XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

31 Avqust 2016 - 16:51

Ekspert:"İŞİD-ə qarşı hərbi əməliyyatlar Türkiyə üçün risklər yaradır"

Rufiz

Türkiyə Quru Qoşunlarının və Hərbi Hava Qüvvələrinin Suriya ərazisində İŞİD terror qruplaşmasına qarşı keçirdiyi hərbi əməliyyatlar öz bəhrəsini verməklə yanaşı, bölgə, xüsusən də Türkiyə üçün bir sıra risklər yaradır.

Bunu Trend İnformasiya Agentliyinin Yaxın Şərq redaksiyasının rəhbəri, Yaxın Şərq məsələləri üzrə ekspert Rufiz Hafizoğlu bildirib.

R.Hafizoğlunun sözlərinə görə, hazırda hərbi əməliyyatlar nəticəsində 33 yaşayış məntəqəsi və 300-ə yaxın kənd İŞİD-dən geri alınıb.

Ekspert hesab edir ki, Suriyada İŞİD terror təşkilatına qarşı keçirilən hərbi əməliyyatların Türkiyə üçün bir sıra risklər yaratma təhlükəsini Türkiyə rəsmiləri də yaxşı bilir. Bu risk Türkiyə ərazisində İŞİD, PKK və digər terror təşkilatlarının aktivləşməsidir ki, məhz bu baxımdan hərbi əməliyyatlar fonunda ölkədə təhlükəsizlik ən yüksək səviyyəyə çatdırılıb.

O əlavə edib: "Suriyada "Fərat qalxanı" adı altında İŞİD və digər terror təşkilatlarına qarşı hərbi əməliyyatların başlamasından bir gün sonra Türkiyənin Şırnak vilayətində terror aktı törədildi, daha sonra isə ölkənin ana müxalifəti hesab edilən Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğluna qarşı sui-qəsd planlaşdırıldı və bütün bunların arxasında PKK-nın durduğu açıqlandı".

R.Hafizoğlu qeyd edib ki, Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatların fonunda başqa bir risk də öz aktuallığını qoruyub saxlayır: "Bu da Suriya ərazisində olan terror təşkilatlarının Türkiyə ordusu və dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə etməsi riskidir. Məlum olduğu kimi, terror təşkilatlarının aktivləşməsindən ilk növbədə mülki vətəndaşlar əziyyət çəkir. Türkiyə bundan əvvəl öz sərhədlərini suriyalı qaçqınlara açıb və hazırda ölkədə 3 milyondan çox suriyalı qaçqın var. Lakin dəfələrlə şahidi olmuşuq ki, məhz Suriyadan Türkiyə ərazisinə qaçqın kimi keçən terrorçular Türkiyədə terror aktları həyata keçiriblər".

Ekspertin sözlərinə görə, bütün bunlar bir daha onu göstərir ki, Ankara ilk növbədə Türkiyə-Suriya sərhədində nəzarəti daha da gücləndirəcək.