XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 July 2015 - 04:20

ABŞ Türkiyənin “qırmızı cizgi”lərini tanıdı- “Böyük Kürdüstan”ın sonu

Bir müddət əvvəl Barak Obamanın İŞİD-lə mübarizə missiyasının nümayəndəsi kimi Ankaraya gələn istefada olan ABŞ generali Con Allenlə Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Firudin Sinirlioğlu arasında razılıq əldə olunub. Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən razılığa əsasən, qardaş ölkə İncirlik hərbi bazasını müəyyən şərtlərlə ABŞ ordusunun istifadəsinə verəcək. ABŞ tərəfindən qəbul olunan həmin şərtlərin qısa məzmunu belədir:

Türkiyə-Suriya sərhədinin Mare-Cərablus arasındakı 90 km-lik sahə uçuşa qadağan bölgə elan olunacaq.

– Hal-hazırda Azad Suriya Ordusu və qismən İŞİD-in nəzarətində olan bölgədəki qadağan sahəsinin dərinliyi 40-50 km olaraq düşünülür. Türkiyəyə yeni köç dalğasının gələ biləcəyi bölgənin tamamilə İŞİD, ən-Nüsra kimi radikal dini təşkilatların əlinə keçməsinə icazə verilməyəcək.

– Bölgənin havadan təhlükəsizliyini (hücum və kəşfiyyat daxil) 'lazım gələrsə”, ABŞ-ın başçılıği ilə koalisiya qüvvələrinin döyüş təyyarələri təmin edəcək. Yenə 'lazım gələrsə”, türk döyüş təyyarələri də eyni vəzifəni yerinə yetirə biləcək.

– 'Lazım gələrsə”, ABŞ və koalisiya qüvvələrinin təyyarələri İncirlik hərbi bazası ilə bərabər, Türkiyənin digər hava məkanlarından da istifadə edə biləcək.

– Bölgənin təhlükəsizliyinin təmin olunmasında, 'lazım gələrsə”, Türkiyə öz topçu birlikləriylə əməliyyatlara dəstək verə biləcək.

– Hərbi bazanın istifadəsi Türk Hava Qüvvələri ilə koordinasiya ediləcək. Təhlükəsizlik bölgəsi elanından sonra Suriya rejiminə aid hava vasitələrinin burada uçmasına icazə verilməyəcək.

– Razılaşma bilavasitə PKK-nin Suriya qanadı sayılan PYD-ni hədəfə almır. Ancaq PYD qüvvələrinin bölgənin təhlükəsizliyinə kölgə salan və Türkiyənin sərhəd toxunulmazlığını təhdid edən hərəkətləri (məsələn, demoqrafik quruluşu pozmaq cəhdləri) halında gərəkli müdaxilə mümkün olacaq.

– İncirlik bazasına ABŞ Quru Qoşunlarına aid güc yerləşdirilməyəcək. Ancaq ABŞ və koalisiya təyyarələrinin texniki ehtiyaclarını ödəmək üçün bazaya texniki-hərbi mütəxəssislərlə bərabər, 40-50 nəfərlik hərbi texniki heyət də gələ biləcək”.

Qeyd edək ki, bütün bu şərtlər əslində Türkiyənin bir müddət əvvəl açıqladığı “qırmızı cizgi”lərinə aiddir. Belə görünür ki, ABŞ nəhayət bu cizgiləri tanımalı olub. Mütəxəssislərin rəyinə görə, Türkiyə əldə etdiyi bu fürsətdən lazımi qaydada istifadə etsə, beynəlxalq güclər tərəfindən dəstəklənən “Böyük Kürdüstan” layihəsinin sonu çata bilər.

Heydər Oğuz

Strateq.az