XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

24 İyul 2015 - 12:29

“Kapital Bank” plastik kartları necə verəcək?- Araşdırma

kart_2.jpg

Bu ilin iyul ayının əvvəlindən etibarən, respublikada bütün sosial müavinət və təqaüdlərin bankomatlar vasitəsilə ödənilməsi xidməti tenderdə qalib gələn “Kapital Bank”a həvalə olunub. Ona görə də həmin ödənişləri indiyədək Azərbaycan Beynəlxalq Bankı vasitəsilə alan vətəndaşlar plastik kartlarını dəyişdirməlidirlər. Bu zaman onların müxtəlif əngəllərlə üzləşməsi, əlavə rüsumların tələb olunması təqaüdçülərin haqlı narazılığına səbəb olub. Onlara eyni zamanda, ABB-dən fərqli olaraq, “Kapital Bank”da xidmət haqlarının daha yüksək olduğunu əsas gətirərək xidmətin əvvəlki qaydada saxlanılmasını təklif ediblər.

Məsələyə aydınlıq gətirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Strateq.az-a açıqlamasında təqaüdçülərə xidmət göstərən bankın dəyişməsi ilə həmin vətəndaşlara heç bir əlavə maneələrin olmayacağını bəyan edib:

Elman_1.jpg

“İndiyədək sosial müavinət və təqaüdlərini Azərbaycan Beynəlxalq Bankının bankomatlarından alan vətəndaşlar bundan sonra həmin vəsaitləri “Kapital Bank”a məxsus bankomatlardan qəbul edəcəklər. Bununla əlaqədar olaraq, rayon və şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzləri “Kapital Bank”ın müvafiq filiallarına sosial ödənişlər alan vətəndaşlar üçün plastik kartların hazırlanması və onlara təqdim olunması barədə sifarişlər verilib. Artıq iyul ayı üzrə sosial müavinət və təqaüdlərin ödənilməsi başlanan vaxta qədər, yəni iyulun 20-dək artıq plastik ödəniş kartları tam hazır olub. Hazırda təqaüdçülər şəxsiyyət vəsiqələrini “Kapital Bank”ın aidiyyəti rayon və ya şəhər filiallarına təqdim edərək yeni ödəniş kartlarını əldə edirlər. Və burada hər hansı problem mövcud deyil”.

Xidmət haqqını dövlət ödəyir

E.Babayevin sözlərinə görə, sosial müavinət və təqaüdlərin ödənişi xidmətinin tenderin qalibi olan digər banka keçirilməsi vətəndaşlar üçün heç bir çətinlik yaratmayacaq:

“Vətəndaşlara sosial müavinət və təqaüdlərin ödənilməsinə görə onlardan heç bir xidmət haqqı tutulmur. Sifariş verilmiş plastik kartların hazırlanması üçün vəsait isə dövlət büdcəsi hesabına ödənilir”.

Xatırladaq ki, indiyədək ƏƏSMN-nin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərində təyin olunan sosial müavinət və təqaüd alan vətəndaşlar “Kapital Bank” ASC və ABB-nin bankomatlarının xidmətindən istifadə edirdilər. Nazirliyin ABB ilə bağladığı müqavilənin müddəti başa çatdığından 2015-ci ilin mayında yeni tender keçirilib. Tenderin nəticələrinə uyğun olaraq, yeni xidmət bankı “Kapital Bank” seçilib. Ona görə də Nazirlik təqaüdçülərin plastik kartlarını dəyişdirməyə qərar verib.

Köhnə kartlarda qalan pullar da qaytarılır

İndiyədək sosial müavinət və təqaüdlərini ABB-nin bankomatlarından alan vətəndaşların bir qismi köhnə kartlarında müəyyən qədər vəsaitlərinin qaldığını bildiriblər. E.Babayev bu məsələyə də aydınlıq gətirib:

“Hazırda Beynəlxalq Banka məxsus plastik ödəniş kartlarında hələ götürmədikləri müəyyən məbləğ qalan vətəndaşlar yaşadıqları rayon və ya şəhər üzrə Bankın filiallarına müraciət etməklə qalan vəsaitlərini nəğd formada ala bilərlər. Vətəndaşlar plastik kartlarının dəyişdirilməsi və ya onlara məxsus qalıq vəsaitlərinin Azərbaycan Beynəlxalq Bankından alınması prosesində hər hansı çətinliklə üzləşdikləri təqdirdə qeydiyyatda olduqları rayon və ya şəhərin ƏSMM-lərinə müraciət edə bilərlər”.

Yeri gəlmişkən, yeni dəyişiklik əmək pensiyaçılarına aid deyil. Artıq bununla bağlı Dövlət Sosial Müdafiə Fonduna çoxsaylı müraciətlər daxil olur. Fondun ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, pensiyaların ödənilməsi xidmətində heç bir yenilik olmadığından narahatlığa da əsas yoxdur:

“Pensiyaların ödənilməsi bu məqsədlə elan olunan tenderdə qalib gələn banklarla bağlanmış müqavilələr əsasında həyata keçirilir. Xidmət müddəti davam etdiyindən bankomatlardan və plastik kartlardan istifadənin dəyişdirilməsi ilə bağlı heç bir narahatlığa əsas yoxdur. Əmək pensiyaçıları öz pensiyalarını əvvəlki qaydada kartlarının aid olduğu banklardan almağa davam edəcəklər”.

Artıq 100 mindən çox paylanıb

kart_1.jpg

Qeyd edək ki, təqaüdçülərə xidmət göstərən yeni bankın seçilməsi bankomatların qarşısında uzun növbələrə səbəb olacaq. Əgər əvvəl onlara iki bankomat xidmət göstərirdisə, indi hamı eyni bankomatdan pul çıxarmağa məcbur olacaq. Nəticədə bankomatların yükü də ikiqat artacaq. Xüsusilə rayonlarda bu problem daha qabarıq şəkildə özünü göstərəcək. çünki paytaxtdan fərqli olaraq, rayon mərkəzlərində, kəndlərdə “Kapital Bank”in bankomatları o qədər də çox deyil. Hətta iki bankın xidmətindən istifadə edildiyi dövrdə də bankomatların qarşısında uzun növbələr yaranırdı. Vətəndaşların narahatlığına səbəb olan məsələlərdən biri də növbələrin daha da artmasıdır.

Məsələyə aydınlıq gətirmək üçün “Kapital bank”ın mətbuat xidmətinə müraciət etdik. Bankdan bildirdilər ki, onlar artıq iyul ayının əvvəlindən etibarən respublika üzrə bütün sosial müavinət və təqaüdlərin plastik kartlarla ödənilməsi xidmətinə başlayıblar.

Bununla əlaqədar olaraq, müvafiq ƏSMM-lər “Kapital Bank”ın şəhər və rayon filiallarına vətəndaşlar üçün plastik kartların hazırlanması və təqdim olunması ilə bağlı artıq sifarişlər veriblər. Bank, öz növbəsində, iyul ayının 16-dan etibarən plastik kartların paylanması prosesinə start verib. Hazırda bununla bağlı Bankın 10 Bakı və 26 regional filialı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Belə ki, vətəndaşlar iş günləri axşam saat 8-dək, eləcə də şənbə və bazar günlərində səhər saat 09-dan 18-dək Banka müraciət edərək kartları ala bilərlər. Gücləndirilmiş iş rejimi iyul ayının sonunadək qüvvədə qalacaq.

“Bankın bu istiqamətdə keçirilmiş tenderdə qalib gəlməsi uğur olmaqla yanaşı, həm də məsuliyyət deməkdir və bizim üçün böyük şərəfdir ki, respublika əhəmiyyətli sosial layihələrin bir hissəsi ola bilirik. Bankımız ölkədə ən çox bankomat və filialı olan qurumdur. Ona görə də xidmətin keyfiyyətində heç bir əlavə problemlərin yaranması gözlənilmir,” – deyə Bankdan bildiriblər.

“Kapital Bank”dan verilən məlumata görə, artıq 100 mindən artıq yeni plastik kart təqaüdçülərə verilib. Hazırda isə proses davam etdirilir.

Fərqanə Allahverdiqızı

Strateq.az