XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 March 2015 - 18:09

Nazir Ramil Usubov Avstriya səfiriylə görüşdü

ramil-usubov.jpg

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Avstriyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aksel Vexi qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən strateq.az-a verilən məlumata görə, nazir bu təyinat münasibətilə qonağı təbrik edib, fəaliyyəti müddətində Azərbaycan-Avstriya münasibətlərinin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Nazir Ramil Usubov ölkəmizin Avropaya inteqrasiya etdiyini, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul edildiyini, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların, o cümlədən avstriyalı mütəxəssislərin böyük rolu olduğunu, bu qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Azərbaycan-Avstriya münasibətləri barədə danışan nazir iki ölkənin daxili işlər nazirlikləri arasında sıx işgüzar əlaqələrin mövcudluğunu, bu əməkdaşlığın beynəlxalq hüquqi sənədlər əsasında həyata keçirildiyini xatırladıb. Avstriya Daxili İşlər Nazirliyinin Avropa ölkələrinin polis təşkilatları arasında ölkəmizin analoji qurumu ilə ikitərəfli əlaqələr quran ilk orqan olduğunu diqqətə çatdıran R. Usubov polis təlimi və ixtisasartırma sahəsində iki mühüm sənədin imzalandığını, qarşılıqlı səfərlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini, son 3 ildə Avstriyada keçirilən elmi-praktik konfranslarda, seminarlarda və treninqlərdə 700-ə yaxın Azərbaycan polis əməkdaşlarının iştirakını xüsusi qeyd edib. Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyanın diqqət mərkəzində dayandığı və belə qlobal xarakterli təhlükəli hallarla effektiv mübarizədə səylərin birləşdirilməsinin zəruriliyi vurğulanıb.

Səfir A. Vex isə səmimi qəbula və ətraflı məlumata, bu yaxınlarda respublikamızda səfərdə olmuş Avstriya DİN-in nümayəndə heyətinə göstərilən diqqətə və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, hüquq-mühafizə fəaliyyəti sahəsində təcrübə və məlumat mübadiləsinin əhəmiyyətini, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.