XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 November 2016 - 14:01

Sabiq nazir Əli Abbasov 7 milyon manat ziyan ödəyib- Vəkildən şok iddia

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov vəsatətlərlə çıxış edib. O, çıxışında Vidadi Zeynalov barəsində olan həbs-qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz edilməsini istəyib.
 
Vidadi Zeynalovun digər vəkili Bəylər Məmişov isə vəsatətində sabiq nazir Əli Abbasov və onun müavini olmuş İltimas Məmmədovun şahid qismində dindirilməsini istəyib: "Onlar əlavə şahid kimi yox, birbaşa şahiddirlər. İstintaq dövründə şahid qismində dindirilsə də, iş məhkəməyə gələn zaman şahidlər siyahısına salınmayıb. Onların ifadəsi çox önəmlidir. Sizə siyahı təqdim edirəm, başda Əli Abbasov olmaqla həmin şəxslərin prosesdə şahid qismində dindirilməsini təmin etməyinizi xahiş edirəm. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, Əli Abbasov tərəfindən rəhbəri olduğu nazirlikdə törədilmiş qanunsuzluqlarla əlaqədar vurulmuş ziyan üzrə 3 milyon 800 min manat, 600 min avro, 1 milyon 200 min dollar olmaqla, 30.09.2016- cı ilin məzənnəsi ilə 6 milyon 836 min 540 min manat ödəniş aparılıb".
 
Bəylər Məmişov və Ceyhun Yusifov digər vəsatətlərində Vidadi Zeynalovun əmlaklarına həbs qoyulması məsələsinə toxunublar. Bildiriblər ki, ittihamda Vidadi Zeynalovun  2009-2016-ci illərdə bu cinayətləri törətdiyi vurğulanıb. "Baxın, Vidadi Zeynalovun atasının dünyaya gəldiyi evə həbs qoyulub. Həmin ev 1942-ci ildə alınıb. Digər bir misal. Onun oğlu İqtisadiyyat Universitetində çalışır. İnstitutun müəllimləri üçün nəzərdə tutulan bina tikilib. Həmin binadan Vidadi müəllimin oğluna ev verilib, məhz əmək fəalliyəti ilə bağlı. Həmin evə də həbs qoyulub. Həbs qoyulan evlərin çoxu 2000-2005 ci illərdə alınıb. İttiham isə 2009-cu ildən başlayır. Məhkəmədən xahiş edirik ki, Vidadi Zeynalova məxsus 67 daşınmaz əmlakın üzərinə qoyulan həbs götürülsün".
 
Təqsirləndirilən digər şəxslərin  vəkilləri də müdadiə etdikləri şəxslər barəsində olan həbs-qətimkan tədbirinin dəyişdirilməsini ev dustaqlığı ilə əvəz olunması istəyiblər.

Anar Mustafayevin və Namazalı Məmmədovun vəkilləri cinayət cinayət işinin geri qaytarılmasını istəyib. Təqsirləndirilən şəxslər də vəkillərinin vəsatətlərinin təmin edilməsini istəyib.

Proses nahar fasiləsindən sonra davam edəcək.