XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2016 - 15:18

Azərbaycanda böyük bahalaşmaya niyə start verildi? –Qubad İbadoğlundan açıqlamalar

Qubad İbadoglu-1

"Dünyada "Black Friday” qiymət endirimlərinin davam etdiyi günlərdə Azərbaycanda elektrik enerjisi, təbii qazın tariflərinin qaldırılması nə qədər təzadlı görsənsə də, Azərbaycanda böyük bahalaşmaya start verilib".

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, Tarif Şurasının qiymət siyasəti, həm iqtisadi və həm də sosial aspektlərinə görə ciddi tənqidə layiqdir:

"Tarif Şurasının yanaşması differensial deyil, ikili tarif yanaşmasıdır. Diferensiallıq "çox sayda müxtəliflik" deməkdir. Belə müxtəliflik, adətən, gecə və gündüz, iqisadiyyatın sahələri və ev təsərrüfatları, eləcə də adambaşına istehlakın normalar üzrə fərqli tarifləriylə ifadə olunur. Azərbaycanda isə saat qurşağını belə düzgün seçə bilməyən hökumət (hazırda havann işıqlnması səhər saat 7.30-dan sonra başlayır) məqsədli şəkildə əhalini elektrik enerjisindən istifadəyə sövq edir. 

Digər tərəfdən isə Tarif Şurasının son qərarı ilə əhali qrupu üzrə istehlakçılar üçün fərqləndirici səviyyənin 1 sayğaca görə 250 kilovat saat müəyyən edilməsi də iqtisadi cəhətdən əsaslandırılmayıb. Belə ki, bir çox ölkələrdə belə fərqləndirmə ailə üzvlərinin sayına müvafiq olaraq həyata keçirilir. Burda, təbii ki, başlıca məqsəd aztəminatlı əhalinin sosial vəziyyətinin ağırlaşmasının qarşısını almaqdır. 

Azərbaycanda tətbiq edilən norma 1 nəfərlik ailənin minimal istehlak normasına uyğun gəlsə də, ailə üzvlərinin sayı 2 və ondan çox olanların ən minimal ehtiyaclarını belə ödəmir. Hətta məcburi köçkünlər üçün adambaşına norma yay aylarında 100 kilovat, qış aylarında isə 200 kilovat, orta hesabla isə 150 kilovat müəyyən edilib.

Məcburi köçkünlər üçün uzun illərdir ki, tətbiq olunan normanı əsas götürərək Tarif Şurası elektrik enerjisinin tarif fərqləndirilməsi zamanı fərqləndirici normanı ailə başına deyil, adambaşına uyğunlaşdırmalı idi".

Ekspertin sözlərinə görə,  Azərbaycanda orta statistik ailənin 4-5 nəfər olduğunu nəzərə alanda, aylq norma belə differensiallaşdırılmalı idi: 

"1 nəfərlik ailə üçün 250 kilovat, 2 nəfərlik ailə üçün 300 kilovat, 3 nəfərlik ailə üçün 450 kilovat, 4 nəfərlik ailə üçün 600 kilovat, nəhayət, 5 və ondan çox üzvləri olan ailə üçün 750 kilovat.

Müqayisə üçün qeyd edim ki, Qırğızıstanda üzvlərinin sayndan asılı olmayaraq, 1 ailə üçün minimal tarif ayda 700 kilovatdır, Türkmənistanda hər ay adambaşına 35 kilovat, 1 ailə üçün minimal olaraq isə 100 kilovat elektrik enerjisi pulsuz verilir.

Onu da əlavə edim ki, əhali qrupu üçün Qırğızıstanda 1 kilovat elektrik enerjisi 1,1 sent, Qazaxıstanda 4,7 sent, Azərbaycanda isə yuxarı tarif üzrə 6,3 sentdir".

Ekspert bildirib ki,Tarif Şurasının son qərarı aşağıdakı fəsadlara səbəb olacaq:

"1) Yoxsulların sayı artacaq. Ev təsərrüfatlarının büdcə müayinəsi göstərir ki, ailədə uşaqların sayı artdıqca, yoxsulluq səviyyəsi daha da dərinləşir. Belə olan halda əslində ölkədə aztəminatlı təbəqələr əsasən ailə üzvlərinin sayı çox olanlar sayılır. Tarif Şurasının son qərarı isə bu mühüm sosial aspekti nəzərə almadan verildiyindən, ölkədə yoxsulluq həddindən aşağıda yaşayanların sayının sürətlə artımı müşahidə olunacaq.

2) Elektrik enerjisinin yığım səviyyəsi aşağı düşəcək. Qısa müddətli dövrdə yığım səviyyəsi sabit qalsa da, orta və uzun müddətli dövrdə elektrik enerjisinə görə boclu olan abonentlərin sayı artacaq. Bu isə satışı həyata keçirən qurumlarla əhali və qeyri-əhali qrupları arasına konfliktlər yaradacaq.

3) Əhalinin sosial-iqtisadi tərəqqinin nəticələrinə çıxışı pisləşəcək. Müasir məişət (qabyuyan, paltaryuyan və qurudan və s. ) və elektron (televezor, radio, kompyuter və s.) avadanlıqların istifadə səviyyəsinin aşağı düşməsi nəticəsində ev təsərüfatlarında sosial-iqtisadi tərəqqinin nəticələrindən bəhrələnmək səviyyəsi aşağı düşəcək.

4) İnflyasiya səviyyəsi yüksələcək. Eyni və digər bazarlarda qarşılqlı təsirlərdən və xərclərin artmasında qaynaqlanan faktorlar qiymətləri sürətlə bahalaşdıracaq. Qiymət artımı əvvəlcə elektrik enerji və qaz sərfiyyatı yüksək olan çörəkbişirmə, qənnadı, emal, poladəritmə və digər müəssisələrinin məhsullarını, eləcə də dəmiryolu, metro nəqliyyatının xidmətlərini bahalaşdırcaq. Ümumi qiymət səviyyəsi artdıqca, mobil rabitə xidmətlərindən tutumuş hotel xidmətlərinədək müxtəlif sahələrdə bahalaşma müşahidə olunacaq.

5) Sosial narazılıq artacaq. Düzgün olmayan differensiallaşdırma siyasəti sosial vəziyyətdən narazı qalanların əhatə dairəsini genişləndirəcək. İndi belələrinin sırasına diffensiallaşdırılmanın neqativ təsirlərinə məruz qalanlar da qoşulacaq".

Q. İbadoğlu sonda qeyd edib ki, elektrik enerjisinin qiymətinin bahalaşdırılması Asiya İnkişaf Bankı və Azərbaycan hökuməti ölkənin enerji paylama şəbəkəsinin bərpası və genişləndirilməsi məqsədilə 1 milyard dollar məbləğində investisiya proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən biri hesab oluna bilər:

"Çünki bu məqsədlə imzalanan anlaşma memorandumunda müvafiq qrurumlar qarşısına enerji bölməsində islahatarın aparılması tələbi qoyulub. Azərbaycan hökümətinə isə islahat deyəndə, o, yalnız qiymət artımını başa düşür".