XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

18 Mart 2015 - 13:31

“Heydər Əliyevlə ilk görüşüm Prezident Administrasiyasında olub”

bahar-muradova3.jpg

Müsahibimiz Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradovadır.
– Bahar xanım, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavinisiniz. Həmçinin gözəl ailə başçısı və gözəl anasınız. Hamısı bir arada çətin deyil ki?
– Mən çətinlikdən heç vaxt şikayət etməmişəm. Hətta çətin görüşlərdə, dialoqlarda özümü daha rahat hiss etmişəm. Bu, bir növ mənim bütün mənəvi, fiziki, elmi imkanlarımı qısa müddətdə səfərbərliyə alıb mövqe ortaya qoymağa şərait yaradır.
Hələ ki, öhdəsindən gəlirəm, gücüm çatır. çünki həm ailədə, həm təmsil olunduğum siyasi partiyada, həm də iş kollektivlərində məni əhatə edən insanlardan hər zaman dəstək və qayğı görmüşəm. çatışmazlıqlarım olubsa, onu aradan qaldırmağa kömək ediblər. Ona görə qətiyyətlə söyləyə bilərəm ki, bu vəzifələrin öhdəsindən gəlirəm.
Uşaqlıq illəri, məktəb həyatı, ali təhsil və nəhayət, siyasətçi… Həyat hekayənizin qısa süjet xəttini necə təqdim edərdiniz?
– Əlbəttə, hər kəsin özünəməxsus ömür yolu, fərqli bir həyat hekayəsi vardır. Uşaqlığım Qarabağda — Füzulidə, sadə bir zəhmətkeş ailəsində keçib. Maddi sıxıntılarımız olsa da, mənəvi cəhətdən çox zəngin bir mühitdə böyüyüb formalaşmışıq. Ağsaqqal nəsihəti, ağbirçək öyüdü qulaqlarımızdan əskik olmayıb. Halal-haramın nə olduğunu bizə lap kiçik yaşlarımızdan təlqin ediblər. Əsl insan olmağın yolunun yalnız zəhmətdən və təhsildən keçdiyinə heç zaman şübhə etməmişik. Valideynlərimizin bir-birinə, eləcə də övladlarına olan dərin sevgisi və xoş rəftarı şəraitində ailə dəyərlərinin müqəddəsliyinə dərindən inanmışıq.
Xurşud Banu Natəvan adına 3 saylı Füzuli şəhər orta məktəbində oxuduğum illərdə həyat, onun rəngləri hafizəmə və təsəvvürlərimə hopduğundan bu gün çox az fərqlənir. Mən yenə də insanlara, onların qeyri-adi imkanlarına və qəhrəmanlığına çox inanıram. Hətta bəziləri bu etimadımı doğrultmasalar belə.
15 yaşımda böyük şəhərə — Bakıya gəlişimlə uşaqlığıma, yeniyetməliyimə son qoyuldu. Müstəqil, lakin çox çətin bir mühit qarşıladı məni. Əvvəl texnikumda, daha sonra Bakı Dövlət Universitetində təhsil aldığım və işlədiyim illər həyatın bütün çətinliklərini, onun sərt üzünü gördüm. çox zaman ehtiyac məni sıxdı, ancaq sındıra bilmədi. Əksinə, daha çox bərkidim. Məni qane etməyən, eləcə də çoxlarını razı salmayan mühiti dəyişmək gücündə olan proseslərin mərkəzinə, hadisələrin ən qaynar yerinə çəkildim. İctimai-siyasi fəaliyyətə artan marağım 80-90-cı illərdə gedən proseslərə qatılmaqla, ən sonda Yeni Azərbaycan Partiyası sıralarına qoşulmağımla nəticələndi. Taleyimi ulu öndər Heydər Əliyev ideyaları əsasında Yeni Azərbaycan quruculuğuna bağlamaqla həyatımın ən doğru qərarını verdim. Bu gün artıq həyatımı siyasi proseslərdən kənarda təsəvvür edə bilmirəm.
– Bahar xanımı bir siyasətçi kimi yaxşı tanıyırıq. Bahar xanım ailədə necədir?
– Siyasətdə necə tanıyırsınızsa, ailədə də elədir. Proseslərdən baş çıxarmaq, rəqabətə davam gətirmək, siyasətdə qalmaq üçün ailənin dəstəyi lazımdır. Bilirsiniz, bir çox hallarda Azərbaycan qadınını cəmiyyətdə, karyera yüksəlişində geri çəkən əsas faktor ailənin mühafizəkarlığıdır. Bəzi hallarda qadınların irəliyə getmək istəyi və imkanı olsa da, ailə onu geriyə çəkir. Bu baxımdan mənim bəxtim gətirib. Gənc vaxtlarımdan atam, ailəm bu sahəyə gəlməyimə mane olmayıb, əksinə kömək ediblər. Ən azı qazandığım uğurlara görə seviniblər. Bu, insana stimul verir və onları daha da sevindirmək üçün daha çox çalışmaq istəyirsən. Qadının öz ailəsi, həyat yoldaşına gəlincə, onların da bu məsələdə çox böyük rolu var. Xüsusilə həyat yoldaşının rolu böyükdür. Qadının məşğul olduğu sahədə uğur qazanması üçün həyat yoldaşının dəstəyi çox böyük əhəmiyyət kəsb edir. Bu bir həqiqətdir ki, əksər hallarda qadının kişidən siyasi sahədə öndə olması, vəzifəcə üstün olması ailədə müəyyən diskamfort yaradır. Hətta ilk vaxtlar bunu arzulayan kişilər belə uzun müddət dözə bilmirlər, özlərini kompleksdə hiss edirlər, qadının daha çox fəallığının ailədə problem yaratdığını üzə vururlar və s.
Tanrıma şükür edirəm ki, Rafael müəllim kimi insanla rastlaşmışam. O, nəinki mənim siyasi fəaliyyətimə mane olmur, əksinə bütün işlərimdə dəstək verir. Hər addımda mənim yanımdadır, həm məsləhətləri ilə, həm də bəzi hallarda məni təəccübləndirəcək tövsiyələri ilə. O, fəal siyasətdə olmasa da, onun içərisindədir. özünün həyat təcrübəsi, mövqeyi var, YAP-ın sıralarına ilk vaxtlardan qoşulub, çalışdığı müəssisədə ilk ərazi partiya təşkilatı yaradıb. Amma sizə deyim ki, bu illər ərzində mən bir dəfə də olsun Rafael müəllimdən mənim məşğul olduğum sahənin ailəmizin vaxtını alması, bu sahənin qadın üçün çətin olması barədə heç bir irad eşitməmişəm. Bəzən hansısa fikirlərimdə çox irəli getdiyim hallarda belə onun dəstəyini görmüşəm. Bu mənada çox rahatam. Onu həyatımda böyük arxa-dayaq kimi görürəm. Və ona minnətdara
m ki, bu çətin və şərəfli yolda mənə həmişə dəstək olur, ruhlandırır. Uğurlarımın əksər hissəsini onunla birgə qazanmışam.
– Bahar xanım, xoşbəxtsiniz?
– Şəxsi müstəvidə götürsək, özümü xoşbəxt hiss edirəm. Amma, əlbəttə ki, bir siyasətçi, Milli Məclisin deputatı, vətəndaş, qarabağlı kimi torpaqlarımızın işğal altında olduğu bir şəraitdə xoşbəxtəm demək mümkün deyil. Hər zaman gözümüzün biri sevinəndə, digəri mütləq qəmlənir. El-obamı azad görmədən, rahatca əzizlərimin məzarını ziyarət etmədən, erməni təcavüzkarlarının son əsgərinin ərazilərimizi tərk etmədən xoşbəxtəm deməyə hər hansı siyasətçinin mənəvi haqqı yoxdur. O cümlədən də mənim.
– Ulu öndər Heydər Əliyevin tövsiyələrindən biri də qadınların və gənclərin dövlət vəzifələrinə irəli çəkilməsi olub. Siz də hər zaman qadın və gənclərə dəstək olmağa çalışırsınız. Amma iş karyerasında irəli getmək üçün ailəni ikinci plana salan xanımlar da var. Onlara nə tövsiyə edərdiniz?
– Mənə görə, ailə karyera qurmağa, irəli getməyə dəstək olur. Mənim təcrübəmdə belədir. Amma hamı haqqında eyni fikir söyləyə bilmərəm. Burada ən əsas məsələ yanaşmadır. Hər bir uğurlu qadın bilməlidir ki, cəmiyyətdə tutduğu mövqe üstünlüyünü ailədə hiss etdirməyəcəksə, ailə xanımı, ana, həyat yoldaşı kimi öz vəzifələrini maksimum yerinə yetirməyə səy göstərəcəksə ailə mütləq onun yanında olacaq və bir problem yaranmayacaq. Yəni bunlardan hər hansı birinə üstünlük verilməməlidir, iş və ailə məsələləri paralel şəkildə aparılmalıdır. Onda hər şey yerində olur. Xatirimdədir, Ulu öndər Heydər Əliyevlə ilk dəfə görüşüm Prezident Administrasiyasına işə qəbul edildiyim zaman olub. Bununla əlaqədar Ulu öndərimiz işlə bağlı tövsiyələrini verdi və daha sonra ailə qurub-qurmadığımı məndən soruşdu. Mən də ailə qurmamağımın səbəbi kimi ailəmin qaçqın düşməsi, ictimai-siyasi həyatda olmağımı, hətta nə qədər qəribə olsa da, YAP üzvü olmağımı göstərdim. Bu sözləri deyərkən, ulu öndər Heydər Əliyevin üzündəki istehzalı təbəssüm hələ də gözlərimin qarşısındadır. Ulu öndər mənə dedi ki, sən özünü böyük siyasətçi hesab edirsən ki, ailənə vaxtın qalmır? çalış ailə qur, öz ailən olsun». Ulu öndərimizin bu fikirləri məni silkələdi. Ondan sonra bu məsələyə başqa cür yanaşmağa başladım. Mən indi gənc qızları qınamıram. Kimsə ictimai-siyasi həyatda, elmdə nailiyyətlər əldə etmək istəyir. Buna çox yaxşı baxıram. Onlara tövsiyə edərdim ki, bunun ailəyə, yaxud da ailənin karyeraya mane olacağı düşüncəsini kənara qoysunlar. Əksinə, işlərini elə qurmağa çalışsınlar ki, ailə qursunlar və ailəsi, həyat yoldaşları da onların karyerlarına dəstək versinlər. Onda bu uğur daha tez, rahat əldə edilir, möhkəm olur, gələcək üçün stimul yaradır.
Bəzi hallarda uğur qazanmış, müəyyən mövqe tutmuş xanımlarla ailə qurmaq kişilərə çətin gəlir. Həmçinin belə qadınlara da öz vərdişlərini dəyişmək çətin olur, həddən artıq müstəqillik, özünəinam hissi bəzi hallarda ailə qurmada çətinlik yaradır. Bəzən onlar bu barədə məsləhətləri də qəbul etmək istəmirlər. çünki bu vərdişlərdən vaz keçmək formalaşmış şəxsiyyət üçün mümkün görünmür. Bu baxımdan ailənin və həyat yoldaşının dəstəyi ilə daha çox uğur qazanacağına inanaraq, buna çalışaraq hərəkət etmək lazımdır. Hesab edirəm ki, belə olan halda qadın həm ailədə, həm də cəmiyyətdə udur.
– Bahar xanım, siz Milli Məclisdə Füzuli rayonunu təmsil edirsiniz. Rayonun bir hissəsi işğal altındadır və məlum səbəblərdən əhalisi bir cox problemlərlə qarşılaşır. O cümlədən bu bölgədə qadınların problemləri var. Həmin məcburi köçkün qadınlara nə kömək etmisiniz və daha nələr etmək istərdiniz?
– Bu gün münaqişənin ağrısı, acısı hamının üzərinə düşür. Amma bunu daha çox hiss edən və bundan əziyyət çəkən də əlbəttə ki, daha çox qadınlardır. Füzulinin işğaldan azad olunan hissəsində 70 mindən çox insan geri qayıdıb. Ailələr öz həyatlarını nizama salmağa, normal məcraya yönəltməyə başlayıblar. Amma insanların daha çox hissəsi bu gün hələ də qaçqın-köçkün vəziyyətindədir.
Qaçqın düşən qadınların problemləri, xüsusilə məişət problemləri çoxdur. Sosial qayğılar, maddi çatışmazlıq, ailəsinə dəstək vermək, onları hər şeyin yaxşı olacağına inandırmaq qadınların çiyinlərindədir. Bütün bu çətinliklərin aradan qaldırılması üçün Azərbaycan Prezidentinin yeritdiyi siyasət var, bu siyasətin içərisində biz millət vəkilləri də öz yerimizi imkanlarımıza uyğun müəyyənləşdiririk. Maksimum çalırışıq ki, bu insanlara qarşı diqqətli olaq, problemlərinin həllinə kömək edək.
– Siz, həmçinin YAP İdarə Heyətinin üzvüsünüz. Partiyamızın cəmiyyətdəki yeri və rolu haqqında fikirlərinizi bilmək istərdik…
– ötən zaman ərzində vətəndaşların yüksək etimadını qazanan Yeni Azərbaycan Partiyası hazırda xalqın mütləq əksəriyyətinin dəstəyi ilə fəaliyyət göstərir. Partiyanın gücü yalnız onun sıralarında olan insanların sayı ilə ölçülmür. Yeni Azərbaycan Partiyasının gücü bu gün Azərbaycanın milli gücü, qüdrəti kimi xarakterizə edilir. Xalqımızın mütləq əksəriyyəti YAP-ın avanqard rolunu, onun təkamül yolu ilə ölkəmizi uğurdan-uğura apardığı
nı qəbul edir, bundan qürur duyaraq hər zaman ona dəstək verir. Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələri Yeni Azərbaycan Partiyasının sıralarında fəaliyyət göstərirlər.
Partiyamızın nümayəndələri ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın inkişaf yoluna sədaqət nümayiş etdirərək milli maraqlar ətrafında sıx birləşiblər. Təsadüfi deyil ki, Azərbaycan ictimaiyyətinin birmənalı şəkildə dəstəklədiyi Yeni Azərbaycan Partiyası indiyədək qatıldığı bütün seçkilərdə qələbə qazanıb. Bələdiyyə, parlament və prezident seçkilərinin nəticələri, bütövlükdə YAP-ın üstün nüfuzunu, xalqın bu partiyaya inamını göstərən başlıca amillərdəndir. Bu məqamda vurğulamaq istəyirəm ki, YAP seçkidən-seçkiyə yeni texnologiyalar və mexanizmlərlə gedir, dünyanın qabaqcıl seçki təcrübəsini Azərbaycana gətirməklə ölkəmizin öz təcrübəsini dünyaya təqdim edir.
– Martın 20-də, Bahar bayramında dünyaya gəlmisiniz. Bu bayram ərəfəsində özünüz-özünüzə nə arzu edərdiniz?
– Müəyyən adamlar bu bayram ərəfəsində öz evlərindən kənardadır, amma Novruzu qeyd etmək məqsədilə onların evlərinə dönməsində heç bir maneə yoxdur. Amma elə insanlar var ki, bu bayramı öz doğma evində və yurdunda qeyd etməkdən məhrumdur. Bundan məhrum olan insanlardan biri də mənəm. Arzu edərdim ki, bu bayramı öz evimdə keçirim. O günü yaxınlaşdırmaq üçün hamımız çalışmalıyıq və ölkə Prezidentinə dayaq olmalıyıq. Azərbaycanın müstəqil dövlət kimi daha da inkişafı, problemləri həll etməsi, hər bir vətəndaşın öz evində rifah içində yaşamaq imkanına yiyələnməsi üçün çalışmalıyıq. Əlbəttə ki, martın 20-i təbiətin oyandığı, insanların içində arzuların çiçəkləndiyi bir gündür. Arzu edirəm ki, bu günü hər bir vətəndaş şadlıq və sevinc hissi ilə qarşılaya bilsin. Həyatına yeniliklər gətirəcəyini düşünsün və inansın. İnandıqca, bu, belə olur. Novruz bayramı münasibətilə bütün xalqımızı, o cümlədən özümü təbrik edirəm. Qoy bu bahar bütün Azərbaycan xalqına xoşbəxtlik gətirsin. Onu əsl bayram əhval-ruhiyyəsində qeyd edək.
– Bahar xanım, qız övladınız var. Onun da siyasətçi olmasını istərdinizmi?
– Mən hər kəsin həyatda öz yerini özünün müəyyən etməsinə üstünlük verirəm. Şəxsən mənim təcrübəmdə belə olub. Bu yola çıxmağıma məni heç kim təşviq etməyib. Məni həyat gətirib buraya qədər. Hər zaman hadisələrin, ən ciddi proseslərin içərisində olmaq istəyim olub. Həmişə inanmışam ki, əgər özünü burada görürsənsə, bu axara özünü atırsansa ön sıralara çıxacaqsan. Əlbəttə ki, əgər buna gücün varsa və ruhdan düşməyəcəksənsə.
Mən təsəvvür etməzdim ki, bu səviyyəyə gəlib çıxacağam. Bəlkə hər bir mərhələ addım-addım keçildiyi üçün belədir. Haradan hara gəlmisən, kimlər dəstək verib, kimlər maneçilik törədib, geriyə baxanda bütün bunların hamısı insanın gözlərinin önündən keçir.
Bu gün qızım Nigarın cəmi 8 yaşı var. Amma onun çox nikbin, güclü olduğunu görürəm. Yalnız onu əhatə edən mühitə deyil, daha geniş aləmlərə can atmaq istəklərini gördükcə məndə belə qənaət yaranır. Məsələn, o, şəhərin küçələrində xarici dövlətlərin bayraqlarının asıldığını görəndə ölkəmizə hansı rəsmi qonağın gəldiyini soruşur. O, bunu dərk edirsə, deməli proseslərdən baş çıxarır. Deyirsə ki, mən mütləq cənab Prezidentlə görüşəcəm və gününün çox hissəsini bu arzu ilə keçirirsə və söyləyirsə ki, Prezident İlham Əliyev xalqla, Mehriban xanım Əliyeva Azərbaycan uşaqları ilə məşğuldur, bunun özü deməyə əsas verir ki, Nigar artıq indidən bu yola maraq göstərir. Bilmirəm, bəlkə də, ailədəki mühit buna vadar edir.
Mən onu siyasətçi olmağa yönəltmirəm. Sadəcə, onu əhatə edən mühitdə anlamadıqları məsələləri ona izah edirəm. Nəticəni özü çıxarır. Mənim uşaqlığımdan fərqli olaraq indi uşaqlar özlərinin anladıqları, istədiklərini götürürlər. Ona görə də, düşünürəm ki, Nigar mütləq ictimai-siyasi proseslərin içərisində olacaq. Kim olacaq, nəçi olacaq bunu gələcək göstərəcək. Bu günkü baxışları, verdiyi suallar, insanlarla ünsiyyətdə cəsarətli olması, istədiyi sualları verməsi mənə nəticə çıxarmağa əsas verir ki, o, ictimai-siyasi proseslərin içərisində olacaq.
“İki sahil” qəzeti