XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2016 - 15:36

“Budəfəki müharibə apreldəkinə bənzəməyəcək” –Qarabağla bağlı təhlükəli ssenari...

savash-1

Məlum olduğu kimi, ABŞ dövlət katibi Con Kerrinin “Dağlıq Qarabağ münaqişəsinin indiki mərhələdə həlli mümkün deyil” açıqlaması Azərbaycanda rəsmi səviyyədə sərt tənqid hədəfinə tuş gəlib.

Xatırladaq ki, oktyabrın 13-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da “Moskvanın Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həll olunacağı ilə bağlı böyük nikbinliyi yoxdur”, – deyə, Kerri kimi oxşar açıqlama verib.

Göründüyü kimi, Uşakovun bu açıqlaması da Kerrinin sözlərindən fərlqənmir. Bu isə o qənaət yaradıb ki, rəsmi Vaşinqtonla Moskvanın Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə həllinə ümidləri yoxdur.

Onu da qeyd edək ki, Prezident Ilham Əliyev isə Nazirlər Kabinetinin oktyabrın 7-dəki toplantısında Qarabağ münaqişəsi ilə bağlı belə bir cümlə işlədib: “Qapalı görüşlərdə bizi Qarabağı tanımağa məcbur etmək istəyirlər”.

Bu və ya digər məqamlarla bağlı Strateq.az-a açıqlama verən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Prezidentin bu cümləsi o demək deyil ki, həmsədrlər həqiqətən rəsmi Bakıdan Dağlıq Qarabağın “müstəqilliyi"nin tanınmasını tələb edirlər:

"Görünür, həmsədrlər qapalı danışıqlarda rəsmi Bakıdan bunu tələb edirlər ki, "siz Dağlıq Qarabağda referenduma razılaşmalısınız ki, bunun müqabilində torpaqlarınız azad olunsun. Ancaq elə bu ifadənin özünün də prezidentin dediyi kimi “müstəqilliyin” tanınması tələbindən fərqi yoxdur. Çünki referendumun nəticəsi əvvəlcədən bəllidir. Dağlıq Qarabağda əhalinin nisbəti ermənilərin xeyrinədir və onlar referendumda “müstəqilliyə” səs verəcəklər.

Rəsmi Bakı isə hazırki mərhələdə referendum təklifini qəbul etmir. Əsas tələb Dağlıq Qarabağ ətrafındakı rayonların qeyd-şərtsiz boşaldılmaısıdır. Ermənistan hakimiyyəti isə referendum qarantiyası almadan bu addımı atmaq istəmir".

Politoloqun sözlərinə görə, Amerika Birləşmiş Ştatları və Rusiya indiki şəraitdə Dağlıq Qarabağ münaqişəsini həll etməyəcəklər:

elxan-sahinoglu-esas

Elxan ŞAHİNOĞLU

"İki dövlətin Ukrayna və Suriyaya görə bir-birləri ilə münasibətləri gərgindir. Hətta iki dövlətin hərbi qüvvələrinin Suriyada üz-üzə gəlməsi təhlükəsi var. ABŞ hərbçiləri deyirlər ki, hərbi təyyarələrimiz Bəşər Əsəd ordusunun mövqelərini vura bilər, Rusiyalı hərbçilər isə buna cavab olaraq deyirlər ki, Amerika təyyarələri Əsəd ordusunu hədəf alsa Rusiya Suriyada yerləşdirdiyi C-300 raketləri ilə Amerika təyyarələni vuracaq. Belə şəraitdə ATƏT-in Minsk Qrupunun iki həmsədri olan ABŞ və Rusiyadan Qarabağ münaqişəsinin həlli məqsədilə ortaq fəaliyyət gözləmək problematikdir".

Ekspert deyir kii, Azərbaycan cəmiyyətinin bir hissəsində aprel döyüşlərindən sonra böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiq edəcəyi ümidi var idi:

"Ancaq Azərbaycan dövlət başçısının son açıqlaması bu ümidlərin özünü doğrultmadığını göstərir. Əskinə, rəsmi Bakıya təzyiq var. Ermənistana təzyiq yoxdursa, bununla böyük dövlətlər Cənubi Qafqazı böyük müharibəyə sürükləyirlər. Sözsz ki, belə bir durumda Rusiyanın Ermənistanı “İsgəndər” raketləri ilə təhciz etməsi, rəsmi Bakını narahat edir və buna uyğun addımlar atılır. Son günlər Azərbaycan ordusunda hərbi təlimlərin sayı xeyli artıb. Müxtəlif növ təlimlər və artileriya atəşləri həyata keçirilir. Bu da Ermənistanın “İsgəndər” raketlərinə yiyələnməsi ilə bağlıdır. Bundan başqa, Azərbaycan Ermənistan ordusunun “İsgəndər” raketlərini neytrallaşdırmaq üçün həm xaricdən müasir raket kompleksləri almağı planlaşdırır, həm də yerli hərbi-sənaye kompleksi raket komplekslərinin istehsalına başlayır".

Ekspert müdafiə naziri Zakir Həsənovun son açıqlamalarına da diqqəti çəkib:

"Zakir Həsənov Azərbaycanın Ermənistanın “İsgəndər” raketlərini məhv edəcək müasir silahları olduğunu bildirdi. Yəni bu bir növ Azərbaycan cəmiyyətinə mesaj idi ki, Azərbaycan ordusunun əlində “İsgəndər” raketlərindən də güclü silahı var. Bu həm də Ermənistan cəmiyyətinə mesajdır. Beləliklə, bölgədə silahlanmanın miqyası getdikcə genişlənir. Bununla növbəti hərbi qarşıdurmanın qarşısını almaq çətin olacaq. “Biz müharibə istəmirik” ifadəsini hamı işlədir, ancaq bunun baş verməməsi üçün münbit zəmin yoxdur.

Cəbhə bölgəsində gərginlik getdikcə artır. Budəfəki müharibə apreldəkinə bənzəməyəcək. Növbəti müharibə lokal deyil, total xarakter daşıya bilər. Total müharibə yalnız Dağlıq Qarabağ və ətraf rayonlarda cərəyan etməyəcək, müharibə Ermənistanla Azərbaycanın digər bütün ərazilərini əhatə edə bilər.

Əlbəttə, bu halda Naxçıvan üzərində də müəyyən təhlükə yaranacaq. Belə olarsa Naxçıvanın təhlükəsizlik qarantörü kimi prosesə Türkiyə də qoşulmaq məcburiyyətində qalacaq. Rusiya Ermənistanı müdafiə etsə belə, Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə ediləcəksə, bu cavabsız qalmayacaq, Azərbaycan da Ermənistan ərazisindəki obyektləri vuracaq. Bu andan başlayaraq Rusiya ilə Türkiyə arasındakı münasibətlər yenidən gərginləşəcək".

Elxan Şahinoğlu sonda bildirib ki, bu vəziyyət bölgə üçün fəlakət ssenarisidir:

"Bu fəlakətin qarşısını almaq üçün münaqişənin həllinə başlanılmalıdır. Ancaq bu yoxdursa, dəhşətli ssenarinin reallaşması ehtimalı getdikcə artacaq".

F.ƏHMƏD