Strateq.az xəbər verir ki, ABŞ Enerji İnformasiyalar İdarəsi (EIA) özünün növbəti hesabatını açıqlayıb. Türkiyənin neft və təbii qaz tranzitində əhəmiyyətindən bəhs edən hesabatda Azərbaycanın da adı çəkilir.
Azərbaycandan Bakı-Tiflis-Ceyhan boru xəttiylə gələn xam neftin gündəlik orta hesabla 1,2 milyon barrel olduğunu bildirən hesabat Yaxın Şərq, Qafqaz və Orta Asiya neftinin beynəlxalq bazarlara çıxarılmasında da bu limanın mühüm əhəmiyyətə sahib olduğunu qeyd edir.
Türkiyənin neft nəqli baxımından dünyanın altıncı böyük keçid məntəqəsi olduğunu vurğulayan hesabat müəllifləri 2013-ci ildə dənizlə daşınan ümumi xam neftin 5,1%-nin bu ölkəyə aid boğazlarından keçdiyini xəbər verirlər. Sənəddə həmçinin bildirilir ki, may ayında orta hesabla hər gün 550 min barel “qara qızıl” Ceyhan limandan dünya bazarlara çatdırılır.
Hesabatda Türkiyənin əhəmiyyətli bir təbii qaz mərkəzi olmağa hazırlaşdığı da qeyd olunur. Bildirilir ki, Təbriz-Ankara xətti ilə İrandan illik ortalama 10 milyard kub metr təbii qaz alan Türkiyə Bakı-Tiflis-Ərzurum xətti ilə Azərbaycandan ildə, təxminən 6,6 milyard kub metr qaz idxal edir.
Sənəddən belə məlum olur ki, Türkiyənin ən çox qaz idxal etdiyi ölkə Rusiyadır. “Qərb xətti” ilə ildə 14, “Mavi axın” ilə isə, təxminən, 16 milyard kub metr qaz Rusiyadan bu ölkəyə daşınır.
TANAP layihəsinin 2018-ci ildə bitirilməsi ilə Azərbaycandan da ildə 16 milyard kub metr qazın həm Türkiyənin daxili ehtiyaclarına, həm də onun üzərindən Avropaya ixracı nəzərdə tutulduğunu bildirən hesabata görə, 2023-cü ildə bu xəttin həcmi 23 milyard, 2026-cı ildə isə 31 milyard kub metrə çatdırılacaq. “Türk akını” layihəsində isə Rusiyadan ildə, təxminən, 63 milyard kub metr qazın ixracı nəzərdə tutulur.
Heydər