XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

26 İyul 2015 - 13:18

İmperialist “alicənablıq”: Hərbə və hümanitar yardıma ayrılan pullar

İraq Fövqəladə Hallar Nazirliyinin sözcüsü Hüseyn Əli indiyə qədər yaşanan münaqişələr səbəbiylə evlərini tərk edən iraqlıların sayının 3 milyona yaxınlaşdığını bildirib.

Strateq.az xəbər verir ki, nazirliyin sözcüsü həmin rəqəmi bu gün Birləşmiş Millətlər Təşkilatının Quzey İraqda keçirdiyi toplantıda səsləndirib.

İraq xalqının, təxminən, 10%-nə bərabər olan bu rəqəmin gerçək vəziyyəti ifadə etmədiyi, qaçqın və məcburi köçkünlərin daha çox olduğu güman edilir. Təsadüfi deyil ki, Şimali İraq kürd muxtariyyatının rəsmi statistikasına görə, ölkənin tək bu bölgəsində yurd-yuvalarından didərgin düşənlərin sayı 1.5 milyon nəfərdir. Ehtimala görə, digər bölgələrindən qaçanlar isə bundan qat-qat artıqdır.

Toplantıda iştirak edən İngiltərənin Ərbildəki baş konsolu Engos Maykinin verdiyi məlumata görə isə, təmsil etdiyi ölkə iraqlı qaçqın və məcburi köçkünlərə bu il 1milyon sterlinq vəsait ayırıb. 1 milyon sterlinqin 1.5 milyon dollar, İraqda didərgin düşənlərin, ən yaxşı, halda 3 milyon nəfər olduğunu nəzərə alsaq, bu vəsaitdən adambaşına cəmi yarım dollar düşdüyünü görə bilərik. Məlumat üçün qeyd edək ki, İngiltərə ötən il hümanitar sahələrə ayırdığı 1.8 milyard dollarla dünyanın ən alicənab ölkələri siyahisında ikinci yerə çıxmışdı və yəqin ki, bu il də o cür olacaq. Həmin alicənablıqdan iraqlıların payına düşən isə cəmi 1.5 milyon dollar olacaq-yəni ümumi büdcəsin mində biri.

Bu “alicənab” ölkə həmin İngiltərədir ki, İraqın işğalında ABŞ-la bərabər hərəkət etmiş və bu gün belə “İŞİD-lə mübarizə” adı altında müxtəlif yerlərin bombalanmasında aktiv rol oynayır. Qaçqın və məcburi köçkünlərin əksəriyyəti isə məhz bu bombardımanlar nəticəsində yurd-yuvalarından ayrı düşürlər. İngiltərə də hərbi xərcləriylə müqayisədə olduqca gülməli görünəcək həcmdə vəsaiti hümanitar yaraları sağaltmağa sərf edir.

Bu sözlər yalnız İngiltərə üçün də keçərli deyil. İmperialist dövlətlərin hamısı hərbi xərclərə daha çox diqqət ayırırlar. 2014-cü ildə Stokholm Beynəlxalq Sülh İnstitutu ilə BMT-nin birgə hazırladıqları hesabata görə, dünya dövlətlərinin insani yardımlara ayırdıqları pullar hərbi xərclərindən nə az-nə çox – düz, 260 dəfə azmış. Ordu və silah istehsalı üçün 2012-ci ildə 682 milyard, 2013-cü ildə isə 640 milyard dollar xərcləyən ABŞ bu iki ildə insani yardımlara cəmi 4 milyard pul ayırmışdı. Təbii ki, bu pulların əksəriyyətindən İraq və Suriya xalqının xəbəri olmamış, yardım müxtəlif sahələrə verilmişdi. İraqa ayrılan pay isə, böyük ehtimalla, İngiltərənin timsalında gördüyümüz kimi, dənizdə bir damla qədər olmuşdur.

Xatırladaq ki, ABŞ-ın təkcə 2011-ci ildə nüvə silahları proqramına xərclədiyi 61 milyard dollardır. Hazırda 7 min 352 nüvə başlıqlı silaha sahib olduğu bilinən bu qüdrətin nüvə gücü 2 milyard insanı, yəni dünya əhalisinin təxminən 25 faizini yox edəcək potensialdadır. ötən ilin hesabatlarına görə, dünyanın ən alicənab ölkəsi seçilən bu dövlət hümanitar məsələlər üçün büdcəsindən cəmi-cümlətani 4.7 milyard dollar pul ayırmışdı.

Hərbi xərclərinə görə, ABŞ-dan sonra gələn çinin də insani yardım məsələsində üzü ağ deyil. Dünyanın ikinci ən çox silah istehsalçısı və satıcısı olan çin hümanitar yardım edən ölkələr siyahısında ən axırıncı yeri tutur.

Qeyd edək ki, çin 2012-ci ildə hərbi qüdrətinə 166 milyard, 2013 ildə isə 188 milyard dollar pul xərcləmişdi. Onun 2013-cü ildə hümanitar yardıma ayırdığı vəsait isə 27 milyon dollar idi.

öz siyasətində insan amilinə ümumiyyətlə yer verməyən Rusiya belə hümanizmdə çindən xeyli alicənab görünür. Onun 2013-cü ildə silahlanmaya ayırdığı pul 88 milyard, hümanitar yardıma xərclədiyi isə 50 milyon dollar idi.

Haqqında bəhs etdiyimiz bu ölkələr BMT TŞ-nın 5 daimi üzvlərindəndir. Buna baxmayaraq, dünyadakı bütün konfliktləri maliyyələşdirən əsas dövlətlər kimi tanınırlar. ötən ilin hesabatlarına görə, ABŞ 90, Rusiya 52, çin isə 35 ölkəyə silah ixrac etmişdi. Hərbi büdcəsini azaldan İngiltərənin neçə ölkəyə silah satdığı isə bilinmir.

Heydər Oğuz

Strateq.az