XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 July 2015 - 11:05

Bakının od tutub yanan aptekləri: Dərmanların qiymətləri niyə düşmür? – Araşdırma

avis-1.jpg

II yazı

Hökumətin 2015-ci ilin ilk 6 ayının yekunlarına həsr olunan toplantısından bir neçə gün öncə, “Strateq.az” ölkəyə gətirilən və yerli istehsala aid olan dərmanların keyfiyyətsizliyi və onun acı nəticələri barədə araşdırma təqdim etmişdi (Bax: “ölüm saçan dərman bazarı: Dərmanların keyfiyyətinə niyə nəzarət olunmur? – Araşdırma“). Son toplantıda mətbuatı daim izlədiyini vurğulayan ölkə başçısı İlham Əliyev, demək olar ki, çıxışında bütövlükdə bizim araşdırmamızda diqqət yönəltdiyimiz məsələyə toxunaraq, tövsiyə və tapşırıqlarını verdi. Xatırladaq ki, Prezident bu mövzuda danışarkən, belə deyib: “Uzun illər dərman preparatları ilə bağlı burada da çox xaotik vəziyyət müşahidə olunurdu. Bu məsələ bir qədər diqqətdən kənarda qalmışdı. Məsələ dərindən təhlil edilərkən, ədalətsizliklər olduğu ortaya çıxıb. Qiymətlər süni şəkildə qaldırılır. Başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır. İnsanlar məcbur olub bu dərmanları alırlar. Bir çox hallarda keyfiyyətsiz dərmanlar satılır. Bu məsələ dərindən öyrənilib”.

İqtisadiyyat və Sənaye, həmçinin Səhiyyə nazirliklərinin bu məsələ ilə ciddi məşğul olduqlarını deyən Prezident dərman biznesinin və vətəndaşların mənafelərinin ciddi nəzarətə alınacağını da vurğulayıb: “Burada həkimlərin də məsuliyyətsizliyi və bəzi hallarda tamahkarlığı özünü göstərir. Lazım olmayan reseptləri yazırlar. Resepti yazır, deyir ki, sən bu dərmanı filan yerdən almalısan. Hətta reseptlə satılmayan vitaminlərə də resept yazırlar. Bu, böyük bir biznes şəbəkəsidir. Bu biznes kimin hesabınadır? Adi insanın hesabına. Adi insan da məcbur olub, gedir ona verilən reseptlə dərman alır. Heç bilmir, nə alır. Sonra dərmanın ona kömək edib-etməməsi ilə, əfsuslar olsun ki, heç kim maraqlanmır. Sentyabr ayından gec olmayaraq, bu məsələ artıq yeni müstəviyə qalxmalıdır. Həm şəffaflıq təmin ediləcək, hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır. Qiymətlərin yuxarı səviyyəsi müəyyən ediləcək. Heç kim o səviyyədən baha sata bilməyəcək”.

avisaptek-1.jpg

Yolunuzu “Avis”dən salmayın!

ölkə başçısının da çıxışında vurğulanan dərmanların qiymətinin baha olması məsələsi statusundan asılı olmayaraq, hər kəsi narahat edir. Ən maraqlı məqam isə eyni dərmanın ayrı-ayrı apteklərdə müxtəlif qiymətlərə satılmasıdır. Həmkarımız Elçin Alıoğlunun bu günlərdə sosial şəbəkədə paylaşdığı fikirləri diqqətimizi çəkməyə bilməzdi: “Bu gün “Avis” aptekinə yolum düşmüşdü. önəmsiz bir preparat almaq istəyirdim. Fəqət qiymət məni təəccübləndirdi. Məsələ pul problemi deyil – illah da ki, qonşu aptekdə elə həmin preparat, təxminən, 60 faiz ucuz qiymətə satılırdı. “Avis” apteklərində həddən artıq, absurd, hətta idiotik bahaçılıqdı. Bu apteklərdəki qiymətlər, sanki, məntiqə, qanuna meydan oxuyur”.

Məntiqə uyğun olmayan qiymətlər

Bunu öz təcrübəmizdə də görmüşük. Həkimin yazdığı reseptlə metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığındakı bir neçə aptekə baş vurduq. Məqsəd ən ucuz olan yerdən dərman almaq idi. Eyni resept onların heç birində eyni qiymətə başa gəlmədi. Ən bahası isə yenə də “Avis” aptek idi – iki dərmana 52 manat qiymət qoydular. Digərində bu rəqəm 33 manat, 36 manat, 28 manat və s.

Eyni dərmanın bir küçədəcə müxtəlif qiymətə satılması, həqiqətən, heç bir məntiqə sığmır.

Məntiqsiz olan digər bir məsələ ölkəmizə xaricdən gətirilən tibbi məhsullara və avadanlıqlara yüksək vergi dərəcələrinin tətbiq edilməsidir. Belə ki, adətən, yerli istehsalı stimullaşdırmaq üçün idxal məhsullarına yüksək ƏDV təyin edilir. Məsələn, Azərbaycanın dərman bazarında da kifayət qədər çəkisi olan Ukrayna dərmanları mövcuddur. Bu ölkə özü dərman istehsal etdiyi üçün idxal etdiyi preparatlara görə cəmi 7 faiz ƏDV tətbiq edir. Rusiyada bu rəqəm 8 faiz təşkil edir.

Dərman istehsal edən digər qonşumuz Gürcüstanda isə xaricdən alınan tibbi preparatlara görə, ümumiyyətlə, vergi tutulmur.

Ancaq hazırda Azərbaycanda dərman istehsal edilmədiyi halda, xaricdən gətirilən məhsullara 18 faiz ƏDV tətbiq edilir. Bundan əlavə, gömrük rəsmiləşdirmələrində alınan qeyri-rəsmi “rüsumlar” da dərmanların kifayət qədər baha satılmasına səbəb olur. Prezidentin tapşırığından sonra bu istiqamətdə islahatların aparılacağı qaçılmaz olacaq.

Niyə eyni dərman eyni effekti vermir?

Əczaçılıq sahəsində əhalini daha çox narahat edən məsələ baha qiymətə satılan dərmanların keyfiyyətinin qənaətbəxş olmamasıdır. Hətta problem o həddə çatıb ki, vətəndaşlar reseptlərini xaricdəki dost-tanışlarının vasitəsilə almağa üstünlük verirlər. Bu, həm də Azərbaycandakı qiymətlərdən daha ucuz başa gəlir. Bunu həkim Qalib Əsədov da təsdiqləyir:

qalibhekim.jpg

Həkim Qalib Əsədov

“Bu gün ölkəmizdə farmakologiya çox geridə qalıb və zəif inkişaf edib. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, ildə 1 milyon insan saxta dərman qəbul etdiyinə görə dünyasını dəyişir. Bizdə bu sahədə nizamsızlıq və xaos hökm sürür. Xəstə xaricə gedir və eyni dərmanı oradan alıb istifadə etdikdən sonra yaxşılaşır. Mən xaricə gedən xəstələrin reseptlərini araşdırdıqda maraqlı bir məqam üzə çıxdı. Gördüm ki, orda da adama Azərbaycandakı həkimlərin məsləhət bildiyi eyni dərmanları yazıblar. Ancaq xəstə xaricdən aldığı eyniadlı dərmanları qəbul edəndən sonra yaxşılaşıb. Amma yerli dərman bazarından alınan həmin preparatlar bu effekti vermir. Hazırda bütün apteklərdə belə təhlükəli dərmanlar satılır. Xeyli sayda dərman var ki, orqanizm üçün təhlükəlidir və QMP standartlarına uyğun deyil. Məsələn, yağda və suda həll olunan vitaminlər var. Bunları qarışdırmaq olmaz. Amma o
nlar qarışdırılaraq bir preparatın tərkibində satışa çıxarılır. Bu da orqanizm üçün çox təhlükəlidir”.

Həkimləri üzüqara edən dərmanlar

Bazarda mövcud olan, əsasən çinHindistandan gətirilən saxta dərmanlar həkimləri də çətin duruma salır. Onlar həmin dərmanlarla xəstələri sağalda bilmirlər və nəticədə cəmiyyətdəki nüfuzları xeyli aşağı düşür. Artıq bir çox vətəndaşlar Azərbaycanın səhiyyə xidmətlərindən imtina edərək xaricdə müayinə və müalicə almağa üstünlük verirlər. Bu faktı təsdiqləyən Q.Əsədov xaricdə təhsil alan həkimlərin dərmanlarla bağlı daha ciddi problemlərlə üzləşdiklərini deyir:

“Həkimin üzünü ağardan keyfiyyətli dərmanlardı. Onların bir qismi gedib xaricdə kurslar keçir, müasir müalicə metodlarını, əzcaçılıq məhsullarını öyrənirlər. Qayıdıb gələndə isə öyrəndikərini burada tətbiq edə bilmirlər. çünki həmin dərmanlar ya Azərbaycanda ümumiyyətlə yoxdu, ya da tərkibi eyni deyil. Ona görə də müalicədə həmin effekti vermir. Dünyada istifadə edilən müasir müalicə protokollarında olan dərmanların 50 faizi Azərbaycanda yoxdu”.

Vaqifhekim.jpg

Pediatr Vaqif Qarayev

Dərmanların baha satılmasına səbəb olan amillərin sırasında farmakoloji firmaların həkimlərlə işbirliyində olması da göstərilir. Problemlə bağlı fikirlərini bölüşən pediatr Vaqif Qarayev bunu inkar edir:

“Dərmanları həkimlərin firmalarla işbirliyi bahalaşdırmır. Ona qalsa, ölkədə kifayət qədər həkim heç bir firma ilə əməkdaşlıq eləmir. Amma keyfiyyətli dərmanlar təyin edir. Bahalıq həm vergi faizlərinin çox olması, həm də sahibkarların acgözlüyü ilə bağlıdır. Eyni dərman preparatı Əhmədlidə bir, İçərişəhərdə başqa qiymətə satılır. Məntiq tapmaq çətindir. Keyfiyyət məsələsinə gəldikdə isə ölkədə dərman monopoliyası mövcuddur.Təsadüfi deyil ki, bu məsələ artıq Prezidentin nəzarətindədir və ən güclü monopolistlərdən biri – RiyadFarm-in rəhbərliyi həbs olunub.Və nəhayət, qiymətlərin tənzimlənməsi barədə də Hökumət qərar qəbul edib”.

Dərman biznesindən hətta 500 faiz gəlir götürən işbazlar

Mütəxəsislərin fikrincə, ölkədə dərman preparatları və tibbi ləvazimatların satışında hökm sürən pərakəndəliyi bir necə yolla aradan qaldırmaq mümkündür. Onların ən əsası daxili istehsalın təşkil olunması və idxal olunan mallarda inhisarçılığın aradan qaldırılmasıdır.

perviz heyderov.jpg

İqtisadçı Pərviz Heydərov

İqtisadçı Pərviz Heydərov da qiymətlərin azad rəqabət şəraitində bazarla tənzimlənməli olduğunu vurğulayıb:

“Dərman vasitələri və preparatlarına tələbat böyükdür. Azərbaycanda bu sahədə özbaşınalığın kökü məhz bundan irəli gəlir. Tələbatın genişliyindən sui-istifadə edilir. ölkədə dərman biznesindən nəinki 200-300, hətta 500 faiz gəlir götürənlər var. Onu da qeyd edək ki, dünya üzrə də bu sahədə mövcud vəziyyət tam mənada qənaətbəxş deyil və şəffaf xarakter daşımır. Tam məsuliyyəti ilə deyə bilərəm ki, Azərbaycanda bu sahədə sözügedən özbaşınalıqdan, çox güman ki, ayrı-ayrı ölkələrdəki fırıldaqçı istehsalçılar da xeyir götürür. Odur ki, bu sahəyə dövlət nəzarəti olduqca vacibdir. Prezident də qeyd edib ki, bu məsələ bir qədər diqqətdən kənarda qalmışdı. Ona görə də hər şey bazar tərəfindən tənzimlənməlidir. Təklif, qiymət, tələbat adlı iqtisadi mexanizmlər mövcud olsa da, heç də hər şey öz ədalətli həllini tapmır”.

Yerli istehsala yaşıl işıq

Dərman sahəsində ölkəmizin hələ də idxaldan maksimum (yerli istehsal cəmi 2 faizdir-red.) asılı olduğunu qeyd edən P.Heydərov bunun azaldılması istiqamətində addımların atılmasını vacib sayır:

“Hazırda təxminən 4500 adda dərman vasitəsinin dövlət qeydiyyatından keçdiyi deyilir. Bu işlə Səhiyyə Nazirliyi məşğul olur. Ancaq Nazirliyin işi bununla bitməməlidir. Nə qədər ki, ölkənin bu sahədə daxili bazarı idxaldan maksimum asılıdır, inhisarçılarla mübarizə aparmaq çətin olacaq. İstənilən dərman növünü eyni şirkət gətirdiyi halda isə qiymət şişəcək. Odur ki, ən zəruri və daha çox tələb olunan dərman növlərinin ən yüksək inkişaf etmiş istehsalçıları ilə birbaşa əlaqə qurularaq ölkəmizdə yerli istehsalın perespektivi də dərhal nəzərdən keçirilməlidir”.

Xatırladaq ki, bir müddət öncə Səhiyyə Nazirliyinin rəsmiləri ölkəmizdə dərman istehsal edən zavodun işə salınacağı haqda açıqlama verib. Lakin hələlik həmin müəssisənin fəaliyyəti, hansı tibbi preparatları istehsal edəcəyi, hansı standartlarla istehsalı həyata keçirəcəyi barədə məlumatlar açıqlanmayıb. ümumiyyətlə, SN bu mövzuda danışmağa meylli deyil. Amma insanların sağlamlığında mühüm rol oynayan dərmanların satışındakı xaos və monopoliyanın tüğyan etdiyi bir vaxtda bu işə məsul olan qurumun məsələyə dırnaqarası baxması heç də yaxşı əlamət sayılmır. ölkə başçısının tapşırıqlarından sonra dərman istehsalı və satışında ciddi dəyişikliklərin baş verəcəyinə ümid edirik.

Fərqanə Allahverdiqızı

Strateq.az