İstənilən xalq xüsusilə yaxın tarixindən nəticə çıxartmasa, öz taleyini müsbətə doğru dəyişdirə də bilməz. Bu mənada keçmiş əslində gələcəyin astanası, atılacaq addımları müəyyənləşdirən amildir.
Eks-spiker Rəsul Quliyevin Moderator.az-da dərc olunan və ADR Hərəkatı, Demokratik Təsisatlarla iş üzrə müavini Mətanət Mürşüdlüyə unvanlanan açıq məktubu da tariximizə fərqli cəhətlərdən ayna tutur. İrəli sürülən mülahizələrin maraqlı olduğunu düşündüyümüzdən açıq məktubu Strateq.az oxucularına təqdim edirik.
Eks-spiker Rəsul Quliyevin bir müddət öncə Müsavat partiyasıyla bağlı yazısına ADR yetkililərindən Mətanət Mürşüdlü cavab verdi. Mətanət xanım Moderator.az-a verdiyi açıqlamada Rəsul Quliyevlə razılaşmamış, onu bəzi faktları təhrif etməkdə suçlamışdı. Keçmiş müsavatçının iradlarına eks-spikerin cavabı da özünü çox gözlətmədi.
“Hörmətli Mürşüdlü xanım!
Əgər belə bir yazını Müsavat partiyasının funksionerlərindən biri yazsaydı, mən ya cavab verməyəcəkdim (çünki əvvəlcədən Sizin keçmiş partiyanızın funksionerlərinin inillektinin zəif olduğunu qeyd etmişdim) ya da cavab satirik janrda olacaqdı. Sizin yazı üslübunuz ziyalılıq elementləri daşıdığı üçün bir daha tarixi faktları xatırlatmaq istədim.
İlk növbədə tarixdə müəyyən vəzifələr tutmuş insanlar barədə “dahi”, “fövqəlbəşər”, “ulu öndər” və sair qulaq cingildədən epitetlərdən ifrat istifadə etməyin qəti əleyhinəyəm və bunu xalqın ən çatışmayan xarakteri kimi qiymətləndirirəm. Heç bir inkişaf etmiş xalq özünün, sözün əsl mənasında, dahi vətəndaşlarını (məsələn ABŞ-ın prezidentləri Vaşinqton, Ceferson, Ruzvelt, Reyqan; Böyük Britaniyanın baş nazirləri Piter, Dizarelli, çörçil, Tetçer; Almaniya Bismark, Adenauer, Fransa Napaleon, DE Goll və sairə) heç vaxt bu cür adlandırmır. İndiyə qədər yazılmış və bu gündə yazılan bioqrafiyalarında həm müsbət həm də mənfi əməllərini obyektiv yazmağa çalışırlar.
Ağlı başında olan hər hansı xalqın lideri orta səviyəli vətəndaşından dağ və dərə qədər fərqlənə bilməz. Həmin dövrdə yaşayan 100-lərlə eyni səviyyəli insanlar olur, sadəcə olaraq bəziləri müxtəlif səbəbdən yüksək vəzifələr tuta bilir və tanınır. Əgər xalq gecə gündüz kimlərisə dahi adlandırırsa, deməli özünün səviyyəsi həddən artıq aşağıdır.
Biz azərbaycanlılar isə ancaq iki rəngi seçə bilirik- ağ və ya qara. Bizə görə, filankəs dahidir, ulu öndərdir, peşmənkaş isə düşmən. Müxtəlif qüvvələr arasında bu şəxslərin yerləri dəyişir. Dahi , fövqəlbəşər insanlar Budda, İbrahim, İsa və Məhəmməd peyğəmbərlərdir. Alimlərdən Qaliley, Nyuton, Eynşteyn də bu qəbildəndirlər.
Bu kiçik izahatdan sonra cavab yazmağımın əsas səbəbini bir daha təkrarlamaq istəyirəm. Keçmişdə buraxdığı səhfləri analiz edə bilməyən, nəticə çıxarmayan insanın, partiyanın, bütövlüklə xalqın gələcəyi parlaq ola bilməz.
Keçmişdə baş vermiş neqativliklərdə özünü təmizə çıxarmaq, qəhrəman göstərmək naminə başqa səbəblər axtarmaq, həmişə kimlərisə günahkar görməklə istənilən subyekti, partiyanı, xalqı durğunluq və tənəzzül gözləyir. Azərbaycanda böyük dağıdıcı sürətlə gedən bu prosesi bir qədər zəiflətmək üçün ziyalılar arasında dəstək tapmaq naminə bu cavabı yazıram.
Xahiş edirəm, bir daha tarixə nəzər yetirəsiniz. Müsavat partiyası yaranandan 1918-ci ilin martına qədər bolşeviklərlə müttəfiq olub. 1917-ci ilin oktyabrında Rusiya imperiyasının Müəssisələr Məclisinə seçkilər keçiriləndə faizlə ən çox səs toplayan Müsavat partiyası olub- 42%-ə yaxın. Bolşeviklər isə bu seçkilərdə ən az səs toplayanlardan biridir -cəmi 9%. 50%-ə yaxın səsi isə menşeviklər, eserlər və bir sıra Azərbaycan partiyaları, daşnaklar və sairə toplayıb. 1917-ci ilin noyabrında Müsavat partiyasının bolşeviklərlə koalisiyası hesabına Bakı soveti yaranıb: bu absolyut həqiqətdir. Sizin bilməməyiniz belə bir hadisənin olmadığına dəlalət etmir, hörmətli Mürşüdlü xanım,
Siz istər rus, istər ingilis, istərsə də son vaxtlar Azərbaycanda yazılmış tarix kitablarından bu faktın danılmaz həqiqət olduğunu öyrənə bilərsiniz. Sizin dahi hesab etdiyiniz (mən, sözsüz, onu dahi hesab etmirəm, buraxdığı səhvlərə görə də qınamıram da. Cavan oğlan idi, təcrübəsi yox idi) Rəsulzadənin özü 1918-ci ilin martında bolşeviklərlə koalisiya yaratmaqda səhvə yol verdiyini qeyd edir. Düzdür, bunu məcburu atılmış bir addım olduğunu qeyd edir və sözsüz ki, bu, həqiqətə uyğun deyildir. çünki Musavat partiyası yarandığı gündən etibarən menşevik, eser və başqa Azərbaycan partiyaları ilə yox, məhz bolşeviklərlə əməkdaşlıq edirdi. Müəssisələr Məclisinə seçkilərdə də bu partiyalar bir-birilərinə kömək edirdi.
Mürşüdlü xanım, Sizin Əbülfəz bəy höküməti ilə əlaqədar söylədiklərinizin məntiqi izahını da tapmaq mümkün deyildir. Hakimiyyətə Əbülfəz bəy gəlib. Baş nazir və Ali Məclisin sədri müsavatçıdır, nazirlərin əksəriyyəti bu iki partiyadandır. Dövlət katibi xalq cəbhəsindəndir. Bir sözlə, hökümət aparatının 90%-i bu iki partiyadan formalaşıb. Həmin dövrdə yaşayan və işləyən kimlərlə danışıbsınız, bilmirəm. Hökümətin yıxılmasının səbəbkarı S.Hüseynov və onu dəstəkləyən RF-dırsa, onda bu insanların Azərbaycanda rolu nədən ibarətdi və nə üçün o postlarda oturmuşdular?
1920-ci ilin aprelindəki süğutu da S.Hüseynov kimi Ə. H. Qarayev, Cingiz İldırım kimi şəxslərin və RF-nın gücünə yıxıldıqlarını yazırlar. Bu 100 il ərzində Müsavat özünün bir günahını axtarsaydı, bəlkə bugünkü duruma gəlib çıxmazdı.
1918-20-ci illərdə Müsavatın rolunu heç kim o cümlədən mən danmaq fikirində deyil, ancaq həqiqət çərçivəsində. Azərbaycandakı siyasi qüvvələrin hamısının (o cümlədən Müsavat) əsla müstəqil Azərbaycan yaratmaq planları yox idi. Hamısı Rusiyanın tərkibində mədəni müxtariyyət istəyirdi. İndi yazılanlara görə, guya, az qala 1905-ci ildən müstəqil Azərbaycan dövləti qurmaq planı var idi- absolyut yalandır. 1918-ci ilin 27 mayında bizim Müəssisələr Məclisinə seçilmiş deputatlar Azərbaycanla əlaqədar hansı qərarı qəbul edəcəklərini bilmirdilər. Hətta gürcülərin 26 mayda qəbul etdiyi müstəqillik aktı belə onların şübhəsini dağıda bilmirdi. Nəhayət, 28 mayın özündə belə uzun müddətli müzakirədən sonra İstiqlal Bəyannaməsi qəbul olundu və birinci hökümət yaradıldı. Hökümətin başçısı Fətəli Xan Xoyski (bitərəf) olmaqla, müxtəlif partiya və qruplardan idarəçilik təcrübəsi olanlar təyin olundu. Gənc M.Ə.Rəsulzadənin hökümətdə təmsil olunmadı. çünki onun nə təhsili, nə də idarəçilik təcrübəsi var idi.
16 İyunda Gəncəyə köçən Mili Şura Nuru Paşanın tələbi ilə (onun fikrincə, ölkənin belə ağır vəziyyətində, paytaxtının işğal olunduğu dövrdə MŞ özünün əhəmiyyətsiz iclasları ilə dövlət quruculuğu işinə ancaq mane ola bilərdi) özü özünü buraxmışdı. Yəni Müsavatın rolundan danışmaq ye
rsizdir, çünki müsavatdan olan deputatlar heç bir failiyyət göstərmədən istefaya göndərilmişdilər. Azərbaycanda ancaq hökümətin fəaliyyətindən danışmaq olar. 6 aydan sonra Xoyski parlamentin ilk iclasında deyirdi: ‘’hökümətimiz öylə bir zamanda təşkil edilmişdi ki, bir kənddən o biri kəndə getmək qorxulu idi. Gecə yatanda sabaha çıxmağa ümid yox idi…. Hərə başına beş-on adam yığıb bir hökümət, bir qanun düzəltmişdi.’’
1993-cü ilin iyununda da təxminən eyni hadisələrin yaşanmasını, yəqin, Sizin də yadınızda qalmış olar.
Müsavat partiyasından olan əsas liderlər, başda M.Ə.Rəsulzadə olmaqla, 1918-ci ilin iyunundan oktyabra qədər Azərbaycanda yox, Türkiyədə olub və Xoyskinin tapşırıqlarını yerinə yetiriblər. Bu dövr ərzində Xoyskinin onlara göndərdiyi tapşırıqların və aldığı cavabların mətni ilə asanlıqla tanış olmaq olar. 27 iyunda Azərbaycan dövlət dili, 28 avqustda tədris müəssisələrinin milliləşdirilməsi, 19 iyunda isə bütün ölkədə fövqəladə vəziyyətin elan edilməsi, avqustun 11-də ümumi səfərbərlik Xoyskinin qərarı ilə hökümət tərəfindən qəbul edilib. 1918-ci ilin sentyabrın 15-də Bakı azad edilib. 17 sentyabrda hökümət Bakıya köcüb. Xoyski parlamenti formalaşdırmağın son mərhələsini Milli Şuraya həvalə edib.
Yəni əsas islahatların həyata keçirildiyi 6 ay müddətində heç bir partiyanın iştirakı olmayıb. Xoyski 3-cü dəfə baş nazir olmaq istəməyib. 1918-ci ilin dekabrında İngilis generalı Tomsonun bu məsuliyyəti öz üzərinə götürməyi xahişindən sonra Xoyski razılaşıb.
Heç bir ay keçməmiş parlamentdə partiyalar arasında demoqoqiya vüsət almağa başlayır. Müsavat, İttihad, Əhrar, sosial-demokratlar, sözün əsl mənasında, mənasız və kəskin diskusiyaları ilə hökümətin işini iflic edir.
İdarəçilik təcrübəsi olanlardan təşkil olmuş hökümətə nadan deputatların yersiz hucumlarını Xoyski belə qiymətləndirirdi: ‘’ Siz bunu bilməlisiniz ki, Azərbaycanın istiqlalı hər dəqiqə təhlükədədir. Biliniz, indi elə vaxtdır ki, nəinki bez və çit, hətta elə əhval çıxar heç Azərbaycan qalmaz. Belə mühüm zamanda hökümət işlərini Tağıyev fabrikasının bezi ilə ölçmək olmaz’’.
Deputatların ‘’xidmətləri’’ nəticəsində Azərbaycanın təcrübə və bacarığı olan höküməti istefa verməyə məcbur olur. Ayyarım müddətində parlament yeni höküməti formalaşdıra bilmir. Nəhayət, aprelin14-də Nəsib bəy Yusifbəyli hökümət yaradır. Bu hökümətin dövründə heç bir reforma həyata keçirilməyib, əksinə bolşeviklər güclənib. 1919-cu ilin dekabrında hökümət yenidən istefaya gedib. Yenidən Nəsib bəyin yaratdığı hökümətin ömrü isə 1920-ci ilin martın axırına qədər olub. Yeni hökümətin yaradılması Məmməd Həsən Haciniskiyə tapşırılıb. Hacinski bolşeviklərlə gizli danışıqlara gedib. Müsavatla sosialistlərin bir-biriləri ilə Azərbaycanın müstəqilliyini qorumaq yox, vəzifə davası nəticəsində bolşeviklərə satılmış bir adam (Müsavat partiyasının nümayəndəsini) baş nazirliyə namizəd verilib.
Azərbaycanın ən böyük təhlükə qarşısında belə bu iki partiyanın səyləri nəticəsində höküməti yaradılmayıb. 40 minlik ordusu olan Azərbaycan 10 minlik bolşevik ordusuna bir güllə atmadan ölkəni təhvil verib. Guya, “o vaxt ordu Qarabağda ermənilərlə vuruşurmuş” kimi yalanlarla özümüzü ağa çıxarmaq olmaz.
Gürcülər öz müstəqillikləri uğrunda 4 aydan çox qat-qat güclü qırmızı ordu ilə vuruşdular, 10 mindən çox şəhid verdilər. Bəlkə bu gün Gürcüstanın başqa səviyyədə olmasının səbəbi həmin 1921 –ci ildə verdiyi qurbanlara görədir.
Bunlar hamısı absolyut həqiqətdir, hörmətli Mətanət xanım, sizin yazdıqlarınız isə tarix deyil, emosiyadır. Mən də 20 il komunist partiyasının üzvü olmuşam. Bu, o demək deyil ki, onun buraxdığı səhvlərə göz yummalıyam. Mənə sualı Müsavatdan verdilər, mən də Müsavatın rolundan həqiqəti yazdım. Müsavatın üzvlərinin xoşuna gəlib gəlməməsi tarixi faktları dəyişdirməyə kifayət etməz. İnanın ki, hələ bu yazdıqlarım da yumşaq formadadır.
Söhbət əgər o biri partiyalardan getsəydi, onlara münasibətdə də birinci yerdə tənqid gələrdə. Hansı günümüzə baxıb kimlərisə tərifləmək olar Azərbaycanda, mən bilmirəm.
Mən müsavatın son seçkisini tənqid etmişəm, bu gündə düşünürəm ki, əgər seçkilər saxtalaşdırmasa və başqan Qubad İbadoğlu və ya gənclərdən biri seçilsəydi, Musavat dağılmazdı. Siz indi müsavatın keçmişini müdafiə etməkdənsə, kiçik bir partiyanın (yəni maksimum 2000 üzvü olan bir partiyanın) daxilində seçkilərin saxtalaşdırılmasının qarşısını ala bilmədiyinizin səbəbini analiz etməlisiniz. Əgər partiya daxilində normal seçkilər keçirə bilmirsinizsə, bütünlüklə Azərbaycanda saxta seçkilərin keçrilməsinin qarşısını almaq iddianızın fundamenti nədir? Musavat partiyasında sivilliyin bir elementi olsaydı, 2003 prezident seçkisindən sonra rəhbərliyin hamısı istefa verib siyasi səhnədən çəkilməli idi. Təəssüf ki, sizin (tək sizin yox, bütün azərbaycanlıların) günahı başqasında axtarmaq xasiyyətiniz heç vaxt obyektiv nəticə çıxarmağa imkan verməyəcək.
Hörmətlə: Rəsul Quliyev”