Rusiya Prezidenti Vladimir Putinin ötən ilin dekabr ayındakı Türkiyə səfərindən bu yana “Türk Axını” qaz boru xətti ilə əlaqədar aparılan danışıqlarda heç bir irəliləmə olmadı.
Strateq.az xəbər verir ki, bu məlumatı Türkiyə mətbuatı yayıb.
Məlumata görə, bu səfər zamanı adı “Türk Axını” olaraq dəyişdirilən boru xəttindəki qazötürücü qurğunun Trakyada – Yunanıstanla sərhəddə qoyulması təklif edilmişdi. Bu təkliflə adı 'Türk Axını”na dəyişdirilən və idarəsi həmin qazötürücüylə birgə Türkiyəyə veriləcəyi ehtimal olunan boru xəttinin yeni “əmmaları” ortaya çıxıb.
Ən əsas “əmma” rusların qaz satışında Türkiyəyə endirim edib-etməməsi ilə bağlıdır. Hələ 20 il bundan əvvəl bağlanmış müqaviləyə görə, dünyadakı ən bahalı qiymətə Rusiyadan qaz alan Türkiyə bu məsələyə yenidən baxmağı “Türk axını” projesinin şərtlərindən biri kimi önə çəkmiş və ilk baxışdan, Rusiya da bunu qəbul etmişdi. İndi məlum olur ki, heç demə, belə deyilmiş. Rusiya öz razılığını ifadə edərkən, guya, Türkiyəyə Ukraynadan aldığı qazı bu xətt üzərindən satmağı təklif edirmiş. Qiymətlər isə eyniylə davam edəcəkmiş.
Digər mübahisə yaradan “əmma” isə bu boru xəttinin Türkiyədəki digər sistemlərə calanıb-calanmaması məsələsindən qaynaqlanır. Türkiyə tikiləcəyi gözlənilən xəttin digər sistemlərə bağlanmasını istəsə də, Rusiya borunun müstəqil şəkildə Yunanıstan sərhədinə gətirilməsini planlaşdırır.
Qədir Xas Universitetinin Enerji Sistemləri Mühəndisliyi kafedrasının müdiri, Enerji və İqlim Dəyişikliyi Təşkilatının qurucu rəhbəri professor doktor Volkan Ediger layihəni Rusiyanın “siyasi oyunbazlığı” kimi qiymətləndirir.
Professorun fikrincə, Rusiya “Cənub Axını” qaz xətti layihəsindən imtina edən Avropa Birliyi və Bolqarıstana dərs vermək üçün bu projeni ortaya atıb. Başqa cür desək, Türkiyənin illərdir enerji mərkəzi olmaq istədiyini bilən Moskva bu layihə ilə Ankaranı “şirəyə çəkibmiş”. Sitat: “İndi isə deyir ki, “mən boru xəttini Yunanıstan sərhədinə gətirim, sənə bir az tranzit pulu verim. Əvəzində Ukrayna üzərindən gələn Qərb xəttindən alacağın qədər sənə mavi yanacaq sataram. Endirim isə etmərəm.”
Layihədən nəsə alacaqlarını düşünərək bu şərtləri qəbul etdiklərini deyən türkiyəli alimə görə indi vəziyyət dəyişilib: “Heç bir şeyi ala bilməyəcəyimizi anladıq. Ala bilmirsənsə, məcburən 'xeyr' deyəcəksən. “
Ediger dünyanın ən böyük təbii qaz ehtiyatlarına sahib İrana qarşı sanksiyaların ləğv olunması ilə bu ölkənin imkanlarından yararlanmağı məsləhət görür və bunun Rusiya ilə müzakirələrdə “kozır” kimi istifadə edilə biləcəyinə inanır.
Enerji Satışı və Siyasəti İnstitutunun direktoru Volkan özdəmir də Türkiyənin öz kürəyində Rusiya qazını daşıyaraq Yunanıstanı qaz mərkəzinə çevirməyəcəyi barədə mesaj verdiyini bildirib. O, təklif etdiyi boru xəttiylə Türkiyəni bir dəhliz olaraq keçən Rusiyanın Avropaya çıxmaq istədiyini, ancaq ona belə bir imkanın verilməyəcəyini vurğuladı.
Türkiyə bu layihə ilə Rusiya təbii qazını birlikdə satışa çıxarmaq istədyir”-deyən özdəmirin fikrincə, ” balanslı bir enerji əməkdaşlığından söhbət gedirsə, Türkiyədə yaradılacaq bir sistemlə qiymətlərin burda təyin olunması və bir mərkəzdən satışa çıxarılması lazımdır”.
Təbii qaz alışında Rusiyanın ikinci böyük müştərisi olmasına baxmayaraq, Türkiyənin heç bir zaman qiymətləri bazara uyğun olaraq indeksləmə kartından istifadə etmədiyini xatırladan özdemir, Avropada qaz qiymətlərinin neft indeksindən ayrıldığını dedi: “Bu səbəbdən də Türkiyə Avropa bazarının tələblərindən uzaqlaşdı. Amma bunu Rusiya ilə müzakirə masasına çıxarmadı. Türkiyə bunu yenidən müzakirə mövzusuna çevirə bilər. O zaman ruslar indi verdikləri qiymətə şükr edərlər.”