XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

09 Noyabr 2016 - 22:28

ABŞ-da populistin zəfəri:Tramp siyasətə nə gətirəcək? - Təhlil

trm_gr3_f

Donald Trampın 45-ci ABŞ prezidenti seçilməsi qlobal miqyasda son illərin ən böyük sürprizi oldu. Olan olub və indi hamı “Tramp necə seçildi?”,  “45-ci ABŞ prezidenti nələri edəcək, nələri dəyişəcək?” suallarına cavab axtarır. 

Donald Trampın  seçilməsi gözlənilməz olsa da,  onun  qələbəsi son illər Qərb ölkələrindən də yan keçməyən  bir tendensiyanın təzahürü kimi də qiymətləndirilə bilər.  Söhbət son zamanlar populist  liderlərin uğur qazanma faktından gedir. 

2002-ci ildə Türkiyədə siyasi isteblişmentdən kənar fiqur kimi, Ərdoğan qalib gəldi və artıq 14 ildir ki, iqtidardadır. 

Populist, isteblişmentə müxalif lider kimi 2015-ci yanvar ayında Aleksis Tsipras Yunanıstanda baş nazir seçildi.

2014-cü ildə Macarıstanda avtoritar idarəetmə tərzinə görə Avropa İttifaqında “Viktator” adlandırılan baş nazir Viktor Orbanın partiyası yenə birinci oldu.

Bu il iyun ayında Avstriyada Avstriya Azadlıq Partiyasının lideri Norbert Hofer 49% səs alaraq, bütün qitəni şoka saldı.

Finlandiya, Macarıstan, Latviya, Litva, Norveç, İsveçrədə sağ partiyalar hakimiyyətə gələ bildilər.

Populistlərin hakimiyyətə gələ bilmədiyi ölkələrdə də onlar ciddi uğurlara imza atdılar: Britaniyada UKİP, Fransada Mari Li Peninin “Milli Cəbhəsi”, Almaniyda “Almaniya üçün alternativ (AfD)” hərəkatı rekord  səviyyədə rəğbət qazandı…

Britaniyanın Avropa İttifaqından ayrılması ilə bağlı keçirilən referendumun nəticələri  ("Brexit") də sağçı ideoloji  dəyərləri önə çəkənlərin zəfəri oldu.  Britaniyada da, faktiki olaraq, populistlər qalib gəldi.

Politoloqlar və sosiloqlar qeyd edirlər ki,  son illər seçicilər sadə, asan və tez həyata keçirilə bilən qərarlar vəd edən siyasi qüvvələr və liderləri dəstəkləməyə daha çox üstünlük verirlər. Bu qüvvələr və liderlər, adətən, sakit, standart vəziyyətlərdə laqeyd qalan və susmağa üstünlük verən seçicilər tərəfindən dəstəklənirlər.

Eyni zamanda  millətçi, mühafizəkar ənənələrə üstünlük verən kəsim də bu liderləri müdafiə edir.

ABŞ-da  Tramp da məhz  belə seçildi. 

“Kommersant” qəzetinin şərhçisi  Sergey Strokanovun qeyd etdiyi kimi, Donaldın ən böyük uğuru onun “Lazımi anda, lazım olan yerdə olması" oldu.  

Vaxtilə  daşınmaz əmlak bazarında intuisiyası ilə uğur qazanan Tramp bu dəfə siyasətdə, eynilə amerikalıların dəyişikliklərə olan tələbatını  hamıdan yaxşı duyduğunu sübut etdi.  ABŞ seçiciləri ilk dəfə olaraq  bir gün də olsun seçkili vəzifə tutmayan milyarderə səs verdilər.  ABŞ seçiciləri inandılar ki, Tramp dəyişikliklər etməyə qadirdir. 

Tramp isə bütün ekstravaqant davranışı ilə buna qadir olduğunu nümayiş etdirməyə çalışdı və o da seçiciləri inandırdı.

Gözləmək olar ki, Tramp dövlət xərclərinin azalması, daha sərt miqrasiya tənzimlənməsi, sosial proqramların məhdudlaşması, biznesin, lobbist qrupların siyasətə təsir imkanlarının azalması, daxili istehsala daha çox dəstək verilməsi istiqamətində təsirli addımlar atılmasına təşəbbüs göstərəcək.

 

ABŞ-ın xarici siyasətində hansı dəyişikliklər gözlənilir?

 

Trampın ABŞ prezidenti seçilməsi  ABŞ-ın xarici siyasətində də əhəmiyyətli dəyişikliklərə səbəb olacaq. Ola bilsin ki, bu, tədricən baş verəcək, amma ABŞ xarici siyasətində dəyişikliklər qaçılmazdır.

Oturuşmuş sistemlərdə belə, liderin şəxsiyyəti, baxışları böyük rol oynayır. 

Digər tərəfdən, ABŞ isteblişmenti Trampın qələbəsində təzahür edən ölkədaxili siyasi rəyi qulaqardına vura bilməz. ABŞ seçiciləri isə Ağ Evə bir daha uca səslə dəyişikliklər istədiklərini bəyan etdilər. Ümumiyyətlə, Tramp haqqında fikir yürüdəndə, hamı daha çox “dəyişiklik” sözünü işlədir. Bu baxımdan, ABŞ xarici siyasətində də yaxın 4 il ərzində dəyişikliklər  gözləməyə dəyər.       

Trampın seçkiqabağı kampaniya zamanı söylədiklərini xatırlasaq, ehtimal etmək olar ki, Vaşinqton bundan sonra öz tərəfdaşlarını  daha çox məsuliyyət götürməyə dəvət edəcək. ABŞ-Çin rəqabəti daha da güclənə bilər. Avropa İttifaqı  xarici siyasət məsələlərinə daha çox diqqət yetirməli və risklərin önlənməsində ABŞ-a daha çox yardım etməli olacaq.

Ən diqqət çəkən məsələlərdən biri Tramp prezident seçildikdən sonra  ABŞ-Rusiya münasibətlərinin hanası formada və məzmunda olacağıdır.  Ehtimal etmək olar ki,  Moskva özü ABŞ-la yaxınlaşmağa maraq göstərəcək. Trampın seçilməsi Putin üçün ABŞ-la “dil tapmaq”da yeni şans yaradır.  Trampın qarşılıqlı güzəştlərsiz Rusiyaya əl uzadacağısa inandırıcı deyil.  

ABŞ-ın Yaxın Şərq siyasətində isə tezliklə əhəmiyyətli dəyişiklik gözləmək sadəlövhlük olardı. Bununla belə, burada da ciddi korrektələr gözləmək olar. İŞİD və terrorçulara qarşı daha sərt addımların şahidi ola bilərik. Eyni zamanda Tramp Suriyada Putinlə qarşılıqlı güzəştlərə daha asan gedə bilər. Amma regionda Rusiyanın təsrini artıracaq qərarlar veriləcəyi ağılabatan deyil.

Tramp daha çox Çini hədəf kimi göstərib və bu baxımdan Rusiyanın güzəştləri müqabilində Pekinlə rəqabətin daha gücləndirilməsi üçün Moskva ilə kompomislər mümkündür. Amma burada əsas şərt Putinin güzəştləridir. Əks halda ABŞ-Rusiya münasibətləri daha da kəskinləşə bilər.

Unutmaq  lazım deyil ki, Tramp ABŞ-ın keçmiş prezidenti Kulidjin irəli sürdüyü “əsil amerikalının əsas işi biznesdir” prinsipini tam mənimsəmiş  insandır.  Biznesdə isə əsas mənfəətdir…

 

Zaur İbrahimli

Strateq.az