ATU-nun Tədris Cərrahiyyə Klinikasında yeni bir uğura da imza atılır.
Strateq.az-a daxil olan məlumata görə, 23 həftəlik, 650 qr çəki ilə yenidoğulmuşun həyatda saxlanılması Azərbaycanda ilk dəfə olaraq ATU-nun Tədris Cərrahiyyə Klinikasında gerçəkləşdirilib.
Son bir ayda hər kəsin diqqəti bir ay öncə 23 həftəlik, 650qr çəki ilə dünyaya göz açan, həyatdan bərk-bərk yapışaraq “Həyatda mən də varam” deyən Yusifin üzərindədir. Belə ki, 19.06.2015 tarixində 23 həftəlik hamiləliklə körpəsini itirmə təhlükəsi ilə ümidsiz şəkildə hamilə qadın ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Aparılan müayinələr zamanı dölyani mayenin tam axdığı aşkarlanıb. Bundan çıxış yolu isə ancaq hamiləliyin sona çatdırılması olub. Klinikanın həkim mama-ginekoloqu Dr. Abbasova Nigar və həkim-neonatoloqu Dr. Yaqubova Səadət xanımın apardığı müayinələr nəticəsində dölün həyat fəaliyyətinin davam etdiyi aşkarlanıb və süni doğuş aparılıb.
Həkimin sözlərinə görə, ilk vaxt yenidoğulmuşun çəkisi 650 qr, ümumi vəziyyəti kritik olub. Dərin morfofunksional çatışmazlıq fonunda uşaqda tənəffüs pozğunluğu əlaməti də ön plana çıxıb və respirator distress sindromu müşahidə olunub. Bütün xəstəxana yaşama ehtimalı çox aşağı olan körpənin həyat mücadiləsində ona dəstək olaraq, klinikanın bütün imkanlarından istifadə edərək, nəticədə, onu həyatda saxlamağa nail olublar.
Neonatologiya şöbəsinin müdiri Səadət Yaqubovanın rəhbərliyi ilə aparılan reanimasiya tədbirləri nəticəsində körpə artıq 33 gündür ki, yaşayır. Vəziyyəti bu müddət ərzində bir neçə dəfə kəskin pisləşsə də, hal-hazırda qənaətbəxşdir. İndi Yusifin çəkisi 1020 qr-ı keçib. ümid edirik ki, balaca Yusif sağlam böyüyərək xalqına, vətəninə layiqli övlad olacaq.
Strateq.az