XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 July 2015 - 09:16

Ölkənin 4 bankı çökür: Əmanət və depozitləri qaytara bilməyən bankları nə gözləyir? – Araşdırma

bank-esas.jpg

Azərbaycanda müştəriyə pul verə bilməyən bankların sayı sürətlə çoxalır. Bu həftə sosial şəbəkələrdə “Bank Technique” ASC-nin əmanətçilərdən birinin paylaşdığı fikirlər geniş müzakirə edildi. Belə ki, əmanətçilər banka qoyduqları pulları geri götürmək üçün müraciət etdikdə onlara vəsait olmadığı bildirilib.

Strateq.az-ın əldə etdiyi məlumatlara əsasən, oxşar vəziyyət digər banklarda da yaranıb.

Bank sektorunda ortaya çıxan ciddi problemlər şirkətlərdən də yan keçməyib. Əmanətçilərlə yanaşı, bank xidmətindən yararlanan hüquqi və fiziki şəxslər də öz hesablarından pul çıxara bilməyiblər. Onlara növbələrini gözləmək tövsiyə edilib. Növbənin isə nə zaman çatacağı bəlli deyil.

“Zamin Bank” çətin durumda

“Bank Technique” ASC-nin ardınca əmanətləri qaytara bilməyən bankların siyahısında hələlik 3 bankın adı məlumdur. Onlar son vaxtlar haqqında çox söz-söhbətlər dolaşan “Bank of Azərbaycan”, “United Kredit Bank”“Zamin Bank”dır. Yayılan məlumatları dəqiqləşdirmək üçün həmin qurumlara müraciət etdik.

zaminbank.jpg

Məsələ ilə bağlı Strateq.az-a açıqlama verən “Zamin Bank”ın idarə heyətinin sədr müavini Afət İsmayılova əmanətlərin qaytarılmasında ciddi problem yaşamadıqlarını bildirib:

“Bizdə bu sahədə narazılıq olmayıb. Aşağı məbləğli əmanətlərin qaytarılması qısa zamanda həyata keçirilir. Ancaq 100 min manatdan yuxarı məbləğlər tələb olunduqda müştərilər 1-2 gün gözləməli olur. Onlar bizə bir neçə gün öncədən müraciət edirlər və bank onların tələb etdiyi məbləği həmin müddətdə müştərlərə qaytarır”.

Birbaşa olmasa da, bank rəsmisi depozitlərin qaytarılmasında vəsait çatışmazlığı yaşadıqlarını gizlətməyib. Buna səbəb kimi, bankda problemli kreditlərin həcminin artması, dövriyyədə olan nağd pul kütləsinin isə azalması göstərilib.

“Zamin Bank”ın rəsmi internet səhifəsində yerləşdirilən ən son xəbər aprelin 22-də qoyulub. Digər rəqiblərindən fərqli olaraq, bank Əmanətlərin Sığortalanması Fonduna üzv olub.

“Bank Technique” susdu, digərləri isə …

“Bank Technique” ASC-nin rəsmiləri isə hələki susmağa üstünlük verir. Bankın nümayəndələri müştərilərlə yaranan problem barədə açıqlama vermək, vəziyyəti şərh etməkdən imtina edrilər.

texnikabank.jpg

“Qara siyahı” da adları çəkilən digər iki bankın telefonlarına isə 2 gün ərzində etdiyimiz zənglər cavabsız qaldı. Elektron ünvanları da sorğularımızı qəbul etmədi.

united-bank.jpg

Araşdırmamızda yalnız həmin bankların internet səhifələrindəki məlumatlarla kifayətlənməli olduq. Məlum oldu ki, “United Kredit Bank”ın internet səhifəsində ən son xəbər bu ilin fevralın 27-də yerləşdirilib. Müştərilərinin siyahısında 1500 nəfər hüquqi, 5 min 500 nəfər fiziki şəxs olan bankın Əmanətlərin Sığortalanması Fonduna üzv olmaması da diqqət çəkən məqamlardandır.

“United Kredit Bank”, eyni zamanda Mərkəzi Bankın nizamnamə kapitalına müəyyən etdiyi minimum həddi də təmin edə bilməyib.

Rəhbər dəyişsə də, böhran dərinləşdi

ötən ilə qədər “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun idarə etdiyi “Bank of Azerbaijan”nın idarə heyətindəki dəyişiklik də onu böhrandan xilas edə bilməyib. Bankda Səhmdarların Növbədənkənar ümumi Yığıncağının qərarına əsasən, Mehman Məmməd oğlu İsmayılov bankın Müşahidə Şurasının sədri, Cavid Yusif oğlu Cavadov və Araz İsmayıl oğlu Əliyev Müşahidə Şurasının üzvləri seçiliblər.

bankofazerbaycan.jpg

Bankın İdarə Heyətinin sədri vəzifəsinin icrası müvəqqəti olaraq Məhəmmədəli Mahir oğlu Aslanova həvalə edilib. Müvəqqəti rəhbər M. Aslanov millət vəkili Mahir Aslanovun oğludur. O, nəqliyyat naziri Ziya Məmmədova yaxınlığı ilə tanınır.

Görünən odur ki, idarə edənlər dəyişsə də, Bankın əsl sahibləri dəyişməyib.

Bankın səhmlərinin böyük bir hissəsi – 87, 2 faizi Hafiz Məmmədovun oğulları Sənan və Kənan Məmmədov qardaşlarına məxsusdur. Rəhbərliyin dəyişməsi isə “Bank of Azerbaijan”nın iflas olmaq təhlükəsini azaltmayıb.

Bankın telefonlarının edilən zəngləri cavabsız qoyması isə müştəriləri daha çox narahat edir. Onlar əmanətlərini nə zaman geri alacaqlarını aydınlaşdırmaq istəsələr də, suallarına cavab ala bilmirlər.

Neftin ucuzlaşmasının ilk zərbəsi banklara dəydi

Yaranmış gərgin situasiyaya ekspertlər də şərh və proqnoz verməyə çətinlik çəkirlər. ölkənin bank sektorunda vəziyyətin olduqca qeyri-qənaətbəxş olduğunu deyən iqtisadçı Pərviz Heydərov əlavə edib ki, neftin qiymətinin aşağı düşməsi ilk olaraq iqtisadiyyatın əsas sektorunda özünü göstərdi:

perviz heyderov.jpg

“Mərkəzi Bankın (AMB) bu ilin fevralın 21-də manatın dəyərini ucuzlaşdırma qərarından sonra ard-arda müvafiq dəstək tədbirlərinə və ümumən bankları qoruma siyasətinə baxmayaraq, bütövlükdə sistemdə əvvəlcədən də mövcud olan problemlər daha da dərinləşdi. Neftin qiymətinin ucuzlaşmasının ölkə iqtisadiyyatını məhz bank sektorundan vuracağı, demək olar ki, bu dərəcədə gözlənilmirdi. Lakin görünür, söhbət neftə görə ölkənin məhz pul gəlirlərinin azalmasından gedirdisə, bu, özünü ilk növbədə iqtisadiyyatın bilavasitə qan-damar sistemində göstərməli idi. Bankların real vəziyyətini onların “nəfəs çatışmazlığı” ilə üzləşmələri kimi də xarakterizə etmək olar. Belə ki, bir tərəfdən manatın AMB tərəfindən ucuzlaşdırılmasıyla əlaqədar inflyasiya təzyiqinin qarşısının alınması məqsədilə milli pul vahidinin dövriyyədə nəğd olaraq azaldılması tədbirləri, digər tərəfdən isə əhalinin “panikaya” düşərək əmanətlərini sürətlə dollarlaşdırması onsuz da problemli kreditlər həcminin durmadan şişməsindən əziyyət çəkən bankları daha da ağır vəziyyətə saldı”.

Məlumdur ki, hazırda problemli kreditlərin həcmi artıq 1,5 milyard manata yaxındır. üstəlik, manatla kredit verilməsi də bir müddət tam dayandırıld
ı. Manatın daha kəskin şəkildə ucuzlaşmasının qarşısını almağa çalışan və bu məqsədlə ötən ilin dekabrından bu ilin mayınadək xarici valyuta ehtiyatını xərcləyən AMB isə banklara maliyyə sarıdan çevik dəstək göstərməkdə aciz qaldı. Bütün bunların nəticəsində hazırda bankların vəziyyətının çox ağır olduğunu vurğulayan ekspert çıxış yollarının da mövcudluğunu istisna etməyib:

Sistem əhəmiyyətli banklar yaxın müddətə özlərinə gələ biləcək. Bu məqsədlə dövlət və AMB tərəfindən, yəqin ki, əlavə tədbirlərin də həyata keçiriləcəyinin şahidi olacağıq. Amma digərləri, ola bilsin ki, ya bazardan çıxsın, ya da ardıcıl olaraq konsolidasiyaya getsinlər. Bununla belə, bir neçə bankın birdən-birə sıradan çıxması kimi hal, fikrimcə, baş verməyəcək. çünki AMB buna heç vəchlə imkan verməyəcək. Əks təqdirdə, bu, domino oyunundakı kimi xarakter ala bilər. Fikrimcə, ilk sağlamlaşma elementləri Beynəlxaq Bankdan başlamalıdır. Ən böyük sistem əhəmiyyətli bank məhz bu qurum sayılır”.

P.Heydərov hesab edir ki, bank sistemində “ağırlıq mərkəzinin” tezliklə dəyişəcəyi və bir neçə yerə bölünəcəyi gözlənilir. Bütün bunları nəzərə alaraq, söyləmək olar ki, bankların dirçəldilməsi baxımından AMB əlavə olaraq hələ çox addımlar atmalıdır. çünki real vəziyyətin yaranmasında bilavasitə onun əvvəl apardığı siyasətin də az rolu olmayıb.

Fərqanə Allahverdiqızı

Strateq.az