XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2016 - 12:33

“Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə pul ödəniləcək” –Yeni qayda təsdiqləndi

artur

Nazirlər Kabineti "Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nı təsdiq edib.

Bu Qayda qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi qaydasını tənzimləyir.

İxrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir. İxrac olunan qeyri-neft məhsullarının Azərbaycan ərazisində istehsal olunan və istehsal prosesində istifadə edilən yerli komponentlərin və Azərbaycan ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisi mənşə sertifikatı əsasında müəyyən olunur və ixrac təşviqi Azərbaycan mənşəli mallara şamil edilir. İxrac təşviqinin məbləği ixrac təşviqinin baza məbləğinə ixrac olunan qeyri-neft məhsullarının növündən asılı olaraq, Nazirlər Kabineti tərəfindən müəyyən edilən əmsallar tətbiq olunmaqla hesablanır və ödənilir.

Şəxslər ixrac təşviqinin alınması üçün ərizə ilə İqtisadiyyat Nazirliyinə müraciət edirlər. Ərizəyə ixrac olunan qeyri-neft məhsullarının dəyərinin təsdiq edilməsi haqqında sənədin (invoys, hesab faktura və s.) surəti, Azərbaycan gömrük orqanları tərəfindən təsdiq edilmiş ixrac gömrük bəyannaməsinin surəti, qeyri-neft məhsullarını xarici dövlətə idxal edən şəxslə bağlanılmış müqavilənin və ya mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənədin və ya onları əvəz edən sənədlərin surətləri, xarici dövlətin gömrük orqanı tərəfindən təsdiq edilmiş idxal gömrük bəyannaməsinin surəti, faktiki ixrac olunan qeyri-neft məhsullarına görə ödənilən vəsaitin ixracatçının xarici valyutada Azərbaycan Respublikasındakı bank hesabına köçürülməsini təsdiq edən müvəkkil kredit təşkilatının sənədi (tarixi, mədaxil tarixi, ödənilən təşkilatın adı, məbləği), qeyri-neft məhsulunun Azərbaycan mənşəli olmasını göstərən mənşə sertifikatının surəti əlavə edilir.

Təqdim olunmuş sənədlərə İqtisadiyyat Nazirliyi tərəfindən 10 iş günü müddətində baxılır.

Bu Qaydaya uyğun olaraq ixrac təşviqinin verilməsindən imtina üçün əsaslar olmadıqda, 2 nüsxədə ixrac təşviqinin ödənilməsi haqqında "MƏKTUB-SƏRƏNCAM” tərtib edilir və bir nüsxəsi ixracatçıya,bir nüsxəsi isə Maliyyə Nazirliyinə təqdim olunur.

Müraciətdə göstərilən ixrac olunan məhsul Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısında nəzərdə tutulmadıqda, müvafiq sənədlər təqdim edilmədikdə və təqdim olunmuş sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda ixrac təşviqinin ödənilməsindən imtina olunur.

Maliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi tərəfindən "MƏKTUB-SƏRƏNCAM”ın təqdim edildiyi vaxtdan 3 iş günü müddətində ixrac təşviqinin ixracatçıya ödənilməsini təmin edir. İqtisadiyyat Nazirliyi ixrac təşviqinin əldə edilməsi üçün müraciətdə göstərilən məlumatları araşdırmaq məqsədi ilə dövlət orqanlarına və müvəkkil kredit təşkilatlarına sorğular göndərə bilər. İxrac təşviqinin məbləği ixrac gömrük bəyannaməsindəki xarici valyutanın məzənnəsi əsas götürülməklə, manatla müəyyən olunur və ödənilir.

Faktiki ixrac olunan qeyri-neft məhsullarına görə ixracatçının Azərbaycandakı bank hesabına köçürülən vəsait həmin məhsullar üzrə ixrac gömrük bəyannaməsində göstərilən gömrük dəyərindən az olduqda, bu məhsulların ixracına görə ixrac təşviqinin baza məbləği bank hesabına köçürülən vəsaitin 3 faizini təşkil edir. Bu zaman ərizədə göstərilən qeyri-neft məhsulları üzrə Nazirlər Kabineti tərəfindən fərqli əmsallar müəyyən edildikdə, həmin əmsallar sırasından ən kiçik əmsal tətbiq edilir.

Faktiki ixrac edilmiş qeyri-neft məhsulu sonradan Azərbaycan Respublikasının ərazisinə (o cümlədən, ölkə ərazisində mövcud olan sərbəst zonalara və xüsusi iqtisadi zonalara) tam və ya qismən geri qaytarıldıqda, bu məhsullar üçün ixrac təşviqinin ödənilmiş məbləği ixracatçı tərəfindən mütənasib olaraq geri ödənilməlidir. İxrac olunan malların gömrük rəsmiləşdirilməsi gömrük təmsilçiliyi vasitəsilə (gömrük təmsilçisi və ya gömrük brokeri tərəfindən) həyata keçirildikdə, ixrac təşviqi yalnız təmsil edilən şəxsə verilir.

İdxal edilərək, sərbəst dövriyyəyə buraxılan xarici ölkə mənşəli malların ixracına, tranzit xüsusi gömrük proseduru altında yerləşdirilən malların Azərbaycan Respublikasının ərazisindən çıxarılmasına, sərhədyanı ticarət çərçivəsində malların satışına, Azərbaycan ərazisində yaradılmış rüsumsuz ticarət mağazalarında malların satılmasına, malların əvəzsiz (haqqı ödənilmədən) ixracına, daxildə emal və xaricdə emal xüsusi gömrük prosedurları çərçivəsində malların ixracına, təkrar ixrac gömrük proseduru və müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilən xarici malların ixracına, malların Azərbaycan ərazisində yaradılmış sərbəst zonalara və xüsusi iqtisadi zonalara satışına, barter əməliyyatları çərçivəsində malların ixracına, sərbəst zonalarda, xüsusi iqtisadi zonalarda, sənaye və ya texnologiyalar parklarında istehsal olunmuş malların ixracına və bu Qaydanın qüvvəyə minməsindən əvvəl həyata keçirilən faktiki ixrac əməliyyatlarına ixrac təşviqi şamil edilmir.

Eyni zamanda dövlət mülkiyyətində olan və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, gömrük təmsilçiliyi fəaliyyətini həyata keçirən şəxslərə (gömrük təmsilçisi və gömrük brokeri) və faktiki ixrac əməliyyatlarının həyata keçirildiyi tarixdən 180 gündən sonra müraciət edən şəxslərə ixrac təşviqi şamil olnmur.