"Azərbaycan və Türkiyənin birgə enerji layihələri dünya üçün böyük əhəmiyyət daşıyır".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində deyib.
Dövlət başçısı qeyd edib: “Hörmətli xanımlar və cənablar, əziz dostlar! Dünya Enerji Konqresinin Türkiyədə keçirilməsi çox əlamətdar hadisədir, Türkiyənin dünya enerji siyasətindəki rolunu göstərir. Bu rol getdikcə artır və Türkiyə enerji təhlükəsizliyi məsələlərinin həllində çox önəmli addımlar atır".
İlham Əliyev bildirib ki, Türkiyənin inkişafı, sabitliyi nəinki Türkiyəni sevən ölkələrə, ona dost olan ölkələrə, bütün dünyaya lazımdır: "Çünki Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində çox önəmli rol oynayır. Bu ilin iyulunda Türkiyə çətin bir sınaqdan şərəflə çıxdı. Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək böyük qəhrəmanlıq göstərməklə dövlət çevrilişinə cəhdin qarşısını aldı, dövlətçiliyi qorudu, Türkiyənin xoşbəxt bu gününü və gələcəyini qorudu. Biz Azərbaycanda sizinlə fəxr edirik. Biz bir çox önəmli enerji layihələrimizi Türkiyə ilə bərabər icra edirik və bu enerji layihələri dünya üçün böyük əhəmiyyət daşıyır"(trend).