XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2016 - 20:28

Rusiya İsraillə savaş ərəfəsindədir –İsrail nəşrindən təlaşlı proqnoz

israil-ordu-tankk

İsrailin “Mako” nəşri Suriyadakı vəziyyəti təhlil edərək sensasiyalı nəticəyə gəlib: "Gec-tez Rusiya və İsrail arasında hərbi toqquşma baş verəcək".

Strateq.az xəbər verir ki, bu öncəgörmə təkcə Yaxın Şərqdəki mövcud hərbi-siyasi duruma əsaslanmır.

“Mako” nəşri həm də yüksək rütbəli hərbçilərin açıqlama və şərhlərinin təhlilinə söykənir: 

“SAXAL (İsrail ordusu – M.R.) təlaş içindədir. Heç kim bunu açıq-aşkar demir, lakin bağlı qapılar arxasındakı söhbətlərdə İsrail Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Donanmasının yüksək rütbəli zabitləri deyirlər ki, Rusiyanın yaxın Şərqdəki hazırkı hərbi qüdrəti onları çox narahat edir: 

“Belə olacağını əsla bilmirdik. Rusiya silahının kəmiyyəti və keyfiyyəti bizi mat qoyub. Rusiya qoşunlarının varlığı İsrail aviasiyası və donanmasına – iki strateji qoşun növünə böyük təsir göstərib”.

İsrailin yaxınlığında “Admiral Kuznetsov” aviadaşıyıcı kreyserindən tutmuş hava hücumundan müdafiə qurğularınadək silahlar, habelə radioelektron mübarizə və kəşfiyyat kompleksləri, nəşrin fikrincə, xüsusilə narahatlıq doğurur.

Sadalananlara əsaslanan məqalə müəllifi Rusiya və İsrail arasında hərbi toqquşmanı labüd sayır.

“Mako” qeyd edir: “Bölgə səmasının S-300 və S-400 ilə nəzarətə alınması İsrailin əl-qolunu bağlayır… İsrail HHQ-nin nümayəndələri deyir ki, Rusiya düşmən deyil. Lakin biz ruslarla toqquşmalardan çəkinirik. Onlar da eyni cür davranır”.

Yarana biləcək problemin siyasi tərəfi də “Mako”nun fikrincə qəlizdir: “Biz Rusiya ilə əməkdaşlığa can atırıq, o isə İranla iş birliyindədir və Bəşər Əsədi dəstəkləyir”.

Qeyd edək “Mako”dakı sensasiyalı məqalədən bir gün sonra digər İsrail nəşri “Israel Defense” (“İsrailin müdafiəsi”) məsələyə becid müdaxilə edib.

Bu nəşr “Mako”nu yaratdığı təlaşa su səpməyə çalışıb: “İsraildən istifadə edə biləcəyi halda, Putin İsraillə niyə vuruşsun ki?”.

M.Rzasoy