XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 July 2015 - 09:33

ABŞ və Çinin 3 qitəni birləşdirən “İpək yolu” rəqabəti: Azərbaycan kimi seçəcək? – Təhlil

silkway_1

 

Bakıya səfər edən ABŞ dövlət katibinin Cənub və Mərkəzi Asiya məsələləri üzrə müavini Riçard Hoqland 23 iyulda Bakıda məqsədinin "Yeni İpək Yolu" layihəsi ilə bağlı müzakirələr aparmaq olduğunu bildirdi. O, Azərbaycanın bu layihədə vacib rol oynadığını vurğuladı və layihənin böyük perspektivlərinin olduğunu qeyd etdi.

Bəs "Yeni İpək Yolu" layihəsi nədir? Nə üçün bu layihə və Azərbaycanın burada hansı rolu oyanayacağı Vaşinqton üçün əhəmiyyətlidir? Təəssüf ki, Hoqlandın digər açıqlamaları ön plana çıxsa və müzakirə mövzusuna çevrilsə də, bu suallara cavablar axtarılması diqqətdən kənarda qaldı. Halbuki Azərbaycan-ABŞ münasibətlərinin inkişafı potensiallanı, Bakının geosiyasi manevrlərinin xarakterini anlamaq üçün məhz bu suallara cavab vermək lazımdır.

ABŞ və çinin Avrasiya rəqabəti: Vaşinqtonun "Yeni İpək Yolu" təşəbbüsü

Hazırda qədim "İpək yolu"nun müasir dövrdə bərpasından söhbət açılarkən iki qlobal layihə göz önünə gəlir. Bunlardan biri Şərq və Qərb arasında ticarət əlaqələrinin güclənməsi məqsədi daşıyan, ABŞ-ın Mərkəzi və Cənub Asiya arasında ticarəti genişləndirməsini hədəfləyən "Yeni İpək Yolu" təşəbbüsüdür. Vaşinqtonun bu təşəbbüsü barədə R. Hoqland bu il mart ayında keçirilən Türkdilli Dövlətlər-Amerika Alyansının "Türkdilli Dövlətlər – Amerika Konvensiyası 5-ci illik toplantısı"ndakı çıxışında bildirib: ""Yeni İpək Yolu" təşəbbüsü ilə tanış olmayanlar üçün qeyd edim ki, bu bizim Əfqanıstan da daxil olmaqla Mərkəzi Asiya dövlətlərini qlobal kommersiyanın bir hissəsinə çevirən uzunmüddətli strategiyamızdır. Təəssüf ki, dünya kommersiyasının yalnız 6 faizini əhatə edən Mərkəzi Asiya iqtisadi inteqrasiya baxımından ən zəif inkişaf edən bölgələrdən biridir".

R.Hoqland eyni zamanda deyib ki, qismən "Yeni İpək Yolu" təşəbbüsü sayəsində müəyyən irəliləyiş mövcuddur: "2009-cu ildən bəri Mərkəzi Asiyanın bölgə daxili ticarəti 49 faiz artmışdır. 2011-ci ildən bölgədaxili malların nəqlində isə 15 faiz artım olmuşdur. Bunlar yaxşı göstəricilərdir, lakin bundan da çox işlər görülə bilər".

Dövlət katibinin köməkçisi qeyd edib ki, "Yeni İpək Yolu" təşəbbüsü dörd sütun üzərində qərarlaşıb: "Onların birincisi bölgədə enerji şəbəkəsinin yaradılmasıdır. Bölgə enerji ehtiyatlarından zəngin olmasına baxmayaraq, burada müəyyən dövlətlərin enerji çatışmazlıqları olur. Enerji qıtlığının bölgənin digər dövlətləri tərəfindən bağlanması iqtisadi fəallığın artırılmasına və insanlar üçün yeni imkanların yaradılmasına yardım edəcək. Mövcud olan qaz və neft kəmərlərinə əlavə olaraq Dünya Bankı vasitəsilə CASA-1000 layihəsinə dəstək veririk. Bu layihə çərçivəsində yay aylarında Tacikistan və Qırğızıstanda istehsal olunan hidroenerji artıqları Pakistana və Əfqanıstana satılacaq".

 

Cənab Hoqland deyib ki, təşəbbüsün ikinci sütunu ticarət və nəqliyyat əlaqələrinin inkişafı məsələsidir: "Yolların, dəmiryolu xətlərinin və dəniz limanlarının sayı artdıqca daşınan malların sayı çoxalır, daşınma qiymətləri isə aşağı düşür. Asiya İnkişaf Bankı vasitəsilə biz Mərkəzi Asiya Regional İnkişaf Proqramını dəstəkləyirik. Sözügedən proqram çərçivəsində 2020-ci il üçün Türkmənistan, Əfqanıstan və Tacikistanı birləşdirən yol da daxil olmaqla 7800 kilometrlik avtomobil yolu və 3800 kilometrlik dəmiryollarının tikintisi və təkmilləşdirilməsi nəzərdə tutulub. Təşəbbüsün üçüncü vacib aspekti gömrük və sərhəd prosedurlarının səmərələşdirilməsidir. Mallar bazara tez və ucuz qiymətlə çatdırılanda istehsalçılar daha çox mal istehsal etmək, satıcılar daha çox mal satmaq həvəsindədirlər. İstehlakçı isə daha ucuz mal ala bilir. Bu ilin yanvar ayında Əfqanıstan, Pakistan və Tacikistan malların daşınmasına əngəl yaradan amillərin aradan qaldırılmasına nail olub".

"Biz həmçinin Qazaxıstan, Azərbaycan, Gürcüstanı və Türkiyənı nəqliyyat tariflərini standartlaşdırmağa və əngəlləri aradan qaldırmağa yardım edən "Silk Wind" ("İpək Küləyi") dövlətlərarası razılığının çərçivəsində irəliləyiş etməyə çağırırıq", – o, qeyd edib.

R.Hoqlandın sözlərinə görə, təşəbbüsün dördüncü sütunu yeni bizneslərarası və insanlararası əlaqələrin yaradılmasıdır: "Biz Almatı, İslamabad, Kabul, Məzarişərif və Termezdə ticarət nümayəndələriarası görüşlər və konfranslar təşkil etmişdik ki, bunun nəticəsində 15 milyon dollarlıq ticarət razılıqları imzalanııb. Bu isə yalnız başlanğıcdır, görə biləcəyimiz işlərin həcmindən bir damcıdır. Kommersiya əlaqələrinə əngəl törədən amillər aradan qaldırılandan sonra ticarətin inkişafı üçün daha çox stimul olacaq. Sizin təmsil etdiyiniz qruplar iqtisadiyyata və artıma təkan verən biznes və insanlar arasında əlaqələrin yaradılmasında vacib rol oynayır".

Qeyd edək ki, ötən əsrin 90-cı illərin sonundan etibarən müzakirə olunan "Yeni İpək Yolu" təşəbbüsü ilk vaxtlar 2000-ci illərin əvvəlində Vaşinqton üçün aktual olsa da, sonradan Əfqanıstanda müharibə başlaması, Rusiya ilə qarşıdurmanın güclənməsi, postsovet məkanındakı proseslər səbəbindən nisbətən arxa plana keçib. Lakin çinin "Böyük ipək yolu" layihəsini bəyan etməsindən sonra Vaşinqton Avrasiya qitəsində nüfuzunu və təsir imkanlarını, həmçinin iqtisadi gücünü itirməmək üçün yenidən "Yeni İpək Yolu" təşəbbüsünü reanimasiya etməyə çalışır. Fakitiki olaraq, hər iki layihənin hansı səviyyədə uğurla reallaşdırlması Avrasiya uğrunda rəqabətin yeni mərhələsinin əsasını qoyub.

Çinin "Böyük İpək Yolu" layihəsi

Pekinin bu layihəni reallaşdırmaq niyyəti barədə ilk dəfə çin Xalq Respublikasının sədri Si Szinpin 2013-cü ildə Qazaxıstana səfəri zamanı bəyan edib. Bu layihənin reallaşdırılmasında əsas məqsəd qədim "İpək yolu"nu Şanxaydan Berlinə qədər uzanan müasir tranzit, ticarət və iqtisadi dəhliz kimi yenidən həyata qaytarmaqdır. Bu "yol" çin, Monqolustan, Belarus, Polşa və Almaniyadan keçərək Yer kürəsinin üçdə birindən də çoxunu əhatə edən iqtisadi zona yaradacaq.

"Busuness Insider" nəşrinin çinin bu layihəsinə həsr olunmuş məqaləsində qeyd olunur: "Planda yüksək sürətli qatarlar üçün dəmiryolları, avtomobil və magistral yollarının çəkilməsi, enerji ötürülməsi və paylanılması üçün şəbəkələrlə fiberoptik şəbəkələrin qurulması nəzərdə tutulur. Yolboyu yerləşən şəhər və limanlar iqtisadi inkişaf üçün istifadə olunacaq. Yeni İpək Yolu tamamlandıqdan sonra qədim ipək yolu kimi Asiya, Avropa və Afrika olmaqla üç qitəni birləşdirəcək. İnfrastruktur layihələri dünyanın ən böyük iqtisadi
dəhlizini yaradacaq.
çin 2014-cü ildə bu planın maliyyələşdirilməsinin bir hissəsi olaraq Asiya İnfrastruktur İnvestisiya Bankını (AİİB) təsis edərək layihə üçün ilkin maliyyə vəsaitini təmin edib. çin bu plan üçün öz növbəsində 47 milyard dollar pul ayırıb.
Bir çox Asiya ölkələri ilə yanaşı, Qərbi Avropa ölkələrinin bir neçəsi də daxil olmaqla, təxminən, 58 ölkə artıq bankın ilkin üzvü olmaq üçün imza atıb. AİİB-nin qurucu üzvləri arasında ABŞ-ın Asiyadakı əsas hərbi müttəfiqləri ilə yanaşı (Avstraliya, Cənubi Koreya və Yeni Zelandiya), NATO-ya üzv olan 12 ölkə də (Birləşmiş Krallıq, Fransa, Niderlandiya, Almaniya, İtaliya, Lüksemburq, Danimarka, İslandiya, İspaniya, Portuqaliya, Polşa və Norveç) var.

çin Yeni İpək Yolu layihəsini dəstəkləmək üçün, ən azı, 62 milyard dollar qoymağı planlaşdırır. çinin İnkişaf Bankı 32 milyard dollar, İxrac-İdxal Bankı 30 milyard dollar alacaq. çin hökuməti eyni zamanda çinin Kənd Təsərrüfatı üzrə İnkişaf Bankına əlavə kapital qoyacaq".

çinin "Böyülk İpək Yolu"layihəsində çənubi Qafqaz ölkələri və Azərbaycan da xüsusi yer tutur. Fransaının "Le Huffington Post" qəzetin iyulun 21 –də nəşr olunan məqalədə (çin Güney Qafqazda: XXI əsrin effektli diplomatiyası – Təhlil) Pekinin Cənubi Qafqaz siyasətinin bəzi aspektləri təhlil edilib.

Məqalədə bildirilir: "Qafqaz cəmi bir neçə il əvvəl çin üçün maraq doğurmurdu. Bu gün isə durum dəyişilib və bölgə Avropa (İpək Yolunun son nöqtəsi) ilə Avrasiya arasında təbii körpü kimi görünür.

Bütün bunlardan nəticə çıxarmaq olar ki, Pekin Güney Qafqazda da hamı üçün məqbul kursu izləyəcək. Və bu, doğrudan da, belədir. çin bölgədə anlamağa imkan verdi ki, hamı ilə istənilən qədər danışmağa hazırdır. O, klassik geopolitikanın tələlərindən yayınaraq Güney Qafqazın üç ölkəsi ilə əlaqələri möhkəmləndirir. Həm də bunu zonada nüfuza can atan bölgə dövlətlərinin narazılığını doğurmadan edə bilir".

Məqalədə Pekinin Azərbaycanla əlaqələrinə də xüsusi yer verilib: "Hər necə olsa da, çin diplomatiyası təkcə İrəvanla münasibət qurmur: son illər ərzində Azərbaycanla sıx münasibət yaratmağa nail olub. Həm də buna nail olmaq o qədər də asan deyildi: Pekinin 2008-ci ildə BMT-də erməni qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxardılması haqda qətnaməni dəstəkləməkdən necə imtina etdiyini Bakıda unutmayıblar.. Bununla belə, çin göstərdi ki, Azərbaycandakı dəmiryol layihəsinə üstünlük verib bölgədəki heç bir "düşərgə" ilə tənləşmir. Azərbaycanın layihəsi ildə 20 milyon ton nəqli təmsil edir, Ermənistanınkı isə türk-erməni sərhədinin 1993-cü ildən bəri bağlı olmasına görə hələ də səmərəsiz fantaziya olaraq qalır.

Bundan başqa, iqtisadi maraqlar xırda diplomatik təfriqələri unutmağa asanlıqla imkan yaradır: 2013-cü ilin başlanğıcında çinin ölkəyə yatırımı milyard dollardan az deyildi. Qərbə xas olan ölkədaxili durumu tənqid etmədən xeyli əmanət… çinlilər həmişəki kimi bölgə dövlətlərinin daxili işlərinə qarışmamaq məntiqini izləyirlər. Bu, Azərbaycanda və qonşu ölkələrdə Avropa və Amerikanın təkəbbürünə oxşamayan qəti sayğı əlaməti kimi qəbul edilir.

Həmçinin qeyd etmək lazım gəlir ki, yatırımlar Azərbaycan neftinə cəmlənib, lakin təkcə buna aid deyil: çinlilər Ermənistandakı kimi İES sahəsindəki biliklərindən istifadə edirlər. Nəticədə, çin istisnasız olaraq qısamüddətli maraqlardan deyil, uzunmüddətli və bütün tərəfdaşlara sərfəli münasbətlərə yatırım qoyan qüvvə kimi tanınır".

Eksperlər qeyd edirlər ki, çinin Azərbaycana marağının artmasını məhz "Böyük İpək Yolu"layihəsi konteksində qiymətləndirmək lazımdır. Azərbaycan bu layihənin təməl nöqtələrindən biridir və regional layihələrin həyata keçirilməsində böyük təcrübəyə balikdir. Bu isə Pekin üçün əhəmiyyətli amildir.

Gürcüstan Avropa və Qərbyönlü hesab edilsə də, çin onunla da ikitərəfli əlaqələri möhkəmlətməyə müvəffəq olub. Əlaqələrin inkişafı əvvəlcə iqtisadiyyatdan başlandı: iki ölkənin ticarət mübadiləsi 2003-cü ildəki 4,1 milyon dollardan 2013-cü ildəki 597 milyon dollara qalxdı.

Fransaının "Le Huffington Post" qəzeti qeyd edir ki, "Bu gün çin, həcminə görə Türkiyə və Azərbaycandan sonra Tiflisin üçüncü ticarət tərəfdaşıdır.Yatırımlar son dörd ildə əhəmiyyətli dərəcədə artıb, bütün bunlar yalnız yolun başlanğıcı kimi görünür. çinlilər nəqliyyat, energetika və səhiyyəyə maraq göstərirlər. Gürcülər isə geopolitik planda onlar üçün maraqlı olan bu yaxınlaşma üçün hər şeyi edirlər.

Nəhayət, Tiflis qonşu Rusiyadan müdafiə üçün Amerika və Avropadan uğursuz şəkildə dəstək istədi. Orada onu ancaq məyusluq gözləyirdi: Qərb Rusiyanı həvəslə (bəzən əndazəni aşmaqla) tənqid edir, lakin gürcüləri müdafiə xatirinə barmaqlarını da dəbərtmirdi. Və indi çin onlara uzunmüddətli perspektivdə etibarlı dəstək qaynağı kimi görünür. Həm də Tiflis kimi Pekin də separatizm və xarici dövlətlərin digər dövlətin daxili işlərinə yersiz müdaxiləsinə mənfi şəkildə yanaşır.

çin yeni tipli, konstruktiv diplomatiya ilə hərəkət etməyə çalışan və "klassik" dövlət təşəxxüsünə bulaşmayan, statusun təsdiqi naminə müharibəyə (Rusiya Gürcüstanda və Ukraynada, ABŞ İraqda, Fransa Liviyada və s.) hazır olmayan böyük dövlətdir. çinin dinc və konstruktiv mövqeyi həm indi, həm də gələcəkdə Tiflisdə, Bakıda və İrəvanda dostlar qazanmğa imkan verir. Bundan başqa, Güney Qafqazda çin siyasətinin gücü bundan ibarətdir ki, bölgə dövlətləri (İran, Türkiyə, Rusiya) onu təhlükə hesab etmir.

Putinin ideyasına görə, Avrasiya Birliyi"Böyük ipək yolu"nun dirçəldilməsi üzrə çinin təşəbbüsü birləşdirilməlidir".

Ekspertlər vurğulayırlar ki, çinin həyata keçirtmək niyyətində olduğu və birinci növbədə Amerika hegemoniyasına qarşı olan inteqrasiya layihəsi irəli doğru vüsətli addımlar atmaqdadır. İpək Yolu planı quruda başlanğıcını çindən götürəcək, sonra isə Orta Asiya, İran və Türkiyədən keçib Avropaya çıxacaq və Venetsiyada Marko Polonun dəniz marşrutu ilə kəsişəcək.

Azərbaycanın seçimi necə olacaq?

Azərbaycan coğrafi mövqeyi, iqtisadi potensialı, regional layihələrin həyata keçirilməsində böyük təcrübəsi ilə hər iki "İpək yolu" layihəsi üçün çox mühüm ölkə statusundadır. Azərbaycan Qərb ölkləri, xüsusən ABŞ-la çox faydalı, hər iki tərəfin maraqlarını təmin edəcək layihələrə imza atıb və şübhəsiz ki, bu əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Bununla belə, Azərbaycan özü üçün indiki geosiyasi durumda çox vacib olan manevr az
adlığı istəyir. Bakı üçün elə mövqe seçilməsi məqbuldur ki, hər iki tərəfin maraqları mümkün olan həddə təmin olunsun. Azərbaycan son zamanlar bu yanaşmanın ən doğru olduğunu diqqətə çatdırmaq istəyir – xüsusən ABŞ siyasi istibleşmentinə. Bu il iyunun 7-də ABŞ-ın "Global Post" nəşrində dərc olunan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun "Azərbaycanın Birləşmiş Ştatlara Yeni İpək Yolunun təməli qismində lazım olmasının səbəbi" sərlövhəli məqaləsində məhz bu məqamlara diqqət çəkilib. Azərbaycan səfiri qeyd edir: "çinin də regionun inkişafı ilə bağlı öz konsepsiyası var və o, çin-Pakistan iqtisadi dəhlizi adlandırılan infrastrukturun inkişafı proqramına 46 milyon dollar sərmayə yatırır. Bu arada regiondakı digər iki dövlət – Rusiya və İran da Qafqazda və Mərkəzi Asiyada öz təsir dairələrini genişləndirirlər. Region ABŞ və onun müttəfiqləri üçün vacibdir, çünki Vaşinqton Əfqanıstanda və Pakistanda terrorizmə qarşı mübarizəni davam etdirmək üçün təminat xəttini dəstəkləməlidir".

Azərbaycan diplomatı diqqətə çatdırır ki, "Azərbaycan dünyəvi dövlət kimi Amerika sursatının Əfqanıstana göndərilməsini öz ərazisi vasitəsilə asanlaşdırmaqla və Əfqanıstan, İraq və Balkanlarda sülhməramlı missiyalarda əsgərlərinin iştirakını təmin etməklə müharibə dövründə öz əhəmiyyətini göstərib. Hazırda Azərbaycanın yardımının misli-bərabəri yoxdur. Əfqanıstanın yeni Prezidenti Əşrəf Qəni bu yaxınlarda ABŞ Konqresinin sessiyasında Azərbaycanın rolunu bir daha vurğulayaraq, onu "Şərqlə Qərb arasında kommersiya dəhlizinin təməli" adlandırıb".

Sonda diplomat yazır: "Azərbaycan tarixən terrorizmi deyil, ticarəti təşviq edib, konfessiyalararası münaqişələrə deyil, mədəniyyətlərin dinc yanaşı mövcud olmasına şərait yaradıb. Bu da öz növbəsində Azərbaycana qədim dövrlərdə olduğu kimi, yeni İpək Yolunu XXI əsrdə sülh və firavanlığı bərqərar edən gücə çevirməyə imkan verəcək".

Göründüyü kimi, Bakı öz yanaşmasını açıq şəkildə ortaya qoyub və Vaşinqton üçün aydın mesajlar verib. Hoqlandın səfəri göstərdi ki, sonda Azərbaycanın mesajlarının vacibliyini Vaşinqtonda da anlayıblar…

Zaur İbrahimli

Strateq.az