XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2016 - 21:01

“Ən böyük məsuliyyət Gömrük Komitəsinin üzərində olacaq” –Qubad İbadoğlundan bahalaşma anonsu

Qubad

"2017-ci ilin büdcəsində gömrük ödənişlərinin kəskin artımla proqnozlaşdırılması yalnız tariflərinin deyil, ƏDV-nin də dərəcəsinin qaldırılmasına hesablanıb. Bu da son nəticədə idxal mallarının bahalaşmasını şərtləndirəcək".

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu deyib.

Qubad İbadoğlunun sözlərinə görə,  2017-ci ilin büdcəsinin mədaxil hissəsinin artımının formalaşmasında ən böyük məsuliyyət Dövlət Gömrük Komitəsinin (DGK) üzərində olacaq: "Çünki qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmaların artırılmasının əsas yükü bu Komitənin üzərinə qoyulub. Gömrük intizamının artırılmasının və gömrük tarifinin daha az pilləli sistemə keçidinin təminatı üzərində qurulan, eləcə də devalvasiyanın təsiri ilə "şişən" ödənişlər hesabına, DGK-nın planı gələn il, bu ilin proqnoz göstəriciisi ilə müqayisədə, 390 milyon manat və ya 21,5 faiz artırılıb. DGK-nın yeni il üçün proqnoz öhdəlikləri 2015-ci ilin faktiki göstəricisindən 608,1 milyon manat və 38, 2 faiz çoxdur.

Gələn il əsasən idxala əlavə dəyər vergisi və gömrük rüsumları hesabına formalaşacaq artıma görə DGK-dan daxilolmalar qeyri-neft büdcə gəlirlərinin 27,2 faizini, cəmi büdcə gəlirlərinin 13,8 faizini, ÜDM-in isə 3,5 faizini təşkil edəcək.

Bu halda DGK yalnız idxala ƏDV üzrə büdcəyə 1,64 milyard manat, gömrük rüsumlarına görə 454 milyon manat, aksizlərə görə 90 milyon manat və yol vergisinə görə 17 milyon manat ödəməlidir. DGK-nın bu ödənişləri ilkin olaraq sahibkarların xərclərində, son nəticədə isə istehlak qiymətlərində maddiləşəcək və onun əziyyətini də eyni məhsullara əvvəlkindən daha çox pul xərcləmək məcburiyyətində qalan istehlakçılar çəkəcək".