XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2015 - 09:22

Müflisləşən banklar sürətlə tərəfdaşlarını itirir: Götürülən kreditlərin taleyi necə olacaq?

bank-texnika.jpg

ölkənin bank sektorunda yaranan gərginlik günbəgün daha da dərinləşir. Bəzi bankların depozitləri və əmanətləri qaytara bilməməsi barədə Strateq.az-ın təqdim etdiyi araşdırmada səslənən fikirlər özünü çox gözlətmədi (Bax: ölkənin 4 bankı çökür: Əmanət və depozitləri qaytara bilməyən bankları nə gözləyir? – Araşdırma).

“Bank Technique”nin israrla susmasına rəğmən əməkdaşlarında birinin “Bu bank da belə bağlandı” deyə, sosial şəbəkədə yazdığı status çox mətləblərdən xəbər verir…

ötən yazıda qeyd etdiyimiz kimi, oxşar vəziyyət digər bankları da gözləyir. Və üstəlik, bu sektorda ortaya çıxan ciddi problemlər artıq ciddi şəkildə şirkətləri də vurmaqdadır. Əmanətçilərlə yanaşı, bank xidmətindən yararlanan hüquqi və fiziki şəxslər öz hesablarından pul çıxara bilmirlər. Ekspertlər bankların müflisləşmə həddinə çatmasını neftin qiymətinin kəskin azalması və manatın qəfil devalvasiyası ilə izah edirlər.

Dünən mediada yayılan xəbərlər də “Bank Technique”də vəziyyətin son həddə çatdığını deməyə əsas verir. Belə ki, bank, bankomatları vasitəsilə nağdlaşdırmaya limit qoyub. Bankdan verilən məlumata görə, plastik kart sahibləri gündəlik 200 manatdan çox pul çıxara bilməzlər. Bu qaydalar bütün bank kartları üçün qüvvədədir. Bununla belə, “Bank Technique”nun öz müştəriləri plastik kartın verildiyi filiala yaxınlaşıb hesabda olan bütün məbləği nağdlaşdıra bilərlər.

Bundan əlavə, bankın tərəfdaşları da onunla əməkdaşlıq etməkdən imtina edirlər. Artıq “Grand Həyat” yaşayış kompleksindəki mənzillərin kreditlə satışı dayandırılıb. Bu barədə fins.az-a kompleksdən bildiriblər. Buna səbəb kreditləşməni həyata keçirən “Bank Technique” ilə əməkdaşlıqdan imtina edilməsidir. “Son vaxtlar bu bankda maliyyələşmə ilə bağlı problemlər yarandı. Buna görə də hazırda yeni bank axtarırıq və yaxın günlərdə kreditlə satışı bərpa edəcəyik”.

grand-heyat.jpg

Xatırladaq ki, “Grand Həyat” yaşayış kompleksi “Bank Technique” ilə əməkdaşlığa bu ilin mart ayında başlayıb. O vaxta qədər, daha dəqiqi, Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankına rəhbərlik etdiyi dövrdə kreditlə mənzil satışı ABB ilə həyata keçirilib. ABB-nin keçmiş rəhbərinin işdən azad edilməsindən sonra “Grand Həyat” tərəfdaş bankını dəyişib. Amma bu, texniki dəyişiklikdən artıq bir şey olmayıb…

Əmanətlərin taleyi necə olacaq?

Hər hansı bankın bağlanması ilə kreditlə satış həyata keçirən şirkətlər yeni tərəfdaşlar tapacaqlar. Bu işdə ən çox zərbəni isə sadə vətəndaşlar alır. Əllərində olan vəsaitləri banklara etibar edən şəxsləri indi ən çox düşündürən məsələ həmin pulları geri ala bilib-bilməyəcələri ilə bağlı suallardır.

Eyni zamanda çökməkdə olan banklardan kredit götürənlər də suallarına aydınlıq gətirilməsini gözləyirlər. Həmin kreditlər geri qaytarılacaqmı?

Artıq iyul ayında iki bankın bağlanmasına baxmayaraq, ekspertlər bu tendensiyanın qarşısının alınacağını proqnozlaşdırırlar. Xatırladaq ki, iyulun 10-da Mərkəzi Bank “Azərbaycan Kredit Bankı” ASC-nin lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edib. Ayın sonunda isə “Bank Technique”nin pul çatışmazlığı üzündən bağlanması barədə tutarlı informasiyaların yayılması bu siyahının uzanacağını söyləməyə əsas verir.

perviz heyderov.jpg

İqtisadçı-ekspert Pərviz Heydərov isə hesab edir ki, yüksək nəzarət orqanı prosesin qarşını almağa yönələn addımlar atacaq:

“Banklar hazırda, demək olar ki, kredit də verə bilmirlər. Əmanətlərin strukturunda balans kəskin pozulub. Bununla belə, bir neçə bankın birdən-birə sıradan çıxması kimi hallar baş verməyəcək. çünki Mərkəzi Bank buna imkan verməyəcək”.

Ləğv olunan və bağlanan banklara etibar edilən əmanət və depozitlərin taleyinə gəlincə, ekspert sığortalanan əmanətlərin tam şəkildə geri qaytarılaçağını bildirib:

“ölkədə Mərkəzi Bankın nəzdində Əmanətlərin Sığortalanması Fondu fəaliyyət göstərir. Hmin qurum banklarda əmanətləri olan hər bir vətəndaşa sığortalanmış əmanət üzrə əmanətinin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Bu ilin fevral ayının 24-dən etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsi 9 faizdən 12 faizə qaldırıldı. Bütün bu məsələlər “Əmanətlərin sığortalanması haqqında” qanunla tənzimlənir. Əmanətçiyə xidmət göstərən bankda sığorta hadisəsi baş verərsə, həmin qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya həyata keçiriləcək”.

Söylənən fikirlər ancaq sığorta edilən əmanətlərə aiddir. Xatırladaq ki, daha 3 bankın depozitləri qaytarmasında, hüquqi şəxslərə məxsus hesablardan pul çıxarılmasında ciddi problemləri yaranıb. “Zamin Bank”, “United Credit Bank”“Bank of Azərbaycan” hazırda kritik dönəmini yaşayır. Araşdırma nəticəsində məlum oldu ki, onların bəzisi Əmanətlərin Sığortalanması Fonduna üzv olmayıb. Həmin bankların xidmətindən istifadə edən əmanətçilərin öz vəsaitlərini geri alması sual altındadır.

Kreditlər də sonadək geri alınacaq

Qeyd edək ki, bankların böhran vəziyyətinə düşməsinin əsas səbəblərindən biri də yüksək faizli kreditlərin sonradan problemli vəsaitlərə çevrilməsidir. Hazırda ölkədəki bütün banklar üzrə problemli kreditlərin həcmi artıq 1,5 milyard manata yaxındır. üstəlik, manatla kredit verilməsi də bir müddət tam dayandırıldı. Manatın daha kəskin şəkildə ucuzlaşmasının qarşısını almağa çalışan və bu məqsədlə ötən ilin dekabrından bu ilin mayınadək xarici valyuta ehtiyatını xərcləyən AMB isə banklara maliyyə sarıdan çevik dəstək göstərməkdə aciz qaldı. Proses artıq bir neçə bankın bağlanma təhlükəsi ilə üz-üzə qalması ilə nəticələndi. İndi hamını bir sual düşündürür: fəaliyyəti dayandırılan banklardan alınan kreditlərin taleyi necə olacaq? Onlar hansı formada geri alınacaq?

kreditbankı.jpg

“Azərbaycan Kredit Bankı” ASC-nin bağlanmasından sonra borcalanlar qeyri-müəyyən vəziyyətdə qalıb. Onları çox intizarda saxlamayan bank artıq müştərilərinə öz mesajını çatdırıb: ““Azərbaycan Kredit Bankı” ASC-nin lisenziyasının ləğv edilməsi borcalanları kredit müqaviləsi üzrə öhdəliklərdən azad etmir. Bununla əlaqədar, kredit müqaviləsinin şərtlərinə uyğun qaydada ödənişlərin gecikdirilmədən həyata keçirilməsi zəruridir”.

“Azərbaycan Kredit Bankı” ASC öz müştəriləri üçün verdiyi elanda problemin həlli yolunu belə izah edib. Bank kredit ödənişlərinin vaxtında ödənilmədiyi zaman qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq da edib.

Bu qaydalar “Bank Technique” kimi müflisləşərək fəaliyyətini dayandıran banklara da şamil edilir.

ekrem-hesenov.jpg

Məsələyə aydınlıq gətirən hüquqşünas Əkrəm Həsənov bankların bağlanacağı təqdirdə kreditlərin geri alınması üçün qanunvericilikdə nəzərdə tutulan müddəaları belə izah edib: “Bank bağlanarsa, onun yerində ləğvetmə komissiyası yaranacaq. Həmin komissiya kredit borcu olan vətəndaşlardan bankın borclarını yığacaq. Yəni borclar əvvəlki kimi ödəniləcək. Banka olan borclar tam ödənilməyənədək, həmin komissiya sizi rahat buraxmayacaq. Kredit formasında götürülən borclar tam ödəniləndən sonra komissiya fəaliyyətini dayandıracaq”.

Göründüyü kimi, iflasa uğrayan bankların vaxtilə verdiyi kreditlərin geri tələb edilməyəcəyi ilə bağlı səslənən fikirlərin heç bir əsası olmadığı üzə çıxdı. Digər tərəfdən, vətəndaşların banklara olan az-çox inamını itirməmək üçün hökumətin adıçəkilən banklarla bağlı müəyyən tədbirlərinin olacağı da istisna edilmir.

Əks təqdirdə, əhalinin banklara olan etibarı tam alt-üst ola bilər. Bu isə gələcəkdə onların fəaliyyətində ciddi problemlər yarada bilər.

Fərqanə Allahverdiqızı

Strateq.az