Türkiyə ordusunun bir neçə ildir xüsusi təlim keçdiyi İraq Kürd Muxtar Vilayətinə bağlı olan peşmərgələr bu gün İŞİD-ə daha bir ağır zərbə vurub.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, peşmərgələr Başikanın bir hissəsinə nəzarət edən İŞİD terrorçuları ilə açıq savaşa girərək, onları məğlub edib:
"Bir neçə saat əvvəl Başika tam olaraq peşmərgənin nəzarəti altına keçdi. Hazırda bölgədə İŞİD-ə qarşı əməliyyat bütün gücü ilə davam edir".
Xatırladaq ki, Başikada Türkiyənin hərbi bazası var. Orada yerləşən bazada 1300-dək türk hərbçisi peşmərgələrə təlim keçirlər.
İraq mərkəzi hökuməti isə israrla bu bazanın və türklərin Başikadan çıxarmasını tələb edir. Lakin Türkiyə həm İŞİD-lə mübarizə, həm də bölgədə məzhəb qarşıdurmasının əsas gətirib, İraqın bu tələbini rədd edib.
Strateq.az xəbər verir ki, dünən axşam baş nazir Binəli Yıldırım bir daha Başikadan çıxmayacaqlarını, gərəkirsə, İraqda da Suriyada olduğu kimi, birbaşa yerüstü əməliyyatlara başlayacaqlarını bəyan edib: "Bizim məqsədimiz bölgəni terrordan təmizləmək və təhlükəsizlik zolağı təmin etməkdir. Gərəkirsə, həm bu, həm də məzhəb savaşını əngəlləmək üçün birbaşa əməliyyata da başlayacağıq. Kimsə bizə bu məsələlərdə mane ola bilməz".