XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

25 İyul 2015 - 10:18

Cəbhədə hərbi əməliyyatlar: Rusiyanı bölgəyə çağıran “dəvətnamə”, yoxsa Qərbə təzyiq? – Təhlil

ermc999ni-terroru-300x183Cəbhə xəttində döyüşlər başlayıb. Bəzi informasiya kanallarının yaydığı bu xəbəri Müdafiə Nazirliyi də təsdiqləyib. İlkin məlumatlara görə, ağır döyüşlər nəticəsində hər iki tərəfdə ölən və yaralanan olub. Azərbaycanın strateji bir yüksəkliyi ələ keçirdiyi də xəbər verilir.

Xəbərlərini böyük diqqət və həyəcanla təqib etdiyimiz bu hərbi əməliyyat əslində gözlənilməz deyildi. Son vaxtlar hərbi xidmətini başa çatdırmış əsgərlərimizin ordu sıralarından təxrisinin yubanması ciddi bir əməliyyata hazırlaşdığımızdan xəbər verirdi. Azərbaycan yetkililəri bu yubanma hadisəsini hər təxris zamanı müşahidə oluna biləcək adi bir hal kimi qələmə verməyə çalışsalar da, hər halda bu izah yetərli səbəb kimi görünmürdü. Açıqlanmamasına baxmayaraq, başlanacağı ehtimal olunan müharibədə təcrübəli əsgərlərlə üstünlük qazanmaq istəyi barədə versiyalar daha ağlabatan görünürdü.

Azərbaycan yetkililərinin son zamanlar müharibə əhval-ruhiyyəli bəyanatlarını artırması da yeni müharibə dalğasının gözləndiyinə işarə idi. Düzdür, zaman-zaman eyni sərtlikdə qarşılıqlı “atışmalar” müşahidə olunur və bütün bunlar söz olaraq qalır, əmələ çevrilmirdi. Fəqət, bu dəfəki bəyanatlar xarakter etibarilə əvvəlkilərdən fərqlənir, az qala, müharibə elanı ilə bağlı notaya bənzəyirdi. Təsadüfi deyildi ki, Azərbaycan Müdafiə naziri Naxçıvandakı hərbi qüvvələrimizin hücuma keçib qısa zaman ərzində Yerevanı ala biləcəyini bildirir, Ermənistanı özünü yaxşı aparmağa çağırırdı.

Bütün bunlar, istər-istəməz, yaxınlarda müharibə başlayacağı haqqında ehtimalları gücləndirirdi. Bu gecə gələn müharibə xəbərləri isə ehtimalın haqlı olduğunu təsdiqlədi.

Torpağının 20%-i işğal altında olan Azərbaycan üçün tamamilə ədalətli görünən bu müharibənin, bütün haqlı tərəflərimizə baxmayaraq, yenidən başlamasının zamanı, di gəl ki, ciddi əndişələrə yol açır. Məlum olduğu kimi, hazırda beynəlxalq aləmlə, xüsusilə Qərb ölkələriylə münasibətlərimizin kəskinləşməsi azmış kimi, bir tərəfdən də əsas gəlir qaynağımız olan neftin qiymətləri günbəgün aşağı enir. Bu isə, istər-istəməz, ölkə iqtisadiyyatını zəif duruma salır. Qələbənin daha rahat təminatı üçün bir necə vacib xüsusdan birinin beynəlxalq dəstək, digərinin müharibəni davam etdirəcək qədər maddi vəsaitin olduğunu nəzərə alsaq, bu əndişələrin yersiz olmadığını görə bilərik.

Nə yazıq ki, istər dünya dövlətlərindən, istərsə də qlobal neft bazarından aldığımız mesajlar müsbət deyil. Avropa ölkələriylə əlaqələrimiz ən yüksək səviyyələrdə edilmiş etiraflara görə, arzuedilməz həddə çatıb. Sözsüz ki, beynəlxalq qurumların ölkəmizə təzyiqləri artırmaq üçün müxtəlif vasitələr axtardığı bir zamanda Dağlıq Qarabağda başlayan müharibə ən yaxşı bəhanəyə çevrilə bilər.

Prinsipcə, beynəlxalq qurumların özləri də bunu gizlətmirlər. Bu zamana qədər, guya, Dağlıq Qarabağ probleminin dinc yolla həllini nizamlamağa çalışan ATƏT-in Minsk qrupunun adı açıqlanmayan yetkilisinin dilindən mətbuata ötürülmüş məlumatlar yuxarıda zikr etdiyimiz ehtimalı qüvvətləndirir. Açıqlamada Azərbaycan öz dövlət sərhədləri daxilindəki torpaqlarında hər hansı hərbi əməliyyata başlayarsa, 4 böyük ölkənin – İngiltərə, Almaniya, Fransa və Rusiyanın – Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı bəyan edilir.

Yetkili Qərb dövlətləri tərəfində atılacağı gözlənilən bu addımın səbəbini Rusiyanın bölgədə özünü məhkəmlədirmək cəhdiylə əsaslandırır. Onun fikrincə, Azərbaycan-Ermənistan arasında başlanacaq toqquşmalardan istifadə edən rus ordusu sülhməramlı missiya adıyla bölgəyə girə və Qərb dünyası özünün cənubi-şərq ayağını itirə bilər.

Son zamanlar Rusiyanın özünə yaxın bölgələrdə aktivləşməsi, keşmiş sovet məkanı sayılan, bu gün isə Qərbə yönələn coğrafiyalarda öz mövqeyini möhkəmlətməyə çalışması mətbuata sızdırılan bu məlumatın əsassız olmadığından xəbər verir. Ukraynada yerli rusların separat tələblərindən faydalanan Rusiyanın artıq şimali-qərb sərhədlərinə tamamilə nəzarət etdiyi bilinir. Onun cənub-qərb sərhədlərində isə hələ də tam çözə bilmədiyi, daha doğrusu, çözdüyündən əmin olmadığı problem var. İstər Azərbaycanın, istərsə də Gürcüstanın ən kritik anda hansı cəbhədə dayanacağının heç bir təminatı yoxdur. Son zamanlar rəsmi Bakıya yönəltdiyi basqılarla Azərbaycan siyasi iradəsini Avropayla üz-üzə qoymağı bacarsa da, hər halda öz hərbi qüvvələrini bölgədə tam şəkildə oturtmayana qədər Rusiya taleyin hökmünə bel bağlaya bilməz.

Eyni sözləri Gürcüstan, hətta Ermənistan üçün də söyləmək olar. Rusiya üçün ən yaxşı təminat, təbii ki, bölgəyə yerləşdirəcəyi ordu hissələri və hər an yenidən alovlandıra biləcəyi konfliktlərdir.

Əndişəmizi artıran əsas məsələ Avropayla əlaqələrimizin pisləşməsi fonunda başlayan və əsasən Rusiyanın işinə yarayan bu müharibədən qazanacağımızın sabah bizim əleyhimizə istifadə olunma ehtimalıdır. Bu gün bölgədə Rusiya güclü ola bilər. Onunla razılaşdırılmış hər hansı məsələnin əsl zəmanət kimi görünməsi də mümkündür. Fəqət atılacaq bütün addımlarda perspektivlər nəzərə alınmalı, sabah nə baş verə biləcəyi nəzərdən keçirilməlidir. Perspektivdə isə Rusiyanın taleyi heç də parlaq görünmür.

Dünya bazarında neftin qiymətinin getdikcə ucuzlaşmasının ən ağır bədəllərini, sözsüz ki, bu ölkə ödəyəcək. Zira məşhur əhvalatdakı bütün oyunların Mollanın yorğanının üstündə olduğu kimi, neft qiymətlərinin ucuzlaşmasının əsas hədəfi də Rusiyadır. ABŞ və digər neft istehsal edən dünya dövlətlərinin hətta aralarındakı düşmənçilikləri unudub bir araya gəlməsində məqsədin Rusiyanı çökdürmək olduğunu bu oyunu quranların özləri belə gizlətmirlər. Bunu Moskva da hər kəsdən yaxşı anlayır, başa düşür. Odur ki, konservləşdirdiyi konflikləri yenidən qızışdırmaqla coğrafiyalarda tutunmaq istəyir.

Amma qızışdırılan hər müharibə Rusiya üçün həm də kifayət qədər maliyyə itkisi deməkdir. Həm Ukraynada bu gün xərclədiyi, həm də sabah, yəqin ki, Qarabağ torpaqlarında xərcləyəcəyi pullar silah satışlarından qazandığından qat-qat artıq olacaq. Bu proses isə onsuz da iqtisadi cəhətdən zəifləyən Rusiyanı uçurumdan uzaqlaşdıran deyil, uçuruma doğru itələyən təkan rolunu oynaya bilər. Rusiyanı labüd sona sürükləyən bir prosesdə onun yanında dayanmaq bu gün qazandığını sabah itirmək – hətta üzərinə əlavə nəsə qoyub itirmək deməkdir.

O da mümkündür ki, Azərbaycanın cəbhə xəttinin məhz Gədəbəy və Naxçıvan istiqamətindən hərbi əməliyyatlara başlamaq istəyini nümayiş etdirməsi, mövcud hakimiyyətin onu sıxan Qərb dövlətlərinə cavab zərbəsi, təzyiqidir. çünki Dağlıq Qarabağ ərazisində
hərbi əməliyyatlara başlamaq hüquqi baxımdan Rusiyanın bölgəyə müdaxiləsini məhdudlaşdırsa da, Qarabağdan kənar ərazilərdə irəliləyiş Rusiyanın KTMT çətiri altında Ermənistanı açıq müdafiəsini əsaslandıra bilər…

Adətən, ağıllı yolçular üzərində aydın şəkildə yarıqların göründüyü gəmilərə minib səyahətə çıxmırlar. çox güman ki, bizim başbilənlər də bunu görürlər. ümid edərik ki, bizim görə bilmədiyimiz başqa xüsuslar var və ölkə rəhbərliyi tuneldə gördüyü işığın dalınca gedir. Amma bütün hallarda “ehtiyat igidin yaraşığıdır” atalar sözünü də unutmamaq lazım.

Heydər Oğuz

Strateq.az