Türkiyə təmsil olunduğu NATO ittifaqını toplantıya çağırıb.
Strateq.az bildirir ki, bu haqda məlumatı “Anadolu” agentliyi qardaş ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən yayıb. Rəsmi Ankaranın NATO Nizamnaməsinin 4-cü maddəsinə söykənərək bu addımı atdığı bildirilir.
Qeyd edək ki, bu maddə NATO üzvlərinə torpaq bütünlüyü, müstəqilliyi və təhlükəsizliyinin təhdid olunduğunu düşündüyü zaman ittifaq dövlətlərini toplantıya çağırmaq, məsələni onlarla birgə müzakirə etmək və qərar qəbul etmək səlahiyyəti verir.
Son zamanlar Suriya sərhədlərində baş verən hadisələrdən ciddi əndişə duyan Ankara kürd separatçılarına və İŞİD-ə qarşı hərbi əməliyyatlara başlamışdı. Ayın 28-də keçiriləcək NATO toplantısında da bu məsələnin müzakirəsi gözlənilir.
Ehtimal olunur ki, Rusiyanın veto hüququndan istifadə etməsindən dolayı ABŞ və müttəfiqləri BMT TŞ-dan Suriyaya hücum qərarı çıxara bilmədiklərindən, NATO vasitəsilə öz məqsədlərinə çatmaq istəyirlər. Mümkündür ki, Türkiyənin bu çağırışı Suriyanın işğalı üçün hüquqi əsas olsun.
Başqa sözlə, ABŞ “ilanı Seyid Əhməd əliylə tutmaq” istəyir və nə yazıq ki, onun “Seyid Əhməd əli”nin Türkiyə olacağı ehtimal edilir.
Strateq.az