XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2016 - 15:22

“MTN-də mənə yanıldıcı suallar verirdilər…” –Həbsdə olan iş adamından sensasion ifadələr

mehkeme 2

Binəqədidə çoxmərtəbəli binada baş verən yanğınla bağlı növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Binəqədi rayon icra başçısının sabiq birinci müavini Qəzənfər Novruzov barəsində təyin edilən tibbi ekspertizanın rəyi açıqlanıb.

Hakim Q.Novrozuvun səhhəti ilə bağlı verilən rəy haqda danışatkən deyib ki, təqsirləndirilən şəxsdə qaraciyərin hepatit C virus mənşəli serrozu, şəkərli diabet, arterial hipertoniya, xroniki xolesistit, xroniki prostatik xəstəlikləri müəyyən edilib.

Ə.Hacıyev bu xəstəliklərin arzuolunmaz sonluqla nəticələnə biləcəyini söyləyib.

Prokuror Fərid Nağıyev isə bildirib ki, Q.Novruzovun xəstəlikləri onun barəsində cinayət işinin icraatının dayandırılması üçün qanunvericilikdə müəyyən olunan ağır xəstəliklər siyahısına daxil deyil və buna görə də həbs-qətimkan tədbirinin dəyişdirilməsinə ehtiyac yoxdur.

Prosesin gedişində vəkillər məhkəmə prosesinin videoçəkilişə alınması, zalda foto və video materialların nümayiş olunması üçün texniki avadanlıqların təmin edilməsi üçün vəsatət qaldırıblar.

Məhkəmə videoçəkiliş aparılması ilə bağlı  vəsatəi təmin etməyib. Digər vəsatət isə təmin edilib.

Məhkəmədə təqsirləndirilən Miryusif Mahmudov sərbəst ifadə verib.

O, ötən proseslərdə oluğu kimi bu dəfə də bildirib ki, binanın yandırılması üçün uzun müddət öncədən plan qurulub: "Yanğın başlayandan yarım saat sonra MTN-in xüsusi əməliyyat keçirərək bizim ofisi mühasirəyə alması müəmmalıdır. Bu yanğından 3 gün öncə Nərimanov rayonunda başqa bir binanı yandırmağa cəhd edilib, amma alınmayıb. Bununla bağlı cinayət işi də başlanılıb. Bu bina yanmağa başlayan kimi media məlumat yaydı ki, səbəb keyfiyyətsiz üzlüklərdi. Mən indi onları məhkəməyə verməliyəm?".

M.Mahmudov həyatını mübarizəyə həsr etmək istəmədiyini və yaşamaq istədiyini söyləyib.

"MTN-də mənə yanıldıcı suallar verirdilər. Soruşurdular ki, rəqibin varmı, təzəlikcə işdən çıxardığın olubmu? Çünki gözəl bilirdilər ki, bir həftə əvvəl təsisçilərdən biri yola getmədiyimizə görə şirkətdən uzaqlaşmışdı. Günahı kiminsə üstünə atmaq istəyirdilər. Yanğın vaxtı da Sabunçu və Sumqayıtda binalarda üzlükləri sökənlər bir yerdən idarə olunanlar idi"-deyə təqsirləndirilən şəxs qeyd edib.

M.Mahmudov digər təqsirləndirilən şəxsləri məhkəmədə tanıdığını, onlarla birlikdə dəstə yaratmadığını deyib: "MTN-dən prokurorluğa aparılanda sevindim, amma orada da müstəntiq 3 kağız imzalatdırdı. Mayın 20-də prezidentin rəhbərliyi ilə keçirilən iclasda baş prokuror bizim şirkətə dair sənədləri təqdim etdi, amma bilmirəm nə səbəbə? Fövqəladə hallar naziri bizim şirkət tərəfindən onlara sənəd daxil olmadığını dedi. Halbuki, biz bütün qurumları lazımı sənədləri vermişdik".

Prosesdə təqsirləndirilənlərdən biri, "Dərnəgül Boru Zavodu" QSC-nin Laboratoriya müdiri Ağacavad Məmmədovun səhhəti pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb. Qəzənfər Novruzovun da səhhəti pisləşdiyi üçün fasilə elan olunub. Qeyd edək ki, bu, hər iki şəxsin səhhətində yaranan problemlərə görə bundan əvvəl də məhkəmə prosesləri təxirə salınmışdı.

Məhkəmə prosesinin günün ikinci yarısında davam etdiriləcəyi açıqlanıb(Musavat.com).

Xatırladaq ki, sonuncu prosesdə Q.Novruzov məhkəmə proseslərinə gələ bilməməsi, səhhətinin ağır olması ilə bağll məhkəməyə müraciət edərək ekspertizanın təyin edilməsini istəmişdi.

Qeyd edək ki, qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktorun müavini Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsində işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq, onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib. 

Xatırladaq ki, rəsmi məlumata görə, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.