Prezident Barak Obama BBC-yə müsahibəsində deyib ki, prezidentliyi dövründə onun ən böyük məyusluğuna səbəb əhalinin odlu silahları sərbəst əldə etməsini məhdudlaşdıran qanunvercilik cəhdlərinin uğursuz olmasıdır.
“Əgər siz 2001-ci ilin 11 sentyabrından sonra terrorçu hücumlar nəticəsində həlak olanların sayına diqqət yetirsəniz görərsiniz ki, bu rəqəm 100-dən azdır, – deyib Obama, – Amma əgər siz odlu silahla bağlı zorakılıqların qurbanlarına baxsanız, bilərsiniz ki, bunların sayı on minlərlə ölçülür”.
Sərbəst silah gəzdirmək hüququ ABŞ Konstitusiyasına ikinci düzəlişlə təsbit olunub.
Prezident postunda olduğu 6 il müddətində Barack Obama dəfələrlə bu sahədə qanunların sərtləşdirilməsi zərurətindən danışıb.
2012-ci ildə cənab Obama mülki şəxslərin odlu silah saxlamasını və gəzdirməsini qadağan edən qanunun bərpasına çağırıb.
Lakin əksəriyyətini respublikaçılar təşkil edən Konqres bu qanun layihəsini rədd edib.
Obama vəd edib ki, prezidentlik müddətinin qalan ilyarımını odlu silahın əldə edilməsi, saxlanması və gəzdirilməsini tənzimləyən qanunvericiliyin sərtləşdirilməsi uğrunda mübarizəyə həsr edəcək.
Lakin prezidentdən Ağ Evdə müsahibə almış BBC-nin Şimali Amerika xidmətinin redaktoru Con Sopel qeyd edib ki, bunu deyəndə prezident o qədər də qətiyyətli səslənmirdi.
“ABŞ-ın ən yaxşı tərəfdaşı”
Barak Obama həmçinin “transatlantik həmrəyliyinin qorunması naminə” və dünya siyasətinə gələcəkdə də təsir edə bilmək üçün Britaniyanı Avropa İttifaqının tərkibində qalmağa çağırıb.
“Birləşmiş Krallığın Aİ tərkibində olması bizə transatlantik ittifaqının gücünə daha çox əmin olmaq imkanı verir” – deyib prezident.
Obama Britaniyanı “İkinci Dünya Müharibəsindən sonra dünyanı daha az təhlükəli, daha firavan edən təsisatların məhək daşı” adlandırıb.
Britaniyanın baş naziri David Kameron ölkənin Avropa İttifaqında üzvlüyü məsələsinə dair referendumun keçiriləcəyini vəd edib. Bu referendum 2017-ci ilin sonlarınadək keçirilməlidir.
Birləşmiş Krallıq Avropa İttifaqında özü üçün daha sərfəli şərtlərlə üzvlüyə can atır. Lakin Avropa Komissiyası və ittifaqın başqa təsisatları Londonun bu cəhdlərinə qarşı çıxırlar, çünki Britaniyanın şərtləri Avropa İttifaqının başlıca prinsiplərindən biri – vətəndaşların ittifaq sərhədlərində sərbəst gediş-gəliş hüququ ilə ziddiyyət təşkil edir.
ABŞ prezidenti Britaniya hökumətinin NATO-nun normativlərinə uyğun olaraq üDM-in 2 faizini müdafiə xərclərinə ayırmaq qərarını alqışladığını deyib.
Barak Obama bu qərarın guya ABŞ-ın təzyiqi altında qəbul olunduğu barədə fikirləri rədd edib.
Bununla yanaşı o, qeyd edib ki, bu barədə Kameronla “səmimi söhbəti” olub.
BBC-yə müsahibəsində Amerika prezidenti Britaniyanı “dünya birliyinin daha təhlükəsiz və daha təşkilatlanmış olması naminə özünün ötəri maraqlarından yüksəkdə dayanmaq bacarığı ilə ABŞ-ın ən yaxşı tərəfdarı” adlandırıb.
Con Sopel bildirir ki, müsahibə zamanı prezident Obama qətiyyətli və rahat görünürdü. O sanki prezidentlik müddətinin sonlarına doğru uğurun onun üzünə gülməyə başladığını hiss edir. Axı bir çox təhlilçilər bundan əvvəl onun prezidentliyini iflas adlandırırdılar.
2014-cü ilin noyabrında keçirilən mövsümarası seçki zamanı Obama innən belə prezidentlik yükünü çəkə bilməyəcək adam təsiri bağışlayırdı.
Lakin son vaxtlar uğur onun üzünə gülür. O Kuba ilə diplomatik əlaqələri bərpa edib, İranla nüvə razılaşması imzalanıb və Sakit okean ticarət sazişi əldə olunub.
O indi daha gənc və daha dinamik görünür. Obamaya belə gəlir ki, o son vaxtlar çox şeylərə nail olub, lakin onun hələ də ambisiyaları var və o, əldə olunmuş nailiyyətlərlə kifayətlənmək fikrində deyil.
Strateq.az