XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2016 - 00:47

Qaz və işığın qiymətinin qaldırılmasına ehtiyac vardımı? –Ekspertlərdən şərh

kommunal

Ölkədə gözlənilən yeni bahalaşma dalğası artıq baş verməkdədir.  

Tarif Şurası bəzi kommunal xidmətləri bahalaşdırdı, bu dəfə nəinki ərzaq məhsulların, nəqliyyat xərclərinin artması gözlənilir. Ekspertlər isə kommunal xidmətlərin bahalaşması üçün zəmin olmadığını bildirirlər. 

Strateq.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında hələ məlum bahalaşma qərarı verilməmişdən öncə bildirmişdi ki, qiymət artımına dair gözləntilər və bəzi ipucları var: 

“Son aylar Azərbaycanda əhaliyə satılan qazın çox ucuz olduğu haqqında SOCAR rəhbərliyi tərəfindən fikirlər səsləndirilirdi. Bundan başqa, “Azəristilik” Səhmdar Cəmiyyəti Tarif Şurasının qiymət tənzimlənməsindən çıxarılıb. Deməli, qiymətləri qurum özü tənzimləyəcək və özü qiymət qoyacaq. Bu da məntiqsiz bir qərardır. Çünki Tarif Şurasının məqsədi ölkədə təbii inhisarların qiymətinə nəzarət etməkdir.

“Azəristilik” isə Azərbaycanda təbii inhisarçıdır. Bazarda başqa rəqibi yoxdur.  Qiymətin müəssisənin özünə həvalə olunması doğru yanaşma deyil, deməli, istiliyin də qiymətinin qaldırılması ehtimalı var. Nəqliyyat xərclərində də artım olması gözlənilir. Metroda və digər sərnişin daşınmasında dəfələrlə bu cür ehtimallar səslənib. Metroda gedişhaqqı xərcinin yüksək olduğu haqqında rəsmi məlumatlar və bəyanatlar olub, bu da bir işarədir ki, ictimai nəqliyyatda və metroda qiymət artımı olacaq”.

Ekspertin sözlərinə görə, maaş və pensiya artımına gəldikdə isə hələlik gözlənti ondan ibarətdir ki, rəsmi inflyasiya səviyyəsində artım olacaq: “Yanvarda inflyasiya qədər, təxminən 11-12 faiz civarında indeksləşdirmə olacaq. Pensiyanın baza hissəsinə və büdcədən maliyyələşən, maaş alan insanların maaşlarına bu qədər kompensasiya olunması gözlənilir. Bu da qanunun tələbidir. Bundan başqa, təqdim olunan büdcə layihəsində maaş və təqaüd artımı görünmür. Bu da təqaüdçülərə əlavə 8-10 manat civarında artım deməkdir”. 

Ekspertlərin fikrincə, Azərbaycan hökuməti çalışacaq ki, ən çox hansı sahələrdən büdcənin doldurulması üçün müəyyən dərəcədə istifadə etmək olarsa, o sahədə qiymətləri qaldırsın. O cümlədən də son zamanlar rəsmi mətbuatın, televiziyalarda gedən verilişlərin ritorikası onu deməyə əsas verir ki, əhalidə Azərbaycanda qazın daha ucuz olduğu fikri formalaşdırılmağa çalışılır. 

N.Cəfərli qeyd edir ki, qiymət artımı üçün iqtisadi əsas yoxdur: 

“Əslində, ona qalsa, Azərbaycanda uzun illərdir ki, bp tərəfindən səmt qazının havayı verilməsini müşahidə edirik. 1994-cü ildə “Əsrin müqaviləsi” bağlanarkən qazın qiyməti çox ucuz idi, bir kubmetr cəmi 8-9 dollar idi. O zaman bp neftlə birgə çıxan səmt qazının Azərbaycana pulsuz verilməsi haqqında müqaviləyə bənd saldı. Bu da təqribən ildə 3,5 milyard kubmetr əlavə qaz deməkdir. Bunu və Azərbaycanda əhalinin istehlakını da nəzərə alsaq, ölkənin istehlak etdiyi qazın yarıdan çoxunu bp havayı verir. Amma ölkədə onsuz da qazı kifayət qədər yüksək qiymətə satırlar. Keçən illərdə də qiymət artmışdı. Bu nöqteyi-nəzərdən, Azərbaycanda qazın qiymətinin qalxmasının iqtisadi əsası yoxdur. Amma düşünürəm ki, ölkənin ağır vəziyyətini, büdcədə yaranan problemləri nəzərə alaraq, təbii inhisarçılarda qiymət artımının zaman-zaman baş verəcəyini görəcəyik”.

Ekspert Qubad İbadoğlu isə metroda gediş haqqının arta biləcəyi ilə bağlı ehtimallarını arqumentləşdirib:

“Növbəti ildən gözlənilən qiymət bahalaşmalarından biri də metroda sərnişinlər üçün gediş haqqının artırılması ola bilər. Bunun üçün müəyyən zəmin hələ bu il iyulun 15-dən sonra elektrik enerjisinin qiymətinin artırılması zamanı yaranmışdı. O zamandan olan gözləntilərə 2017-ci ilin büdcə layihəsi son qoya bilər. Belə ki, 2017-ci il üçün büdcə layihəsinə görə, metropolitenə 30 milyon manat subsidiya ayrılacaq.

Bu isə o deməkdir ki, “Bakı Metropoliteni” QSC-yə sərnişin daşımadan yaranacaq zərərin ödənilməsi üçün gələn il üçün büdcədən ayrılacaq subsidiya bu illə müqayisədə 8 milyon manat və ya 22 faiz az proqnozlaşdırılıb. Beləliklə də yaranacaq ən azı 8 milyon manatlıq kəsir metroda gediş haqlarının artırılması yolu ilə ödənilə bilər. Çox güman ki, bu artım gələn il yanvarın 1-dən etibarən reallaşacaq. Yəqin ki, rəsmilər bu qərarı xüsusilə də Avropa və ABŞ-da olan qiymətlərlə müqayisə edib, əsaslandırmağa çalışacaqlar. Həqiqətən də dollarla ifadə olunan belə müqayisələr Azərbaycanda qiymətlər ucuzdur deməyə əsaslar yaradır. Amma bu zaman 3 məsələyə diqqət çəkmək lazımdır.

Birincisi, Azərbaycanda əhalinin orta aylıq gəlirləri beynəlxalq müqayisələrdə çox aşağıdır, belə olan halda müxtəlif ölkələrdə qiymətlər deyil, nəqliyyat xidmətinə sərf olunan xərclərin orta aylıq əmək haqqında xüsusi çəkiləri müqayisə olunmalıdır.

İkincisi, metroda gediş haqqı inflyasiya hesablamaq üçün təsdiq olunmuş 585 adda mal və xidmətdən ibarət istehlak səbətində xüsusi çəkisi ilk beşliyə daxil olan məhsul və xidmətlərin siyahısına daxildir. Belə olan halda da metroda gediş haqqının bahalaşmasının istehlak qiymətləri indeksinə artırıcı təsiri çox olacaq.

Nəhayət, onu da nəzərə almaq lazımdır ki, metroda gediş haqqının artırılması avtobusda və taksi xidmətində də gediş haqlarının bahalaşmasına gətirib çıxaracaq”. 

Ekspertlər bildirirlər ki, kommunal xidmətlərdə artım üçün zəmin olmayıb. Məsələn, elektrik xaricdən idxal olunmur. Daxildə istehsal olunur, onun da xammalı sudur. Elektrikin qiymətinin qalxmasına ehtiyac yoxdur. Yanacaq da Azərbaycanda istehsal olunur.