XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Noyabr 2016 - 11:00

Azərbaycanın 60 minlik qoşunla Moskva və Qərbə açıq mesajı –Politoloqdan şərh

esger-azerbaycan

Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib ki, Azərbaycan Dağlıq Qarabağın separatçı liderləri ilə danışıqlara “hansısa sonrakı mərhələdə deyil, məhz indi başlamalıdır”.

Eyni gündə başqaları da bu mövzunu gündəmə gətiriblər.

Məsələn, vaxtilə hakimiyyətdə təmsil olunan Demokrat Partiyanın lideri Aram Sərkisyan da eyni sözləri deyib.

Strateq.az xəbər verir ki, bu və ya digər məqamlarla aydınlıq gətirən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistan hakimiyyəti bu tələbi qoymaqla, yeni hiyləyə əl atıb:

"Görünür, İrəvanda qapalı şəkildə yüksək səviyyədə toplantı keçirilib, müharibə təhlükəsinin qarşısının alınması yolları haqqında müzakirə açıblar və yeganə “ağıllarına” gələn “danışıqlarda Dağlıq Qarabağ da iştirak etsin” fikri olub".

Elxan Şahinoğlunun sözlərinə görə, bununla İrəvan iki məqsəd güdür:

"Birinci məqsəd odur ki, guya İrəvan Dağlıq Qarabağın əvəzinə qərar verə bilməz, hətta onlar hipotetik olaraq danışıqlar prosesində Bakı ilə nəyəsə razılaşsalar, Xankəndinin “yox” cavabı həlledici olacaq. Bununla İrəvan Dağlıq Qarabağdakı separatçıları özünün əlaltısı yox, müstəqil oyunçu kimi bizə və beynəlxalq aləmə sırımaq istəyir.

İrəvanın ikinci məqsədi elə həmin beynəlxalq vasitəçilərlə həmrəylik nümayiş etdirməkdir. Çünki, təəssüf ki, həmsədrlər, özəlliklə də rusiyalı həmsədr tez-tez “danışıqlar prosesinə Xankəndinin də qoşulmasına ehtiyac var” deyir".

Ekspertin sözlərinə görə, Ermənistan hakimiyyəti anlayır ki, növbəti hərbi toqquşma qaçılmazdır:

"Azərbaycan ordusu bəlkə də tarixinin ən böyük hərbi təlimlərinə hazırlaşır. 60 minlik qoşunla hərbi təlimlər həm İrəvana, həm onun dəstəkçisi Moskvaya, həm də Qərbə ciddi mesaj olmalıdır. Mesajı belə oxumaq lazımdır: “Sizin başınız İraq və Suriyaya qarışıb, ancaq Cənubi Qafqazda da müharibə təhlükəsi realdır. Ya bunun qarşısını almaq üçün Ermənistan hakimiyyətinə təzyiq edib danışıqlar yolu ilə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirməlisiniz, ya da toqquşma qaçılmazdır”.