XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

17 Mart 2015 - 17:22

Müsəlman mitinqlərə çıxmasa yaxşıdır

ebulhesen-abbasov

Əbülhəsən Abbasov

Deyirlər ki, mitinqlərə gələn yoxdur. Bu, belədir. Ancaq, bəzi siyasilərin söylədikləri kimi, ona görə yox ki, indi dialoq vaxtıdır və yaxud hansısa təşkilatçılar etimadı itiriblər. Bu səbəblər varsa da, həlledici deyil. Sadəcə, xalqın arzuları tükənib. O, son 25 ildə vaxtsız-vədəsiz qocalıb, əldən düşüb, arzular püskürməyə nə taqəti, nə də istəyi qalıb. Elə hey görüb ki, hər şey arzularının tərsinə işləyib – haqq-ədalət istəyi gözündə qalıb, üstəlik də, yaxşı nəyi varıydısa, itirib: ortabab dolanışığını, təhsilini, elmini, səhiyyəsini, mədəniyyətini, sınaqlardan çıxmış ictimai dəyərlərini, az-çox nümunəvi ziyalı təbəqəsini, nüfuzlu söz, fikir və əməl sahiblərini. Onun ümidi, inamı, gözləntiləri puça çıxıb. İndi nəyi arzulasın, kimdən nə umsun? Bu azmış kimi, uşaqlarının qarşısında sıxıntıda, gözükölgəli qalan atalara gecə-gündüz gender bərəbərliyindən, multikulturalizmdən dərs keçirlər, şou aləminin, oliqarx balalarının dəbdəbəli həyat tərzini onların gözünə soxurlar. Sanki deyirlər: əməlisaleh olub düz yaşamaq istəyirsənsə, özündən küs – son tikəni də burnundan gətirəcəyik, biz qoymarıq ki, kimsə fəzilətli dəyərlər üzərində boy atsın, sonra da ixtiyar sahibinə çevrilib bu topluma sahib çıxsın, hamı yaltaq, başıaşağı, yalançı, məddah, daşürəkli, qəddar olmalı, şəhidlikdən-kişilikdən danışa-danışa yarasa yuvasında gizlənməli, qaraya “ağ” deməyə öyrənməlidir.

Siyasi-iqtisadi-elmi-mədəni elita öz dərdinin hayındadır. Hamısı irəli düşmək, qazanmaq, varlanmaq, olanı qorumaq istəyir. Belə olmasaydı, vaxtilə (hələ sovetlər dönəmində!) xalqın başında qoz sındıranlar, sonralar isə humanitar yardımları talayanlar, ailəliklə qrantları mənimsəyənlər, yeraltı-yerüstü sərvətlərə sahib çıxanlar, əyri yollarla elmlər doktoru olan hadırəcəblilər öz deputatlıq sərgüzəştlərinə müəllimləri sürükləyərək saxtakarlıq ustalarına çevirməzdilər və son nəticədə onları, üzr istəyirəm, uzunqulaq yerinə qoymazdılar. Belə olmasaydı, güya millətə qanunlar ixtira edən kəs “vor zakonlar” davranışını, amalını kütləyə sırımazdı və elliklə “blatnoy qardaş”lara səcdə etməyə çağırmazdı. Belə olmasaydı, mənim yerlim, ancaq Bərdəyə təyin edilmiş deputat Zahid Oruc dünyanın indiki dolaşıq vaxtında aləmə alçaq lotu Ramzan Kadırovun gözü ilə baxmazdı, ona mazoxistcəsinə vurulmazdı, Krımın işğalına ən şovinist rusdan da betər tərzdə bəraət qazandırmazdı, putinizmi bəşəriyyəti xilas edəcək məşəl saymazdı. Keçmiş bayraqdarı, Ağamalını deyirəm,heç olmasa, öz lotumuzla fəxr edir, sağ olsun! Bu isə… Nəinki Azərbaycan və türk xalqları, hətta bütün müsəlmanlar üçün Kadırov-Putin məktəbini bir örnək bilir. Yazıq müsəlman, bundan sonra sənə yaşamaq nəyə lazım?! öl, canın qurtarsın! Gələcəyə aparan yolun Kadırov-Putin-Jirinovski-Zahidoruc yoludursa, həqiqətən, gələcəklə sənin nə işin var!

…Bəli, ey yazıq müsəlman, ən stajlı deputatların belə ağıl-kamala, mərifətə sahibdirlərsə, sənin mitinqdə nə azarın var? Mitinq, nümayiş, tətil alman, ingilis, fransız üçündür, cəmiyyət tərəfindən dövlətə-hakimiyyətə istək-arzuları çatdırmaq vasitəsidir. Bir sözlə, belə şeylər qanuna-hüquqa ciddi hörmət əsasında seçilmiş sivil deputatları olan sivil xalqların siyasi alətidir. Cəmiyyət – dövlət münasibətlərini tənzimləyən alət! Sən böyük kütlə halında meydana çıxsan, mütləq ifrata varacaqsan, uçurub-dağıdacaqsan, kimisə öldürəcəksən, baş yarıb qan tökəcəksən. Cünki sənin içində əsrlər boyu zahidsiz Zahidlərin vasitəsilə təlqin edilmiş, qana-sümüyə yeridilmlş şeşələnmə, lovğalıq, hiyləgərlik, atılıb-düşmə, yalan-palan, zəifə qarşı amansızlıq, güclü önündə mütilik, köləlik, qısası, ramzankadırovçuluq, səfehlik var. Odu ey, gör, “ərəb baharı” deyilən nəsnə nə verdi! Hələ bir “İslam dövləti” də qururlar – günahsız insanların başını kəsə-kəsə. Nə qurduqları bəribaşdan aydındır. Rəhmətlik atam söyləyərdi: “Dovşanın qaçarağını gördüm, ətinə tövbə dedim”. Ona görə də, əziz müsəlman, meydanlara çıxmasan yaxşıdır. Olan-qalanını da itirərsən, quru odun əvəzi alovlanan dünya sobasına qalanarsan! Bizim dərdimiz mitinq, meydan, dialoq məsələsi deyil, daha böyükdür. Ən azından, siyasi quduzlaşmaya qarşı bir çarə tapmalıyıq. Bu xəstəliyin də ki, elmə görə, simptomları üzə çıxıbsa, müalicəsi müşkil işdir. Allah özü bizə bu bəladan qurtulmaq üçün arxa olsun. Amin!

Əbülhəsən Abbasov,

fəlsəfə elmləri doktoru, professor