XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Oktyabr 2016 - 13:35

Bağdadi aradan çıxıb:Baş terrorçunun Raqqaya qaçdığı iddia olunur

bagdadi

 

İŞİD lideri Əbubəkr Bağdadi Mosuldan qaçıb.

Strateq.az xəbər verir ki, bu məlumatı kürd kəşfiyyat orqanları yayıb.

Kəşfiyyat məlumatlarına görə, Bağdadi axırıncı dəfə 19 oktyabrda Mosulda gözə dəyib. Həmin gün onun İŞİD-in Suriyadakı “paytaxtı”na- Raqqaya qaçdığı güman olunur. 

 Mosul əməliyyatının 17 oktyabrda başladığını nəzərə alsaq, Əbubəkr Bağdadinin əməliyyatın ikinci günündə aradan çıxdığı məlum olur. Dörd tərəfdən mühasirə altında olan Mosuldan bu qədər mühüm adamın necə qaçdığı böyük müəmma olaraq qalır.

Kəşfiyyat məlumatlarından o da aydın olur ki, Mosuldan qaçan təkcə Bağdadi də deyil. İŞİD silahlılarının böyük hissəsi Bağdadinin yoluyla gedib. Əməliyyatdan əvvəl şəhərdə 20 minə qədər “xilafət” döyüşçüsü vardısa, kəşfiyyat məlumatlarına görə, bu say hazırda 4-8 minə düşüb. Bu məlumatı kifayət qədər ciddi rəsmi şəxs-Şimali İraq kürd muxtariyyətinin Daxili İşlər naziri Kərim Şengali yayıb.

 Belə çıxır ki, Mosulun mühasirəyə alan qüvvələrdən biri İŞİD-ə “işləyir”. Mosulun İŞİD liderləri tərəfindən bu şəkildə boşaldılması ciddi təxribata hazırlaşa biləcəyi ehtimalına yol açır. Zənnimizcə, bu, İraqın "Nuh tufanı"na səbəb olacaq Mosul su anbarının partladılmasına hazırlıq məhrələsi də ola bilər.

Bir müddət əvvəl rus ordusunun Baş Qərargah rəisi general Valeri Gerasimov da İŞİD-çilərin Mosuldan qaçması ehtimala eyham vuran açıqlama ilə çıxış etmişdi. O, "Əməliyyata qatılan koalisiya ortaqlarının İŞİD-in bölgədə sərbəst dolaşmasının nələrə səbəb olacağınının fərqində olduqlarına ümid edirik. Terrorçular bir ölkədən başqa bir ölkəyə keçməməli, olduqları yerdə məhv edilməlidirlər” deyərək, sanki yaşanmış hansısa hadisəyə işarə etmişdi.

Maraqlıdır ki, Gerasimov bu sözləri ayın 19-da dilə gətirmişdi. Kəşfiyyat məlumatları da Bağdadinin elə həmin gün Mosuldan qaçdığını təsdiqləyir.

Heydər Oğuz

Strateq.az