“Dabıqın geri alınması İŞİD üzərində qazanılmış böyük uğurdur”.
Strateq.az xəbər verir ki, bu təntənəli açıqlamanı Səudiyyə Ərəbistanının Xarici Nazirliyi yayıb.
Krallığın rəsmi xəbər agentliyi SPA-ya açıqlama verən bir nazirlik nümayəndəsi Suriyanın şimalında yerləşən kəndin işğaldan azad olunmasını məmnuniyyətlə qarşıladıqlarını bildirib.
Maraqlıdır ki, indiyə qədər İŞİD həm İraqda, həm Suriyada mühüm strateji əhəmiyyət kəsb edən Fellucə, Tikrit, Cerablus, Çobanbəy kimi xeyli böyük yaşayış məntəqələrini itirib. Amma rəsmi Riyad heç vaxt məmnuniyyətini açıq şəkildə ifadə edən bu cür açıqlamalar verməyib. Orta böyüklüyündə bir kəndə xüsusi diqqət ayrılması bu mənada təəccüblü görünür.
Riyadın “bu qələbəni İŞİD-ə qarşı qazanılmış böyük uğur” saymasını bir çox ekspertlər tərəfindən Dabıqın adının bir çox hədislərdə keçməsiylə əlaqələndirilir. Ötən yazılarımızda qeyd etdiyimiz kimi, səhabə Əbu Hüreyrəyə istinad edilən hədisə görə, qiyamətin əsas əlamətlərindən biri Dabıq kəndində rumlarla İslam ordusunun müharibəsidir. Hədisdə döyüş zamanı İslam ordusunun 3/1-nin vəlvələyə düşərək qaçacağı, 3/1-nin qətlə yetiriləcəyi, 3/1-nin isə qalib gələcəyi və İstanbulu alacağı bildirilir. İŞİD bu hədisdən özünün haqq yolda olduğunu əsaslandırmaq üçün istifadə edir və mübarizəsinə haqq donu geyindirirdi.
Bir müddət əvvəl Türk ordusu çox əziyyət çəkmədən həmin kəndi İŞİD-dən qurtardı. Beləcə, “xilafətçilərin” müqəddəslik niqabları yırtıldı. Görünür, Səudiyyə krallığı da bu ideoloji çoküşü İŞİD-in ən ciddi itkisi, Türkiyənin isə ən böyük uğuru hesab edirmiş.
Hədisdə rumlara qarşı döyüşən İslam ordusunun Mədinədən gələcəyi də ifadə edilirdi. “Xilafətçilərin” həm maddi, həm də mənəvi cəhətdən Mədinənin yerləşdiyi Səudiyyə krallığından qidalandığı isə sirr deyil. Mümkündür ki, rəsmi Riyad öz üzərində yaradılan bu şübhə dumanını yox etmək üçün Dabıqla bağlı dərhal məmnuniyyət bəyanatını vermək məcburiyyətində qalıb.
O da mümkündür ki, krallığın özü də Əbu Hüreyrəyə istinad edilən hədisin səhihliyinə inanırmış. Uzağı, 500-600 nəfərlik İŞİD-çinin Türk ordusu qarşından əl-Baba qaçması hədisin qeyri-səhihliyini təsdiqlədiyindən krallıq, doğrudan da, sevinib və məmnuniyyətini açıq şəkildə dilə gətirib.
Halbuki, məlum hədisin rəvayətçisi olan Əbu-Hüreyrə bir çox dini qaynaqlarda səhih olmayan qaynaq kimi qəbul edilir. Hətta 2-cü xəlifə Omərin hədis danışmağı ona qadağan etməsi barədə təkzibolunmaz faktlar var. Özünün etiraflarına görə, "nəql etdiyi hədisləri Ömər zamanında söyləsəydi, xəlifə dəyənəyi ilə onu döyərdi" (Əz-Zəhəbi, "Təzkirətul Hüffaz"). Məlum hədisin də yer aldığı və Əbu Hüreyrədən yüzlərlə rəvayətlərin toplandığı "Səhihi-Müslim"də belə, bənzər etiraflar yer alıb: "Ömər ölənə qədər 'Allahın Elçisi buyurdu' deyə bilməzdim" (Müslim, 1. cild).
Əleyhinə bu qədər dəlillərin olmasına baxmayaraq və rasionalist düşüncə baxımından, 500-600 yüngül silahlı ilə İstanbulun alınmasının mümkünsüzlüyü ortadaykən, Səudiyyə krallığının bir kəndin azad olunmasına bu qədər sevinməsi, doğrudan da, təəccüb doğurur.
Heydər
Strateq.az