XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2016 - 10:35

Üzdə düşmən olan “gizli müttəfiqlər”:İŞİD-PYD ittifaqı

kobani

 

PKK-nın Suriya qanadı olan PYD ABŞ tərəfindən ən yaxın müttəfiq elan olunub. Vaşinqton bunun səbəbini PYD-nin İŞİD-ə qarşı ən yaxşı döyüşən qrup olmasıyla əsaslandırır. Suriyanın şimalından gələn məlumatlar bu arqumenti şübhə altında qoyur.

Strateq.az xəbər verir ki, Şimali İraqın ən böyük türkmən tayfalarından sayılan Bəni-Asidin aşirəti başçısının oğlunun  PYD tərəfindən qaçırıldığı bildirilir.

Tayfa başçısı Əli Hüseyn Asidinin oğlu Məhəmməd Xeyr Alləvi bir həftə öncə Menbiçdeki evindən qaçırılıb. Səbəb əl-Babı İŞİD-dən təmizləmək əməliyyatına hazırlaşan türk ordusuna tayfanın dəstək verməməsinə nail olmaqdır.

“Habertürk”ün bildirdiyinə görə, Azad Suriya Ordusu əl-Babın işğaldan azad olunması əməliyyatına dəstək almaq üçün regionda yerləşən bəzi tayfalarla razılıq əldə edib. Xəbəri Menbiç diviziyasının komandiri Əbu Əli Raslen də təsdiqləyərək deyib: “Menbiç və əl-Babda olan Bəni-Asid, Bubənnə, Elon, Qaneyim, Şabi, Sirəsat, Beggara, Xənədi və Ənnacar tayfaları ilə OSO komandirləri əlaqə qurdu. Müsbət keçən danışıqlarda ortaq hərəkət edilməsi istiqamətində qərarlar alındı. Tayfalar əl Bab və Menbiç sərhədində böyük mühasirə əməliyyatı üçün hazırlığa başlayıblar. Türkiyənin təlimatını gözləyirlər".

Əbu Əli Raslenin sözlərindən də aydın olduğu kimi, İŞİD-in ən güclü qalalarından əl-Babın işğaldan azad edilməsinə cəlb olunan tayfalardan biri də Bəni-Asiddir. Bu türkmən tayfasının başçısının oğlunun girov götürülməsi, sözsüz ki, “Fərat qalxanı” əməliyyatının arzulanan nəticələrinin qarşısını almağa hesablanıb. Zira əməliyyatın uğurlu alınması üçün regional qüvvələrin türk ordusuna dəstək verməsi vacib şərtlərdən biridir. Türkiyəni bu əməliyyatda yalnız Azad Suriya Ordusu dəstəkləyir. ASO isə əl-Baba hərbi müdaxilədən çəkinir.

Əvvəla, ona görə ki, əl-Babı hazırda 4 mindən artıq İŞİD yaraqlısı “qoruyur”. ASO-nun tərkibində isə cəmi 1500 silahlı var. Türkiyə bu qeyri-bərabərliyi ortadan qaldırmaq üçün Suriya sərhədlərinə 40 mindən artıq əsgər toplasa da, hər halda qəsəbənin yerli qüvvələrin köməkliyi ilə azad olunması daha məqsədəuyğundur.

İkincisi, İŞİD-in əl-Bab sakinləri arasında mövqeyi olduqca güclüdür. Əsasən ərəb tayfalarının məskunlaşdığı qəsəbədə Türkiyənin birbaşa özünün və ya bölgəxarici qüvvələrin köməkliyi ilə  əməliyyat keçirməsi İŞİD-ə qarşı mübarizənin xarakterini dəyişə, işğal hərəkatı kimi anlaşılmasına yol açar. Bu isə yerli xalqı qarşına almaq deməkdir ki, qüdrətindən asılı olmayaraq heç bir ordu işğal etdiyi əraziləri uzun müddət əlində saxlaya bilməyib.

Türkiyənin “Fərat qalxanı” əməliyyatı başladığı gündən indiyədək keçən 46 gün ərzində hələ də əl-Baba hərbi müdaxilə etməməsi məhz yerli tayfalarla arzulanan razılığa gəlinməməsiylə izah olunur. Məhmətcik türk tayfalarıyla yanaşı, həm də ərəb aşirətlərini öz tərəfinə çəkməli, bundan sonra əməliyyata başlamalıdır. Verilən məlumatdan anlaşılır ki, razılığı alınan tayfalar içərisində ərəbəsillilər üstünlük təşkil edirlər. PYD-nin sırf türkmən tayfası liderinin övladını girov götürməsi isə təsadüfi deyil. Bu, ərəb aşirətlərə həm “sizə də dərs olsun” mesajı vermək, həm də onlarla münasibəti çox korlamamaq məqsədi daşıyır. Nədən ki, regionu nəzarət altına qalmaq üçün regionun aparıcı sosial qruplarıyla “dost kimi” davranmaq PYD-nin də prioritetlərindəndir.

PYD-nin İŞİD-in işinə yarayan bu addımı təsadüfi deyil. İlk növbədə ona görə ki, “Fərat qalxanı” əməliyyatı nə qədər Cerablusdan Raqqaya qədər əraziləri İŞİD-dən təmizləməyə yönəlsə də, son məqsəd “kürd zolağı”nın qurulmasının qarşısını almaqdır və bunu heç Türkiyə də gizlətmir.

Digər tərəfdən, PYD ilə İŞİD bir çox məqamlarda “zahirən düşmən, batinən dost” kimi hərəkət edirlər. Suriyanın şimalındakı bir çox yerlər əvvəl İŞİD tərəfindən işğal olunub, yerli xalq köçə məcbur edildikdən sonra PYD-nin həmləsiylə “terrorçulardan təmizlənib”. Bir çox ekspertlər məhz buna görə də PYD ilə İŞİD-i Kürdüstanın qurulmasında “gizli müttəfiq” hesab edirlər. ABŞ-ın bir çox hallarda PYD-yə göndərdiyi silahların “təsadüfən” İŞİD-in əlinə keçməsi faktları da bu ehtimalı qüvvətləndirir.

PYD-nin “Fərat qalxanı” əməliyyatına mane olmaq üçün türkmən tayfa başçısının oğlunu girov götürməsi bu mənada təəccüblü görünmür.

Heydər Oğuz

Strateq.az