki, həmin ilin sentyabrında Qazaxıstanın Aktau şəhərində Azərbaycanın Baş konsulluğu yaradıldı.

Son 20 ildə Qazaxıstan Respublikasının dövlət başçısı Nursultan Nazarbayev 5 dəfə, o cümlədən, 16-17 sentyabr 1996-cı ildə, 7 aprel 2000-ci ildə, 24-25 may 2005-ci ildə, 2-3 oktyabr 2009-cu ildə və 14-16 avqust 2013-cü ildə Azərbaycanda rəsmi səfərdə olub.

Eyni zamanda Azərbaycanın keçmiş dövlət başçısı Heydər Əliyev 2 dəfə – 10 iyun 1997-ci ildə və 9-10 iyun 1998-ci ildə (Türkdilli Dövlət Başçılarının V Zirvə toplantısı və Qazaxıstanın yeni paytaxtı Astana şəhərinin açılış mərasimi münasibətilə), Azərbaycanın hazırkı prezidenti İlham Əliyev isə 7 dəfə – 2004-cü, 2006-cı, 2007-ci, 2008-ci, 2009-cu
, 2010-cu və 2011-ci illərdə Qazaxıstanda rəsmi səfərdə olmuşdur.

Bundan başqa hər iki dövlətin baş nazirləri və xarici işlər nazirləri səviyyəsində qarşılıqlı olaraq rəsmi səfərləri gerçəkləşmişdir. Bütün bunlar Azərbaycan-Qazaxıstan əlaqələrinin kifayət qədər yüksək olduğunu və bu əlaqələrin davam və inkişaf etdirilməsində hər iki dövlətin maraqlı olduğu görünməkdədir.

Namiq Hacıheydərli

Strateq.az