XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 July 2015 - 22:37

İri dövlət şirkətləri özəlləşdirilə bilər – İqtisadçı alim vəziyyətdən çıxış yolu göstərdi

ADR hərəkatının rəhbəri, tanınmış iqtisadçı Qubad İbadoğlu özünün Facebook səhifəsində ölkənin getdikcə pisləşən maliyyə durumu və gözlənilən çətinliklərdən çıxış yolları barədə maraqlı fikirlər paylaşıb.

Strateq.az bildirir ki, Q.İbadoğlu 2013-cü ildən başlayaraq, dövlətin büdcə xərcləmələrinin azalmaqda davam etdiyini və əvvəlki il üzrə qeydə alınan azalmanın büdcə prioritetlərindəki dəyişikliklə bağlı olduğunu, cari ildə gözlənilən dəyişikliyin isə maliyyə sistemində yaranmış və getdikcə ciddiləşən problemlərlə şərtləndiyini vurğulayıb: “Dünən Maliyyə Nazirliyi və Neft Fondunun 6 ayın yekunları ilə bağlı açıqlamaları ölkənin fiskal durumunun çətinliklərini aşkara çıxarmağa və qiymətləndirməyə imkan verir. Bu il üçün büdcəyə 19 milyard 438 milyon manat vəsait yığmağı planlaşdıran hökümət ilin 1-ci yarısında onun 7 milyard 807 milyon 200 minini və ya 40 faizini təmin edib. Proqnozun icrasında başlıca çətinlik Neft Fondundan gözlənilən transferlərin azalmasıdır. Belə ki, bu il ərzində büdcəyə 10 milyard 388 milyon manat köçürmək öhdəliyinə mailk olan Neft Fondu ilin 6 ayında onun 3 milyard 562 milyon manatını və ya üçdə birindən bir az artığını transfer edib. çünki Neft Fondunun özünün də gəlirləri ilin 1-ci yarımilliyində 4 milyard 54 milyon manat olub ki, bu da proqnozlaşdırılan vəsaitin 40 faizindən də azdır. Göründüyü kimi, həm dövlət büdcədində və həm də Neft Fondunun büdcəsində icra faizi 40-ı ötə bilməyib. Deməli, mədaxilin təminatında eyni səviyyədə icra vəziyyətinin xarakterizə edən bu asılılıq birbaşadır və Neft Fondunun gəlirləri azaldıqca, dövlət büdcənin xərcləmələrində də problemlər çoxalacaq”.

Tanınmış iqtisadçı alimin yazdığına görə, çıxış yolunu kiçik və orta vergi ödənişlərini inzibati qaydada sıxmaqla büdcəyə əlavə vəsait cəlb etməkdə görən hökümət buna ilin ilk 6 ayında nail olsa da, sonrakı aylarda eyni metodla istədiyi effekti ala bilməyəcək: “Bu halda hökümətin başqa bir alternativə müraciət edəcəyi də istisna olunmur”.

Q.İbadoğlu hesab edir ki, hazırkı situasiyada və gələcəkdə daha da pisləşən durumda büdcəyə vəsait cəlb etməyin yollarından biri özəlləşdirmədən əldə edilən gəlirlər ola bilər: “Bu halda hətta ARDNŞ-in də səhmləşdirilməsi və sonradan səhmlərinin satışa çıxarılması gündəmə gələ bilər. Mümkündür ki, ondan qabaq digər iri vergi ödəyicilərindən – Azərenerji, Azərsu, Xəzər Dəniz Gəmiçiliyi, Aztelekom, Azal kimi şirkətlər də özəlləşdirməyə çıxarılsın. çünki onların çoxu hazırda büdcə qarşısında olan cüzi vergi öhdəliklərini belə yerinə yetirə bilmirlər və ildən ilə vergi borcları ilə yanaşı, kreditor borclarını da artırılar”.

Q.İbadoğlunun gümanlarına görə, Azərbaycan Beynəlxalq Bankı böyük özəlləşdirmə siyasətində sınaq-təcrübə funksiyasını yerinə yetirəcək.

Strateq.az